Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Yetimlərə qayğı

Möminlərə sevinc bəxş etməklə yanaşı, islam dininin tövsiyə etdiyi xeyirxah işlərdən biri də yetim və kimsəsizlərin qayğısına qalmaq və onları himayəyə götürməkdir. Ata-anasını itirmiş kimsəsiz uşaqların qayğısına qalan müqəddəs islam dini bu məsələyə xüsusi diqqət yetirmişdir. Allah-taala Qurani-kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:

«Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi?!»

Sonra Peyğəmbərə (s) tövsiyə edərək buyurur:

«Elə isə yetimə zülm etmə!»

Bildiyimiz kimi, Peyğəmbər (s) dünyaya gəldiyi ilk gündən etibarən ata qayğısından məhrum qalmış və kiçik yaşlarından anasını itirərək yetimlik acısını dadmışdır. O Həzrət (s) yetim uşaqlara mehriban olmaqla yanaşı, onlara qayğı göstərər və müsəlmanlara kimsəsiz uşaqları öz himayələrinə almalarını və imkan daxilində onların məişətlərini təmin etmələrini tövsiyə edərdi. Bu haqda buyurardı:

"Allahın ən sevdiyi ev, o evdir ki, orada yetim bir uşaq hörmət və nəvazişlə yaşamış olsun".

"Yetim uşaqlara qarşı olduqca mehriban ol və bil ki, hər nə əksən, onu da biçərsən".

"Cənnətdə [olduqca gözəl] bir saray vardır. Ora fərəh və şadlıq adı ilə şöhrət tapmışdır. Oraya daxil olan şəxslər yalnız möminlərin yetim uşaqlara sevinc bəxş edən şəxslər olacaqdır".

"Üç nəfər yetim uşağı öz himayəsinə alan şəxs sanki gündüzlər oruc tutub, gecələri ibadətlə keçirmiş və səhərdən axşamadək Allah yolunda cihad etmişdir. (Sonra iki orta barmaqlarına işarə edib buyurdu): - Bunlar iki bacı olduqları kimi, qiyamət günü mən də onunla cənnətdə qardaş olacağam".

"Xeyirxahlıq ona deyərlər ki, insan Allaha xatir öz var-dövlətindən yetim uşaqlar və ehtiyacı olan yaxın qohum-əqrəbalarına sərf etmiş olsun".

Qurani-Kərim üç gün ardıcıl olaraq ailəsinin iftar yeməyini yoxsul bir kimsəyə verən Əlinin (ə) belə bir xeyirxah və insanpərvər əməlini bu gözəl ifadələrlə vəsf edir:

«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.

[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik».

Qurani-Kərimin başqa bir ayəsində buyurulur:

«Xeyr! [Belə deməyin]. Doğrusu siz özünüz yetimə hörmət etmirsiniz [yetimin haqqını vermirsiniz].

Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz».

«[Ya Peyğəmbər!] Dini [haqq hesab gününü] yalan hesab edəni [Əbu Cəhli] gördünmü?

O elə adamdır ki, yetimi itələyib qovar [haqqını verməz];

Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».

Diqqət yetirmək lazımdır ki, yetim və kimsəsizlərin, o cümlədən yoxsul və fəqirlərin maddi və mənəvi yardımdan məhrum olmaları dini nöqteyi-nəzərdən küfr və dinin özünün təkzib olunması hesab olunur.

Nəql olunmuş hədislərdə də müsəlmanlara yetim və yoxsullara maddi və mənəvi dayaq olmağa xüsusi diqqət yetirilmişdir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Allah-taala mehribançılıqla yetim bir uşağın başını sığallayan şəxsin əməl dəftərinə əlinin altındakı tükün sayı qədər savab yazar».

Peyğəmbərin (s) səhabələrindən biri deyir: «Bir gün Peyğəmbərin (s) yanında oturmuşduq. Bir oğlan uşağı Peyğəmbərin (s) yanına gəlib dedi:

- Atam vəfat etmiş, anam, mən və bacım yoxsulluq içində yaşayırıq. Allahın sənə bəxş etdiyi şeylərdən bizə də ehsan et ki, sənə öz tükənməz nemətlərindən razı qaldığın qədər əta etsin.

Peyğəmbər (s) üzünü oğlana tutub buyurdu:

- Necə də gözəl sözlər dedin!

Sonra Bilalı çağırıb buyurdu: "Evdə olanlardan bu oğlan üçün gətir".

Bilal evdən cəmi iyirmi bir dənə xurma gətirdi və onları Peyğəmbərə (s) verdi. Peyğəmbər (s) onları oğlana verib buyurdu:

- Yeddisi sənin, yeddisi ananın, yeddisi də bacının olsun.

Orada olanlardan Muaz ibn Cəbəl adlı bir şəxs ayağa qalxıb oğlanın başına sığal çəkib dedi: "Allah-taala səni atanın yerinə layiqli bir şəxs etsin". (Oğlanın atası mühacirlərdən idi).

Peyğəmbər (s) üzünü Muaza tutub soruşdu:

- Bunu etməkdə məqsədin nə idi?

Dedi: - Heç, sadəcə olaraq ona mehribanlıq göstərmək istədim.

Peyğəmbər (s) buyurdu:

- Sizlərdən hər hansı biriniz mehribanlıqla yetim və kimsəsiz uşaqları nəvaziş edib başına sığal çəkərsə, Allah-taala əlinizin altındakı tükün sayı qədər məqamınızı ucaldar və bütün pislikləri sizlərdən uzaq edər».

Həzrət Əli ibn Əbu Talib (ə) özünün xilafəti dövründə günlərin bir günü küçədə zəhmətlə su daşıyan bir qadınla rastlaşır. Əli (ə) kömək məqsədilə qadına yaxınlaşıb su dolçasını alıb onun evinə gətirir. Yolda qadının güzəranı ilə maraqlanır və ailəsinin hansı vəziyyətdə olduğu haqda soruşur. Qadın Əlini (ə) tanımadığı üçün deyir:

- Əli ibn Əbu Talib ərimi sərhəd məntəqələrini qorumaq üçün göndərdi və orada qətlə yetirildi. Əli uşaqlarımı yetim qoydu. Bunun üçün də uşaqlarımın və özümün təminatımı ödəyim deyə, başqalarına xidmətçilik etməli oluram. Həzrət Əli (ə) bir söz deməyib suyu qadının evinə gətirib öz evinə qayıtdı. Lakin iztirab və nigarançılıq hissi onu rahat buraxmadı. Beləliklə gecəni səhərədək oyaq qaldı. Həmin günün səhəri bir bağlama yemək hazırlayıb qadının evinə gətirdi. Həzrət Əli (ə) yolda səhabələrdən bir neçəsi ilə rastlaşır və onlar bağlamanı onun əvəzinə həmin evə aparmalarını istəyirlər. Lakin, Əli (ə) onlara cavab verərək buyurur: "Qiyamət günü mənim günahlarımı kim öz üzərinə götürəcək?!"

Əli (ə) nəhayət həmin dul qadının evinə çatır və qapını döyür. Qadın içəridən səslənərək - kimdir? - deyə soruşur. Əli (ə) cavab verir:

- Dünən sənin su dolçanı evinə gətirən şəxsəm. Qapını aç, uşaqların üçün bir qədər yemək gətirmişəm.

Qadın qapını açıb dedi:

- Allah səndən razı olsun və mənimlə Əli ibn Əbu Talibin arasında özü qəzavət etsin.

Əli (ə) içəri daxil olub buyurdu:

- Savab bir iş görmək istəyirəm. Bu iki işdən birini seç, ya mən uşaqlarını saxlayım, sən isə buğda üyüdüb çörək bişir, ya da uşaqları sən saxla, mən buğdanı üyüdüb çörəyi bişirim.

Qadın dedi:

- Yəqin ki, çörəyi mən səndən yaxşı bişirərəm. Elə isə uşaqlardan muğayat ol.

Qadın buğdanı üyüdüb xəmir yoğurduğu zaman Əli (ə) gətirdiyi ətdən bir qədər kabab bişirib uşaqları yedizdirməyə başladı. O, hər bir tikəni uşaqların ağzına qoyduğu zaman deyirdi:

- Oğul! Əli sizi çətinliyə saldığı üçün onu bağışlayın...

Xəmir hazır olduğu zaman qadın səsləndi:

- Ey Allah bəndəsi, təndiri qala ki, çörək bişirim.

Əli (ə) təndiri qalayıb üzünü şölələnən oda yaxınlaşdırıb buyurdu: "Əli, dad alovun dadını! Bu, dul qadınların və yetim uşaqların haqqını ödəməyən şəxsin cəzasıdır".

Elə bu zaman yaxın bir qonşu qadının həyətinə daxil olub Əlini (ə) görcək tanıdı və üzünü qadına tutub dedi:

- Vay sənin halına! Heç bilirsən kimi özünə xidmətçi tutmusan?! O, möminlərin əmiri Əli ibn Əbu Talibdir (ə).

Qadın Əlini (ə) tanıdıqdan sonra tələm-tələsik ona tərəf gəlib dedi:

- Xəcalətliyəm, ey Əmirəl-möminin!

İmam cavabında buyurdu:

- Xəcalətliyə qalsa, haqqınızı ödəmədiyim üçün sizin yanınızda xəcalətli olan mənəm.

Qurani-Kərimin bir çox ayələrində yoxsullara maddi yardım etdikdən sonra onlara minnət qoyulmamasını təkid edərək iman sahiblərinə bununla öz əməllərini batil etməmələrinə ciddi xəbərdarlıq edir:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla [özünü xalqa göstərmək üçün] sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...”