Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
Tarix
İmam Muhəmməd Təqi(ə)

İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Muhəmməd

Ləqəbi : Təqi və Cavad

Kunyəsi : Əbu Cəfər

Atası : Həzrət imam Rza (ə)

Təvəllüdü : Hicri 195-ci il

İmamlıq müddəti : 17 il

Ömrü : 25 il

Şəhadəti : 220-ci Hicri-qəməri ilində Mötəsimin əmri ilə zəhərlənmişdir.

Məzarı : İraq, Kazimeyn şəhəri.

TƏVƏLLÜDÜ

Səkkizinci imamın şərəfli ömründən qırx ildən çox vaxt ötsə də, hələ oğlan övladı dünyaya gəlməmişdi. Səbri daralan şiələr Allahdan bir oğlan övladını o Həzrətə əta etməsini diləyirdilər. Çünki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bəzən imamın hüzuruna gələrək o Həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdular. Həzrət (ə) isə onların cavablarında buyururdu: “Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır”.

Nəhayət 195-ci hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və Həzrət imam Muhəmməd Təqi (ə) Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin (s) həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.

Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.

İmam Rzanın (ə) bacısı Həkimə belə deyir: “Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən heyrətlənərək qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: “Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan”.

Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şəkk-şübhədən qurtarmışdı.

Bu barədə Növfəli belə demişdir: "Həzrət Rzadan (ə) Xorasan səfəri əsnasında “mənə görə bir əmriniz yoxdurmu?” - deyə soruşdum. Həzrət (ə) buyurdu: “Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan”.

İmam (ə) həmişə əshabına belə buyururdı: “Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun. Allah-taala Həzrət İsanı Əbu Cəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur.”

Doqquzuncu imam Həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. İmamın səhabələrindən biri bu barədə belə deyir: “Mədinədə o Həzrətin əmisi Əli ibn Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı onun ətrafına yığışıb məsələlərini ondan soruşurdular”.

Bir gün imam Muhəmməd Təqi (ə) məscidə gəldi və qoca kişi olan Əli ibn Cəfər ayağa qalxıb imamın əlini öpdü və elə ayaqüstə də durdu. İmam (ə) buyurdu: “Əmi, əyləş!” Əli ibn Cəfər isə belə dedi: “Siz ayaq üstündə olduğunuz vaxt mən necə otura bilərəm?!” Daha sonra Əli ibn Cəfər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər: “Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən?” Əli ibn Cəfər dedi: “Susun! İmamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tabe olmaqdır”.

İMAMIN (ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

Atası vəfat edən zaman imam hələ uşaq idi, lakin heç vaxt uşaqlar kimi hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o Həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən Həzrət (ə) narahat olub buyurdu: “Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq”.

Həzrət Rzanın (ə) şəhadətindən bir il sonra Məmun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Məmun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Məmun yaxınlaşıb “Ay oğlan, bəs sən niyə o biriləri kimi qaçmadın?” - deyə soruşduqda, həmin oğlan belə buyurdu: “Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəcəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi”.

Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu:

- Adın nədir?

Cavab verdi: - Muhəmməd.

- Kimin oğlusan?

- Əlinin oğlu.

- Sən Həzrət Rzanın oğlu deyilsənmi?

- Bəli.

Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.

İMAMIN (ə) QEYB ALƏMİ İLƏ OLAN ƏLAQƏSİ

İmam Rzanın (ə) şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdilər. Onlar yolüstü Mədinəyə gəlib imamın evinə də dəydilər. Hələ uşaqlıq dövrünü yaşayan imam (ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar və çox sevindilər. Onlardan İshaq adlı birisi deyir:

“Mən imamdan soruşmaq üçün bir neçə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı oluduğundan gedib sabah gəlmək istəyirdim ki, imamın gözü mənə sataşdı və belə buyurdu: “Ey İshaq! Allah istəyini qəbul etdi və sənə bir oğlan uşağı verəcəkdir. Adını Əhməd qoy”. Daha sonra məsələlərimin cavabını verdi. Soruşmadığım məsələlərin cavabını imamdan eşitmək məni olduqca heyrətləndirirdi və öz-özümə dedim ki, bizə bu neməti əta edən Allaha şükr olsun. Bu, Allahın höccətidir.

Mən öz şəhərimizə qayıtdım və çox keçmədən, imamın dediyi kimi, Allah mənə bir oğlan uşağı əta etdi ki, adını Əhməd qoydum”.

Əşəri Qummi isə deyir: “İmamın hüzuruna gedib dedim ki, sizin tərəfdarlarınızdan olan bir qadın məndən özünə kəfən etmək üçün sizin paltarlarınızdan birini ona aparmağımı istəyibdir. Həzrət (ə) buyurdu: “Onun artıq bu işə ehtiyacı yoxdur”. Mən imamın sözünü yaxşı başa düşməsəm də bir söz demədən xudahafizləşib getdim. Sonradan xəbərdar oldum ki, həmin qadın mən imamın hüzuruna getməmişdən bir neçə gün qabaq ölübmüş və imam da onun öldüyünü bildiyindən işarə ilə onun öldüyünü mənə bildirmək istəyibmiş”.

HƏZRƏT RZANIN ( ə ) ÖZ OĞLUNA MƏKTUBU

Bəzəndi deyir: “Bir gün Həzrət Rza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: “Övladım, eşitdiyimə görə qulluqçular icazə vermirlər ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsunlar. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. Sənə əmr edirəm ki, qapın hamının üzünə açıq olsun, qoy hamı gediş-gəlişdə sərbəst olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar.

Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyəti ilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək etmək və yardım etməyi unutma!”


İMAMIN (ə) EVLƏNMƏSİ

Məmun imam Rzanı (ə) zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəl ilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı, şiələr və ələvilər Məmunun bu cinayətini başa düşdülər. Elə buna görə də hər tərəfdə Məmunun əleyhinə üsyanlar baş qaldırdı.

Məmun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o Həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Məmun qəbul etməyib dedi: “Siz onu tanımırsınız. Əgər tanısaydınız, məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm”.

Abbasilər Yəhya ibn Əksəmin yanına gələrək ondan bir neçə məsələ hazırlayıb Məmunun məclisində imam Cavaddan (ə) soruşmasını istədilər. Yəhya onların istəyini qəbul etdi, onlar da Məmunun yanına gəlib Əksəmin razı olduğunu ona bildirdikdə Məmun bu iş üçün xüsusi bir gün təyin etdi. Abbasilər Yəhya ibn Əksəmlə birlikdə məclisə gəldilər. Təntənəli bir məclis qurmuşdular. Böyüklərin hamısı həmin məclisdə iştirak edirdilər. Bu arada imam məclisə daxil oldu, hamı ayağa qalxdı. O Həzrət, qabağa gəlib Məmunun yanında əyləşdi. İmama cavabını verə bilmədiyi suallar verilməsini tələb edən Məmun imama “Yəhya ibn Əksəm sizdən bəzi məsələləri soruşmaq istəyir” - dedi. Həzrət buyurdu: “İstədiyi məsələni soruşsun!”

Yəhya dedi: - Ehram paltarı geyib Allahın evinin ziyarətinə gedən və orada bir heyvan ovlayan şəxs barədə nə deyirsiniz?

Həzrət (ə) buyurdu: - Ey Yəhya, bu məsələnin müxtəlif şəkilləri var. Onlardan hansını soruşursan? Bu şəxs hərəmin içində imiş, yoxsa bayırında? Bu işin haram olduğunu bilirmiş, ya yox? Heyvanı qəsdən öldürüb, yoxsa səhvən? Qul imiş, ya azad?

Bu işindən peşman olub, yoxsa işinə davam etmək istəyir? Heyvanı gecə ovlayıb, ya gündüz? Birinci dəfə imiş, yoxsa ikinci, yaxud üçüncü dəfə? Heyvan quş imiş, ya yox? Böyük imiş, ya kiçik?

İmamın məsələni bu cür xırdalaması Yəhyanı çaş-baş etdi və məğlubiyyət nişanələri üzündə aşkar olaraq dili tutuldu. Məclisdə olanların hamısı imama afərin dedilər. Sonra Həzrət (ə) Yəhyaya belə buyurdu: - Mən də sizdən bir məsələ soruşmaq istəyirəm.

Yəhya dedi: - Buyurun, əgər cavabını bilsəm, deyərəm. Əgər bilməsəm, sizdən eşidib istifadə edərəm.

İmam (ə) Yəhyadan bir məsələ soruşdu. Hamı susub Yəhyanın cavab verməsini gözləyirdilər. Abbasilər və Məmunun tərəfdarları narahatlıqdan titrəyir və öz-özlərinə deyirdilər: Əgər Yəhya cavab verə bilməsə, hamımız rüsvay olacağıq və imamın nüfuzu daha da artacaq.

Elə bu vaxt saray alimi utandığından başını aşağı salıb belə cavab verdi: “Məsələnin cavabını bilmirəm. Özünüz buyurun, biz də istifadə edək!”

İmam (ə) da gözəl bir dəlillə cavabı deyib dostları şad, düşmənləri isə qəmgin etdi.

Bu vaxt Məmun Abbasilərə xitab edib dedi: “Sizin aranızda belə məsələlərə cavab verə bilən bir şəxs vardırmı?”

Cavab verdilər: “Allaha and olsun ki, yoxdur”.

Sonra Məmun elə həmin məclisdə qızı Ümmü Fəzli imama (ə) ərə verdi.

İMAMIN (ə) ELMİ MƏQAMI

Əvvəlki səhifələrdə imamın Məmunun məclisində məşhur saray alimini məğlub edərək bütün alimlərin diqqət mərkəzinə çevrildiyini bəyan etmişdik. Bu bölmədə isə Məmunun qardaşı, Abbasi xəlifəsi Mötəsimin məclisində baş vermiş əhvalatı qeyd edirik. Bu hadisə saray alimlərini o qədər qəzəbləndirdi ki, hətta Mötəsimi imamı öldürmək üçün təhrik etdilər.

Həmin əhvalat belə baş vermişdi. Bir oğrunu cəzalandırmaqdan ötrü Mötəsimin məclisinə gətirdilər. Lakin o, əvvəlcə məclisdəki alimlərdən öz nəzərlərini bildirmələrini istədi. Bu arada onların rəisi olan məşhur bir alim elə bir rəy söylədi ki, Mötəsim onun sözünü qəbul etmədi. Məsələni həll etmək üçün imam Cavadı (ə) da həmin məclisə dəvət etdilər. Həzrət məclisə gəldikdə alimlərin hamısı imamın ehtiramına ayağa qalxdılar. Həzrət (ə) onların arasında əyləşib Quran və Peyğəmbərin (s) hədislərinə əsasən oğrunun cəzasını müəyyən etdi.

Mötəsim imamın hökmünü qəbul edib, həyata keçirilməsini əmr etdi. Məğlub olduqlarından olduqca narahat olan alimlər, imam gedəndən sonra Mötəsimin yanına gəlib dedilər: “Siz bu işiniz ilə bizi məhkum edib şiələrə qiymət verdiniz. Şübhəsiz camaat başa düşəcəkdir ki, siz və bizim hamımız haqsız, imam və onun ardıcılları isə haqlıdırlar”.

Bu sözlər Mötəsimə bərk təsir etdiyindən imamı öldürmək qərarına gəldi.

MƏMUNUN SONU

Misirdə Məmuna qarşı qiyam qaldırıldı. Məmun da bu qiyamı yatırtmaq üçün hərəkət edib onu məğlubiyyətə uğratdıqdan sonra Rumu fəth etdi və tutduğu əsirlərlə bərabər geri döndü. Qayıdarkən Rəqqə adlı bir yerə çatdı. Orada Qüşəyrə adlı bir bulaq var idi, ab-havası xoş olduğuna görə çadır qurub orada bir müddət qalmaq istədiyini bildirdi. Məmun orada xəstələndi. O, Rəqqə və Qüşəyrənin mənasını öyrənəndən sonra bunun nəsh olduğunu güman etdi. Çünki, bir gün Rəqqə adlı bir yerdə öləcəyini eşitmişdi. Buna görə daha da narahat olub bir müddət titrədi və elə orada öləcəyini anladı.

Nəhayət Məmun neçə gün xəstəlikdən sonra orada öldü. Onun ölümündən sonra napak və qəsavətli qardaşı Mötəsim onun yerində oturdu və imam Cavadı (ə) Mədinədən Bağdada gətirdi ki, o Həzrəti yaxından nəzarət altında saxlaya bilsin.

İMAMIN (ə) SƏHABƏLƏRİ

İmam Cavadın (ə) zamanında şərait çox pis olduğundan daha az tələbə yetişdirildi. İmamın görkəmli tələbələrindən bəzisi bunlardır:

1. Əli ibn Məhziyar. O, imamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır, Əhvazda yaşayırdı. Əhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. İbn Məhziyar axırda elə bir yüksək məqama çatdı ki, imam onun haqqında belə yazdı: “Allahın adı ilə. Ey Əli! Allah sənə yaxşı bir mükafat verəcək, səni öz cənnətində yerləşdirəcək və iki aləmin nemətlərindən faydalandıracaqdır. Mən xeyirxahlıq və xidmətdə sənin kimi olan kimsəni görməmişəm”.

2. Əbu Nəsr Bəzənti. O, Kufə əhalisindən və imamın xüsusi əshabından idi. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edirdilər. O, imam Rzanın (ə) hüzuruna yetişən və imamın ona xüsusi hörmət bəslədiyi şəxsdir.

3. Zəkəriya ibn Adəm: Qum əhalisindən və imamın dəyərli əshablarından biri idi. Qəbri Qum şəhərindədir.

O, imamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıtdığı şəxsdir. Əshabından birisi “mənim yolum uzaqdır, buna görə də din əhkamını sizdən soruşa bilmirəm” - dedikdə, imam (ə) buyurmuşdu: “Din və dünya işlərində mənim əminim olan Zəkəriya ibn Adəmlə məsləhət et!”.

İMAMIN (ə) ŞƏHADƏTİ

İmamın şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi İbn Şəhr Aşub bu barədə belə yazıbdır: “Mötəsim imama qarşı bəslədiyi kin-küdurət üzündən imamın arvadı Ümmü Fəzli o Həzrəti öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli imamı zəhərləyib şəhid etməyə vadar etdi. O Həzrət (ə) 220-ci hicri ilinin Zilhəccə ayının 6-da çərşənbə axşamı günü 25 yaşında ikən, şəhid olundu. Pak bədənini babası imam Musa Kazimin (ə) qəbrinin yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır».