Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (2)
Qazanc əldə etməyin qayda qanunları

Artıq mə’lum oldu ki, islam dini, başqalarına möhtac olmasın deyə, hər bir şəxsin özünün və ailə üzvlərinin məişət ehtiyaclarını tə’min etməsini yüksək qiymətləndirmiş və ailəsinin keşiyində duran şəxslərə Allah yolunda cihad edən mücahidlərin savabına nail olacaqlarına müjdə vermişdir.

Bu dərsimizdə hər şeydə olduğu kimi, iş və qazanc əldə etməkdə hansı qayda-qanunlara riayət etmək haqda söhbət açacağıq. Bu tanışlıq məşğul olduğumuz sahələrin və bu yolla əldə etdiyimiz qazancın halal və ya haram olduğunu müəyyən etməyimizə imkan verir. O ki qaldı ümumi kütləyə, onlar da qeyri-qanuni yollarla qazanc əldə edən şəxslərə qarşı mənfi münasibət bəsləyəcək və tez bir zamanda onlarla öz əlaqələrini kəsməli olacaqlar. Bu dərsimizdə bu qayda-qanunların bə’ziləri ilə ümumi tanışlıq əldə edəcəyik.

ŞƏ R’İ HÖKMLƏRLƏ TANIŞLIQ

İstər ticarət, istərsə də qazanc məqsədilə fəaliyyət göstərilən digər sahələrdə hər şeydən əvvəl şər’i qanun və hökmləri nəzərə almaq lazımdır. Bildiyimiz kimi, islam nöqteyi-nəzərindən bə’zi malların alqı-satqısı, müamiləsi, həmçinin bə’zi xidmətlərin göstərilməsi haram və yolverilməzdir. İstər alıcının, istərsə də satıcının üzərinə müəyyən hüquq və vəzifələr düşür. Bunun üçün də ticarət etməzdən əvvəl hər bir şəxs şər’i qanunlarla ümumi tanışlıq əldə etməlidir. Əks təqdirdə alqı-satqıda harama yol verilərək kimlərinsə hüququ tapdalanacaqdır. Əli (ə) bu haqda buyurur: «Şər’i qanunlarla tanış olmadan ticarət edən şəxslər sələm bataqlığında qərq olacaqlar».

Başqa bir hədisdə buyurur: «Şəriət qanunları ilə tanışlığı olmadan ticarət edən şəxslər sələm bataqlığında qərq olacaqlar. Elə isə [ticarət qanunlarından] mə’lumatı olmayan şəxslərlə bazarlarda ünsiyyətdə olmayın».

Əsbəğ ibn Nəbatə deyir: Əli (ə) minbərdə xütbə oxuyarkən etdiyi tövsiyələrin birində bu məsələyə toxunaraq buyurdu: «Ey tacirlər! Əvvəl fiqh, sonra ticarət, əvvəl fiqh, sonra ticarət! And olsun Allaha! Sələmin sizlərin arasında nüfuz etməsi qarışqanın qayanın üzərində yeriməsindən daha gizlidir. Öz var-dövlətinizi sədəqə verməklə qoruyun. Öz haqqını götürüb başqalarının haqqını verənlərdən savayı, digər tacirlər günahkar, günahkarlar isə Cəhənnəm odunda sakin olarlar».

Bu səbəbdən də ticarət və digər müamilələrə aid olan şəriət qanunları bir çox fiqh kitablarında ətraflı izah olunmuşdur. Ticarət və müamilənin ən başlıca şərti isə qazancın halal və qanuni olmasıdır.

M ÖHTƏKİRLİK

Ticarət və iqtisadiyyat əlaqələrinin bərqərar olmasında mənfi hallardan biri də möhtəkirlikdir. Möhtəkirlik, qiymətləri qaldırmaq məqsədilə camaatın tələbat mallarını satışa buraxmayıb anbarlarda saxlamağa deyirlər. Müəyyən müddətdən sonra gizli saxlanılan mallar yenidən satışa buraxılır və tacirlər böyük gəlir əldə etmək imkanı əldə edirlər.

Peyğəmbər (s) bu haqda buyurur: «Yemək şeylərini (ərzaq mallarını) qırx gün gizli saxlayan şəxslər sanki Allahdan, Allah da onlardan bezar olar».

Əli (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Camaatın yemək azuqəsini qırx gün gizli saxlayanların qəlbləri daş parçasına çevrilər».

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir:

«Yemək mə’mulatlarını alıb, həmin gün satan şəxslər sanki sədəqə vermiş olurlar».

Bütün bunları nəzərə alaraq ticarət və alış-verişlə məşğul olan təqva və iman sahibləri yemək və digər mə’mulatları gizli saxlayaraq möhtəkirliklə məşğul olmaqdan çəkinərlər. Öz təqva və imanı ilə şöhrət tapmış keçmiş tacirlərin biri haqda deyilir: «Bəsrədəki nümayəndələrinin birinə satmaq üçün mal göndərir. Günlərin bir günü bir qədər buğda əldə edib gəmi ilə Bəsrəyə yola salır və göndərdiyi məktbuda yazır: Buğda Bəsrəyə çatan kimi yubatmadan həmin günün qiymətinə sat!

Gəmi Bəsrəyə cümə axşamı çatır. Tacir yoldaşları ona deyirlər ki, əgər buğdanı sabah (cümə günü) satsan, daha çox qazanc əldə edərsən. O, yoldaşlarının tövsiyələrinə qulaq asaraq səhəri günü gözləyir. Buğdanı satıb öz yoldaşına gördüyü işlər haqda mə’lumat verir. Mö’min tacir məktubun cavabında yazır: Ey dost! Dinimi qorumaq üçün az qazanca qane idim, sən isə mənim dediyimə əməl etmədin. Bunu mənə qarşı bir cinayət hesab etmək olar. Istəməzdim neçə bərabər və ya yüzə-yüz qazanc əldə etməklə dinimə xələl gəlsin. Məktubumu oxuduqdan sonra əldə etdiyin qazancı Bəsrənin yoxsul və ehtiyacı olanlarına sədəqə ver! Bəlkə düçar olduğum möhtəkirlik günahından əfv olunum».

DUA V Ə ZİKR

Peyğəmbər (s) və mə’sum imamlar (ə) daim öz davamçılarına tövsiyə etmişlər ki, ticarət və qazanc məqsədilə evlərindən çıxdıqları zaman Allahın adını zikr edib bütün işlərini Onun adı ilə başlasınlar. Camaatla müamilə etdikləri müddət ərzində Allahın razılığını qazanmağa çalışmalı və bilməlidirlər ki, Allah onların gördükləri bütün işlərin, rəftar və davranışlarının şahididir. Peyğəmbər (s) buyurur: «İnsanlar qəflət içində olduqları zaman, ixlas və iman üzündən Allahı xatırlayıb onlarla Allahın kitabında olduğu kimi müamilə edərsə, [əməl dəftərlərinə] min savab yazılar və kimsənin təsəvvür edə bilməyəcəyi dərəcədə Allahın rəhmət dərgahından bəhrələnmiş olarlar».

İmam Baqir (ə) alış-verişlə məşğul olan səhabələrinə bu duanı oxumalarını tövsiyə edərdi: «İlahi! Səndən bazarın və bazar əhlinin xeyrini istəyirəm». Ticarət etdikləri yerlərə girdikləri zaman isə bu duanı oxumağı tövsiyə edərdi: «Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, O, təkdir və şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir. İlahi! Mən Sənin fəzlindən pak və halal ruzi istəyirəm və kimsəyə zülm etməkdən və kimsənin mənə zülm etməsindən, ziyankar və yalan yerə and içən şəxslərdən Sənə pənah gətirirəm».

Bunu da qeyd edək ki, tacirlər alış-verişlə məşğul olmaqla dini hökmlərin yerinə yetirilməsində süstlük göstərməməli və daim Allaha təvəkkül edərək Onu yad etməlidirlər. Əvvəlki dərsimizdə qeyd etdik ki, Qur’an daim Allahı yad edən tacirləri mədh edərək, bunu əməlisaleh insanların xüsusiyyəti kimi qeyd etmişdir.

MAL IN TƏ’RİFLƏNMƏSİNDƏ AND İÇMƏKDƏN ÇƏKİNMƏK LAZIMDIR

Alış-veriş zamanı alıcını qane etmək məqsədilə and içmək tacirlər üçün müsbət xüsusiyyət hesab olunmur. Ümumiyyətlə maddi və dəyəri az olan şeylər üçün and içməkdən çəkinməyə tövsiyə olunur. And içməyə isə yalnız böyük əhəmiyyət kəsb edən məsələlərdə icazə verilir. Bəqərə surəsinin 224-cü ayəsində bu haqda deyilir:

«Allahı [Allahın adını] hədəf [dəstaviz] etməyin...!»

Bunun üçün də maddi məsələlərdə, xüsusilə alqı-satqıda malın qiymətini aşağı-yuxarı etməkdə, Allaha və ya müqəddəs şəxsiyyətlərə and içmək bəyənilməyən və xoşagəlməz xüsusiyyətlərdəndir. Peyğəmbər (s) bu haqda buyurur: «Alış-veriş etmək istəyən şəxslər sələm verməməli, and içməməli, malın eyb və nöqsanını gizlətməməli, satdığı zaman malı [həddindən artıq] tə’rifləməməli və mal aldığı zaman dəyərini aşağı salmamalıdır. Əks təqdirdə, alış-veriş etməməlidir».

İmam Musa Kazim (ə) buyurur: «Allah-taala qiyamət günü bu üç şəxsə nəzər salmaz. Onlardan biri Allaha and içmədən al-ver etməyən və gəlir əldə etmək məqsədilə Allahı dəstaviz tutan şəxslərdir».

And içmək deyildikdə, bu kimi hallarda doğru andlar nəzərdə tutulur. Lakin buna baxmayaraq, and içmək olduqca xoşagəlməz xüsusiyyətlərdən hesab olunur. İnsan yalan yerə and içdikdə isə böyük günahlardan birinə düçar olmuş olur.

Müştərinin diqqətini cəlb etmək məqsədilə malın [həddindən artıq] tə’riflənməsi də islam nöqteyi-nəzərindən mənfi və bəyənilməyən hallardandır. Çünki tə’rif edərkən deyilən xüsusiyyətlər malda olmazsa, yalana yol verilmiş olur. Mal həmin xüsusiyyətlərə malik olduqda isə müştəri özü bunun şahidi olduğu üçün satıcının dedikləri puç və mə’nasız olacaqdır. Həmin xüsusiyyətlər bəlli olmadıqda isə onu aşkara çıxarmağın heç bir nöqsanı yoxdur. Necə olursa-olsun, malın xüsusiyyətləri haqda deyilənlər həqiqətdən artıq olmamalıdır. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə qeyd olundu ki, alış-verişlə məşğul olan şəxslər malın tə’riflənməməsinə diqqət yetirməlidirlər.

MAL IN EYB VƏ NÖQSANI AŞKARA ÇIXARILMALIDIR

Satıcı malını həddindən artıq tə’rifləməməli olduğu kimi, onun eyb və nöqsanlarını da aşkara çıxarmalıdır. Belə ki, islam nöqteyi-nəzərindən malın eyb və nöqsanlarını gizli saxlamaq al-verdə aldatmaq hesab olunur. Nəql olunmuş rəvayətlərin birində deyilir: Peyğəmbər (s) bazarda olduğu zaman buğda satan bir şəxslə qarşılaşır. Buğdanın zahiri görünüşü Peyğəmbəri (s) özünə cəlb edir. Lakin əlini içinə saldıqda buğdanın nəm olduğunu hiss edir. Bunun nə üçün belə olduğunu soruşduqda satıcı cavab verir: Üzərinə yağış yağmışdır. Peyğəmbər (s) soruşur: Elə isə nə üçün onları üstə qoymamısan ki, camaat görsün. Ticarətdə hiylə işlədən şəxslər bizdən deyillərr».

İ NSAF

Alış-veriş zamanı insaflı olmaq hər şeydən daha çox əhəmiyyət kəsb edir. Qazanc əldə etməkdə və malın üzərinə qiymət qoyduqda ədalətli olmaq gərəkdir. Satıcı müştərinin mala olan ehtiyacını görüb daha çox qazanc əldə etmək məqsədilə baha satmamalı və eyni zamanda alıcı da satıcının məcburiyyət üzündən malını satdığını gördükdə onu daha ucuz qiymətə alaraq çıxılmaz vəziyyətə salmamalıdır. Hər iki hal islam nöqteyi-nəzərindən başqalarının hüququnun tapdalanmasına səbəb olduğu üçün yasaq və haram hesab olunur.

Nəql olunmuş rəvayətlərdən birində deyilir: İmam Sadiq (ə) min dinar pulu Məsadif adlı xidmətçilərindən birinə verib ticarət məqsədilə tacirlərlə birlikdə Misrə göndərir. Ticarət karvanı Misrə yaxınlaşdıqda oradan başqa bir karvanın çıxdığını görürlər. Onlardan alış-verişin nə yerdə olduğunu soruşduqda başa düşürlər ki, həmin mallar Misir bazarlarında çox az tapılır. Bunun üçün də onlar öz aralarında söz qoyaraq belə qərara gəlirlər ki, gətirdikləri malları iki bərabərindən ucuz satmasınlar. Tacirlər mallarını sözləşdikləri qiymətə satıb Mədinəyə qayıdırlar. Məsadif imam Sadiq (ə)-ın yanına gəlib iki kisə min dinar pulu onun qarşısına qoyub deyir: Canım sənə fəda olsun! Bu kisələrdən biri əlimizdə olan maya, digəri isə ondan əldə etdiyimiz gəlirdir. İmam Sadiq (ə) təəccüblə soruşur: Əldə etdiyin qazanc çoxdur. Malları necə satmısınız? Məsadif hər şeyi ətraflı surətdə imam Sadiq (ə)-a izah edir. İmam Sadiq (ə) heyrətə gələrək deyir: Sübhanəllah! Söz qoyaraq müsəlmanlara malları iki bərabərinə satmısınız? Sonra imam Sadiq (ə) pul kisələrindən birini götürüb buyurur: Əldə etdiyin gəlirə heç bir ehtiyacım yoxdur. Gedərkən üzünü Məsadifə tutub buyurdu: Ey Məsadif, qılınc zərbələrinə dözmək halal qazancdan daha asandır. (Yə’ni, halal ruzi çətinliklə əldə olunur.)

YOXSUL V Ə İMKANSIZLAR NƏZƏRƏ ALINMALIDIR

İslamın bu barədə tövsiyə etdiyi şeylərdən biri də yoxsul və imkansız təbəqənin nəzərə alınmasıdır. Satıcı bu kimi şəxslərin maddi vəziyyətinin ağırlığını görüb onlara qarşı təhqirlə yanaşmamlı və əliboş geri qaytarmamalıdır. Qiyməti aşağı salmaq, nisyə vermək, borcların qaytarılmasına fürsət vermək və bu kimi güzəştlərə getməklə onlara kömək etməyə çalışmalıdır. Peyğəmbər (s) bu kimi şəxsləri alqışlayaraq buyurur: «Allah rəhm etsin alış-verişdə güzəştə gedən şəxslərə».

Başqa bir yerdə buyurur: «Borcu olan şəxslərə fürsət verən və ya borcunu istəməyən şəxsləri Allah-taala asanlıqla sorğu-sual edər».

MAL IN SAXTALAŞDIRILMASI

Satılan malın xarab olması, müamilə zamanı saxta pul verilməsi oğurluq hesab olunduğu üçün alış-verişdə yolverilməzdir. Belə ki, bir çox hallarda təqva sahibləri satdıqları malın xarab olduğunu gördükdə, ziyana düşmələrinə baxmayaraq, satılmasına razı olmamışlar.

DƏRSİN XÜLASƏSİ

İslam nöqteyi-nəzərindən hər şeydə olduğu kimi ticarət, alış-veriş və aparılan müamilələrdə bir sıra şəriət qanunlarına riayət olunmalıdır. Bu hallarda əxlaqi və şər’i me’yarlar meydana gəlir. İstər alıcının, istərsə də satıcının üzərinə müəyyən vəzifələr düşür və onlar bu vəzifələrin öhdəsindən yalnız şəriət qanunları ilə tanış olduqdan sonra gələ bilərlər.

SUAL VƏ TAPŞIRIQLAR

1. İmamlar nə üçün ticarətlə məşğul olmazdan əvvəl fiqhi qanunları öyrənməyi zəruri hesab etmişlər?

2. İslam dinində möhtəkirlik nə üçün haram hesab olunur?

3. Alış-veriş zamanı and içmək olarmı?

4. Satıcının üzərinə düşən vəzifələri ixtisarla bəyan edin.