Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
Tarix
İmam Rza (ə)

İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Əli

Ləqəbi : Rza

Kunyəsi : Əbül-həsən

Atası : Həzrət imam Musa Kazim (ə)

İmamlıq müddəti : 21 il

Ömrü : 55 il

Vəfatı : 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi

Məmun tərəfindən zəhərlənmişdir.

Məzarı : İran, Məşhəd şəhəri.

TƏVƏLLÜDÜ

148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində Musa ibn Cəfərin (ə) evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı.

Bu körpənin adını Əli, ləqəbini isə Rza qoydular. İmamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı.

Uşaqlıq çağından etibarən atası imam Kazim (ə) ilə birlikdə idi. İmam Musa Kazim (ə) həmişə öz əshabına belə buyurardı: “Məndən sonrakı imam, budur”.

Bu barədə Məxzumi belə demişdir: “Günlərin bir günündə Musa ibn Cəfər (ə) bizi çağırıb “sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız” - deyə buyurdu”.

İmamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: “Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa”.

İMAMIN (ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

Məsum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum şeyx Səduq, İbrahim ibn Abbasdan nəql edərək belə yazmışdır: “İmam Rzanın (ə) sözlə bir kimsəyə zülm etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı”.

Muhəmməd ibn Əbi İbad, imam (ə) haqqında belə deyir: “Həzrət (ə) yayda həsirdən, qışda isə yun xalılardan istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi.

Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, imam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: “Biz qonaqlarımızı işlətmərik”.

İmamın xidmətçisi Yasir deyir: “İmam (ə) bizə belə buyurardı: “Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın”. İmamın əshabından olan başqa bir nəfər isə o Həzrətin əxlaqı barəsində belə deyibdir: “Bir gün yad bir adam imamın evinə gəlib: “Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm” - dedi. İmam (ə) qalxıb o biri otağa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: “Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir”.

İmamdan “belə etdin ki, səni görməsin?” - deyə soruşdular. İmam (ə) onların cavabında belə buyurdu: “Belə etdim ki, gözü mənə sataşıb utanmasın”.

İmamın əshabından olan Süleyman deyir: “Bir gün Həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada imamın tanımadığı özgə bir kişi də var idi. İmam (ə) buyurdu: - Bu kişi kimdir?

Dedilər: - Onu bizə kömək etmək üçün gətirmişik.

- Onunla müqavilə bağlayıb muzdunu təyin etmisinizmi?

- Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz.

İmam (ə) bu sözdən çox narahat olub buyurdu: “Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzdunu təyin edin. Çünki muzdu təyin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu təyin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz.”

QÜRURLANMA

Əhməd Bəzənti öz zəmanəsinin tanınmış alimlərindən idi. O, Həzrət Rzaya (ə) məktublar göndərib, o Həzrətdən cavablarını aldıqdan sonra Həzrətin imamlığına etiqad bəsləmişdi. Bir gün Bəzənti imama (ə) belə dedi: “Xəlvət bir saatda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm”.

Həzrət (ə) da onun istəyini qəbul edib, hətta öz miniyini də Bəzənti üçün göndərdi. O gün gecəyarısına qədər bir-birləri ilə elmi mübahisə apardılar və Bəzənti öz müşkül məsələlərini imamın məclisində həll etdi.

Yatmaq vaxtı çatanda imam (ə) xidmətçisini çağırıb buyurdu: “Mənim şəxsi yatağımı gətirib mənim yanımda böyük məqama malik olan qonaq üçün sər ki, istirahət etsin!”.

İmamın sözləri Bəzəntini şişirtdi, ürək quşu havalandı və öz-özünə belə dedi: “İmamdan sonra dünyada mən hamıdan yaxşıyam. Bu mənəm ki, imam öz miniyini mənim üçün göndərdi, öz yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir”.

Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən imam (ə) otağa qayıdıb ona buyurdu: “Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Həzrət Əlinin (ə) dəyərli əshabından olan Səsəə xəstələndikdə onu görmək üçün yanına gedib saatlarla ona nəvaziş göstərdikdən sonra məğrur olmaması üçün buyurdu:

“Əziz dost, bu gördüklərini əsla özünə qurur vəsiləsi edərək “mən beləyəm, mən eləyəm, imam mənə məhəbbət göstərdi” - deyə məğrurlanma. Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm”.

Bəzənti belə deyir: “Həzrət bu əhvalatı danışaraq, mənə yanıldığımı başa saldı. Ondan sonra belə qərara gəldim ki, heç vaxt batili fikr etməyim, öz niyyət və əməllərimə diqqət yetirim”.

Bəlx əhalisindən olan bir kişi deyir: “Həzrət Rza (ə) ilə Xorasan səfərində idik. Süfrə salındıqda o Həzrət əmr etdi ki, hamı gəlib süfrə başında otursun. Dedim: “Qurbanın olum, icazə ver qulların süfrəsini ayırım”. Həzrət (ə) belə buyurdu: “Sus. Bunu bil ki, heç birimiz başqasından üstün deyilik. Bizim Allahımız birdir, ata-anamız birdir. Biz yalnız təqvamıza görə bir-birimizdən fərqlənə bilərik”.

Cabir Zəhhak belə deyir: “Məmunun əmri ilə Həzrəti Mədinədən Mərvə gətirirdim. Allaha and olsun ki, imamın xidmətində olduğum bu müddət ərzində o dərəcədə təqvalı və pak bir kişi görməmişdim”.

İMAM RZA ( ə ) QARDAŞ NƏSİHƏTİ

Həzrət Rza (ə) Xorasana dəvət olunub bir sıra şərtlərlə Məmunun vəliəhdi olmağı qəbul etmək məcburiyyətində qaldığı zaman Mədinədə qiyam edən qardaşı Zeyd də Məmunun əmri ilə Xorasana gətirildi. Məmun imamın hörmətinə onu azad buraxıb cəzalandırmadı.

Bir gün izdihamlı bir məclisdə imam (ə) xalqa söhbət edərkən eşitdi ki, Zeyd məclisin bir bucağında oturub özünü tərifləyir və “mən eləyəm” - deyir. İmam (ə) dedi: “Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan?! Bu sözlər nədir ki, deyirsən? Əli (ə) ilə Zəhranın (s.ə) övladları ancaq Allahın əmrinə təslim olduqları və özlərini günahdan uzaq saxladıqları zaman dəyərli və üstün sayılarlar. Olmaya belə güman edirsən ki, Musa ibn Cəfər, Həzrət Səccad və başqa imamlar kimisən?! Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi?! Bunu bil ki, əgər bizim Əhli-beytimizdən olan bir şəxs yaxşı iş görərsə, iki qat savab aparar. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin (s) hörmətini saxlayıbdır. Lakin əgər pis iş görsə və bir günah etsə, iki günah qazanıbdır: biri budur ki, başqaları kimi pis iş görüb, o birisi də budur ki, Peyğəmbərin (s) abrını aparıbdır.

Ey qardaş! Hər kim Allaha itaət etsə, biz Əhli-beytdəndir, lakin günahkar olsa, bizdən deyildir. Necə ki, Allah-taala, öz mənəvi əlaqəsini atası ilə qıran Nuhun oğlu barədə buyrub: “O, sənin nəslindən deyildir. Əgər sənin nəslindən olsaydı, ona nicat verərdik”.

Şeyx Səduq, Həsən Növfəlidən belə nəql edibdir: “Məmun dünyanın müxtəlif din alimlərini yığaraq bir məclis qurmağı, imam Rzanı (ə) da bu yığıncağa dəvət etməyi və onu elmi baxımdan etibarsız edərək nüfuzunu aradan aparmağı planlaşdırmışdı. Məmun həmin yığıncağı təşkil etmək əmrini vəziri Fəzl ibn Səhlə verdi. Məmun adam göndərib imam Rzanı (ə) da həmin məclisə dəvət etdi. İmam (ə) yığıncaqda iştirak etməkdən əvvəl evindən çıxanda Həsən Növfəliyə belə buyurdu:

“Bilirəm ki, Məmunun bu yığıncağı qurmaqda məqsədi nədir. Amma bunu da bil ki, xristianlarla öz kitablarından, yəhudilərlə Tövartdan, məcusilərlə də farsca danışdığım zaman Məmun bu işdən peşman olacaq”.

İmamın dediyi kimi də oldu. İmam məclisə girəndə hamı onun ehtiramına ayağa qalxdı. Həzrət (ə) Məmunun yanında əyləşdi. Məmun xristianların böyük ruhanisi Casəliqə “istədiyin sualı ver” - dedi. Casəliq belə dedi: - İsa haqqında nə bilirsən?

İmam (ə) buyurdu: - Bizim etiqadımıza görə İsa (ə) Allahın peyğəmbəri olub.

Casəliq dedi: - Öz peyğəmbərinizin nübuvvətinə dair dəliliniz nədir?

İmam (ə) buyurdu: “Məgər İncildə oxumamısan ki, Yuhənna İsanın belə buyurduğunu nəql edir: “Məndən sonra keçmiş peyğəmbərlərin dinini kamilləşdirəcək bir peyğəmbər gələcəkdir”.

- Oxumuşam. Amma onun kim olduğunu və harada olacağını deməyibdir.

Həzrət (ə) buyurdu: - Sənə İncil kitabından oxumağımı istəyirsənmi?

- Oxu.

Həzrət (ə) üçüncü bölməni oxuyub İsanın belə buyurduğu yerə çatdı. “Mən sizin Pərvərdigarınıza doğru gedəcəyəm və Barqilita, (yəni Muhəmməd) sizə doğru gələcək və küfrü məğlub edəcəkdir”.

Casəliq susub heç bir söz demədi. Sonra Həzrət (ə) yəhudilərin başçısı Rəsül-caluta tərəf dönüb belə buyurdu: - Musanın peyğəmbər olduğuna dair hansı dəliliniz vardır?

Dedi: - Musanın əsanı ilana çevirmək, Nil çayını yarmaq və ondan keçmək və əlindən saçılan işıq kimi möcüzələri vardır.

Həzrət (ə) buyurdu: - Nəyə görə İsanın peyğəmbərliyinə inanmadınız?

Dedi: - Deyilənlərə görə İsa ölünü dirildib, dəri xəstəliklərini sağaldırmış. Amma biz bunu görmədik ki, ona iman gətirək.

Həzrət (ə) buyurdu: - Onda nəyə görə Musadan qabaq olan peyğəmbərlərə, habelə Musanın özünə inanırsınız, məgər onların möcüzələrini görmüsünüzmü?

Dedi: - Bizə nəql olunduğuna görə o, kimsənin söyləmədiyi sözləri söyləyib və qabaqcadan kimsənin görə bilmədiyi işləri görübdür.

İmam (ə) buyurdu: - Bu sözləri onun demiş olduğunu haradan bilirsiniz?

Hürmüzan dedi: - Tarixdən və bu sözləri eşidənlər vasitəsilə eşitmişik.

İmam (ə) buyurdu: - Başqa dinlər və tarixə istinad edirlər. Onda siz onları necə öz dininizə dəvət edəcəksiniz?

Hürmüzan susub bir söz demədi. İmam (ə) sonra məcusların başçısına belə buyurdu: “Sən də istədiyini soruş”. Ömran, Allah və yaradılışın fəlsəfəsi haqqında bir neçə sual verib cavabını aldı və Həzrətin vasitəsilə müsəlmanlığı qəbul etdi. Məclis imamın qələbə və müvəffəqiyyəti ilə sona çatdı. Belə bir şeyi gözləməyən Məmun ilan sancmış adam kimi qıvrılırdı və məclisi qurduğu üçün özünü danlayırdı.

İMAMIN (ə) QUM ŞƏHƏRİNƏ GƏLMƏSİ

Məmun imamı Xorasana dəvət etdiyi zaman Həzrət (ə) Mədinədən Bəsrəyə, oradan da Quma gəldi. Qum əhalisi imamı qarşılamağa çıxmışdılar. Hamı da istəyirdi ki, imamı öz evinə qonaq aparsın. Həzrət (ə) belə buyurdu: “Qırağa çəkilin. Mənim dəvəm bu işin məmurudur. Hər kimin qapısında dayanıb otursa, ora mənim qalacağım yer olacaq”. Dəvə Qumun əyri-üyrü küçələrindən keçib bir evin qapısına çatanda yerə oturdu. İmam (ə) isə (bu gün Qum şəhərinin elmi mədrəsələrindən biri Rəzəviyyə mədrəsəsi olan) evə qonaq oldu.

İmam (ə) Xorasan yolunda hara çatırdısa, camaat sevincək Həzrətin ətrafına yığışıb ən dərin məhəbbətlərini biruzə verib göstərirdilər.

İMAMIN (ə) NİŞAPUR ŞƏHƏRİNƏ GƏLMƏSİ

O dövrdə Nişapur şəhəri İranın iri, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin imam Rzaya (ə) təşkil etdikləri qarşılama mərasimi tarixdə misilsiz idi. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. İmam gələndə isə Nişapurun alimləri, əllərində kağız-qələm, şəhərin darvazasında yığışmışdılar ki, imamın sözlərini yazsınlar. O zamanlar Nişapurda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük rəvayətçi və hədisçilərdən sayılan Muhəmməd ibn Əsləm Tusi qabağa gəlib imamdan camaat üçün bir hədis söyləməsini xahiş etdi. İmam (ə) kəcavənin pərdəsini qaldırıb başını kəcavədən çıxartdı. Xalqın gözü imama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. İmam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu:

“Allah-taala buyurmuşdur: “La ilahə illəllah” mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gətirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır”.

Bu hədisin ardıcıl sənədi Peyğəmbər, Cəbrail və Allaha yetişdiyinə görə “Silsilətüz-zəhəb” adlandırılmışdır.

İMAMIN (ə) SƏNABADA GƏLMƏSİ

Əba Səlt belə nəql edir: “Həzrət (ə) Sənabad kəndinə çatdıqda günorta idi, Həzrət namaz qılmaq istəyirdi. Su istədi, dedilər ki, suyumuz yoxdur. İmam Rza (ə) bir yeri qazdı və həmin yerdən su qaynayıb çıxdı. İmam (ə) ilə yoldaşları dəstəmaz alıb namaz qıldılar. Sonra bu gün daş qablama qayırmaq üçün xammal olan dağa dayanıb belə buyurdu: “Pərvərdigara! Bu dağa xeyir və bərəkət əta et”. Sonra əmr etdi ki, evinin bütün qablamalarını bu dağın daşından düzəltsinlər. Həzrət (ə) daha sonra Həmid ibn Qəhtəbənin evində yerləşən məqbərəyə daxil olub Harunun qəbrinin yanında əli ilə bir xətt çəkərək buyurdu: “Bura mənim qəbrimdir, məni burada dəfn edəcəklər. Allaha and olsun ki, hər kəs mənim ziyarətimə gəlsə, Allahın rəhməti və bizim şəfaətimiz ona nəsib olacaq”. Daha sonra qibləyə tərəf dayanıb bir neçə rəkət namaz qılıb, dua etdikdən sonra uzun səcdəyə getdi.

İMAMIN (ə) MƏRV ŞƏHƏRİNƏ GƏLİŞİ

Həzrət (ə) Mərv şəhərinə gələndə Məmun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq Həzrətə belə dedi: “Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm”. İmam (ə) onun cavabında buyurdu: “Əgər xəlifəlik paltarını Allah sənə geydiribsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?”

Məmun dedi: “Artıq bu, qərara alınıbdır və xəlifəliyi qəbul etməlisən”. İmam (ə) Məmunun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Məmun belə dedi: “Mənim vəliəhdliyimi qəbul etməlisən”. İmam (ə) isə buyurdu: “Bu qədər israr etmə. Ata-babalarımdan eşitmişəm ki, səndən qabaq dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər. Məmun “səni kim zəhərləyəcək?” - deyə soruşduqda imam buyurdu: “Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma”.

Məmun narahat olub ağladı. Sonra belə dedi: “Mənim vəliəhdliyimi gərək qəbul edəsən. Bu bir əmrdir ki, əgər onu rədd etsən, səni öldürtdürərəm”. Həzrət (ə) çarəsiz qalıb Məmunun vəliəhdliyini qəbul etdi, lakin bu müddət əzrində hökumət işlərinə qarışmayacağını bildirdi. Məmun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq Həzrəti ora gətirdi və camaata dedi: “Hamınız imamla beyət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun”.

Məmun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxardıb Bəni Haşimin yaşıl rəngli paltarlarını geyinsinlər. Həmçinin qızı Ümmü Həbibi Həzrətə verib, o biri qızı Ümmü Fəzli isə Həzrətin oğlu imam Muhəmməd Təqiyə adaxladı və elə bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi.

BAYRAM NAMAZI

Bayram günü Məmun bayram namazını imamın (ə) qılacağını bildirib əmr etdi ki, böyüklərin də hamısı onun dalında namaz qılsınlar. İmam bunu qəbul etmədi. Lakin Məmunun israr etməsi ilə qəbul etmək məcburiyyətində qaldı, bu şərtlə ki, namazı babası Peyğəmbərin (s) qıldığı kimi qılsın. Məmun qəbul etdi və imam (ə) bayram günü sübh təmiz paltar geyib, özünə ətir vurub, başına ağ əmmamə qoyaraq və ayaqyalın təkbir deyərək şəhərin çölünə tərəf hərəkət etdi. Camaat da imamla birlikdə yola düşdülər. Onlar sevindiklərindən uca səslə ağlayıb Peyğəmbər (s) və xanədanına salam göndərirdilər. Elə bir vəziyyət yaranmışdı ki, sanki göy, yer və bütün məxluqlar imamın səsinə səs verərək təkbir deyirdilər.

Məmunun vəziri Fəzl ibn Səhl vəziyyəti belə təhlükəli gördükdə Məmuna xəbər verdi ki, əgər imam bu şəkildə namaz qılsa, üsyan və hərcmərclik törənəcək. Hamımızın həyatı təhlükə altındadır. Tezliklə imamın yanına bir nəfər göndər ki, mərasimi yarımçıq qoyub qayıtsın. İmam (ə) Məmunun göndərdiyi adamın sözünü eşidən kimi ayaqqabısını geyib ata mindi və şəhərə qayıtdı. Beləliklə də o Həzrət xalqa göstərdi ki, bunların hamısı Məmunun oyunlarıdır. Xalqın Məmuna qarşı olan qəzəb və nifrəti, imama qarşı isə sevgi və məhəbbəti daha da çoxaldı. Hamı Məmunun ikiüzlü və hiyləgər olduğunu və imam haqqında gördüyü işlərin siyasi bir məqsəd güddüyünü başa düşdülər.

MƏMUN ÜÇÜN İMAMI (ə) XORASANA DƏVƏT ETMİŞDİ ?

Bunu nəzərə almaq lazımdır ki, Məmun zirək və ağıllı bir adam idi. Onun imamı Mərvə dəvət edərək onu vəliəhd təyin etməsi müvəffəqiyyətsiz qalan siyasi bir plan əsasında qurulmuşdu. Məmunu maraqlandıran məsələlər bunlardan ibarət idi:

1. Ələvilər məmləkətin hər tərəfindən hökumətə qarşı qiyam etmişdilər. Bundan əlavə İslam ərazisi genişlənib nəzarət altından çıxmışdı. Buna görə də zahirdə xəlifəliyi ələvilərdən birinə verib onların qiyamının qarşısını almaq qərarına gəlmişdi ki, bununla da onların hamısı geri çəkilib üsyandan vaz keçəcəkdilər. Abbasilərin siyasəti hiyləgər bir siyasət idi. Onlar Peyğəmbərin (s) aiələsinin qanına susamışdılar, lakin ələvilərin üsyanından qurtulmaq, şiələri razı salmaq üçün xalqa Əli (ə) ailəsinin səmimi dostu olduqlarını göstərmək məcburiyyətində idilər.

2. Məmun istəyirdi ki, Bəni Haşim xanədanı da hökumətin qərarlarını həyata keçirməkdə iştirak etsinlər və Həzrət Rzanın (ə) Məmuna dediyi kimi, xalqa belə göstərsin ki, Bəni Haşim xanədanı dünyanı sevirlər və özlərini dünyaya etinasız göstərmələri yalandır. Guya onlar da qüdrətə çatsalar başqa adamlardan heç də fərqlənməyəcəklər. Lakin, qüdrətləri olmadığı üçün kənara çəkiliblər və əgər bir gün qüdrətə çatsalar, camaatın heç ağlına gələ bilməyəcəyi işləri görəcəklər. Məmun bu fikri aşılamaqla xalqı onlardan uzaqlaşdırıb onların xalq arasında olan mənəvi dəyərlərini məhv etmək istəyirdi.

Məmun dəfələrlə üsyan edən şəhərlərə vali təyin etmək üçün imam Rzaya (ə) öz adamlarından bəzilərini namizəd göstərməsini təklif etmişdi, amma o Həzrət (ə) ona belə cavab vermişdi: “Mən vəliəhdliyi qəbul edəndə hökumətin heç bir işinə qarışmayacağımı şərt etdikdə siz də onu qəbul etdiniz. Əgər müqaviləmizə bağlı qalmağımı istəyirsənsə, siz də müqaviləmizə bağlı qalın”. Məmun susub heç bir söz demədi.

İmam Rza (ə) anlamışdı ki, Məmun gördüyü işləri ona nisbət verib xalqı ondan uzaqlaşdırmaq istəyir. Buna görə də Məmunun heç bir təklifini qəbul etmədi və elə bunun nəticəsində də Məmunun bütün planları puça çıxdı.

3. Məmunun güddüyü başqa bir hədəf isə bundan ibarət idi ki, imamı Xorasana gətirməklə ələviləri paytaxtda toplayıb nəzarət altında saxlasın və maneçilik yaradan ələviləri öldürtsün. Necə ki, imamı zəhərləyib, ələviləri öldürdü və qabaqcadan bağladığı bütün əhd-peymanları tapdaladı.

AZAD ŞAİR DƏBƏL

Dəbəl deyir: Əli (ə) xanədanı haqqında məşhur qəsidəmi Həzrətə oxumaq üçün Xorasana getmək qərarına gəlmişdim. Nəhayət Xorasana gəldim və imamın hüzurunda qəsidəmi oxudum. Həzrət Rza (ə) da Tusda şəhid olması ilə əlaqədar bir neçə beyti mənim şerimə əlavə etdikdən sonra belə buyurdu: “Şerini gizlət və daha heç kəsə oxuma”.

Məmun mənim oraya gəlməyimdən və imama qəsidə oxumağımdan xəbərdar olmuşdu. Məni çağırtdırıb qəsidəni ona da oxumağımı istədi. Mən belə bir qəsidəni oxuduğumu inkar etdim, amma Məmun imamı da məclisə çağırtdırıb dedi: “İmamın hüzurunda Əli (ə) xanədanının dəyəri haqqında oxuduğun məşhur qəsidəni mənim hüzurumda da oxu”.

Mən də məcbur qalıb oxudum. Məmun zahirdə sevinərək məni mükafatlandırdı, onun vəziri Fəzl də mənə yorğa bir at hədiyyə etdi. Həzrət Rza (ə) da Məmunun o Həzrətin adına kəsdirdiyi sikkələrdən yüz dinar mənə verib “bunu saxla; bir gün karına gələr” - deyə buyurdu.

Mən imama belə dedim: “Sizdən geymiş olduğunuz bir köynək istəyirəm ki, öləndən sonra kəfənim olsun”. Həzrət (ə) qəbul edib köynəklərindən birini mənə verərək buyurdu: “Bu köynək səninlə olduğu müddətdə təhlükələrdən qorunacaqsan”.

Mən Həzrətlə xudahafizləşib Fəzlin verdiyi atla karvana qoşulub Tusdan çıxdım. Yolda oğrular karvanımıza həmlə edib var-yoxumuzu apardılar. Çox keməmişdi ki, mənim atıma minən oğrubaşçısını gördüm. Atın üstündə mənim şerimi oxuyurdu. Ona yaxınlaşıb “bu şeri yazan şairin kim olduğunu bilirsənmi” - deyə soruşdum. Dedi: - Bəli. Dəbəl Xüzaidir.

Dedim: - Mənim şair Dəbəl olduğumu bilirsənmi?

O, təəccüblənib sözümə inanmadı. Dedim: - Karvandakılardan soruş.

Mənim Dəbəl olduğumu soruşub öyrəndikdən sonra karvandan oğurlayıb öz aralarında paylaşdırdıqları malları, mənim hörmətimə yiyələrinə qaytardı və imamın buyurduğu kimi bu köynək mənim və dostlarımın azad buraxılmasına, əldən getmiş malların qaytarılmasına səbəb oldu.

Dəbəl bu hadisədən sonra Qum şəhərinə gəldi. Camaat onu sevinclə qarşılayıb imamın hüzurunda oxuduğu şeri onlar üçün də oxumasını istədilər. Dəbəl qəbul edib Qum məscidinə getdi və şerini onlar üçün də oxudu. Camaat ona çoxlu pul və hədiyyələr verdilər və Həzrətin köynəyinin əhvalatını öyrəndikdən sonra ona yalvarıb köynəyin müqabilində istədiyi pulu alıb köynəyi onlara verməsini istədilər. Dəbəl qəbul etmədi. Onlar köynəyin bir tikəsini istədilər. Dəbəl yenə qəbul etmədi.

Dəbəl Qumdan çıxdıqdan sonra cavanlardan ibarət bir dəstə yolunu kəsib köynəyi ondan aldılar və Quma qayıtdılar. Dəbəl də Quma qayıdıb köynəyinin geri verilməsini xahiş etdi. Lakin qəbul etmədilər. Dəbəl köynəyin bir tikəsinin ona qaytarılmasını xahiş etdikdə, qəbul edib köynəkdən bir hissəsini min dirhəmlə birlikdə ona verdilər. Dəbəl vətəninə qayıtdıqdan sonra öz evinə tərəf getdi, lakin gördü ki, oğrular onun evini qarət edib hər şeyini aparıblar. Dəbəl imamın yüz dinarı ona verəndə “bunu saxla; bir gün karına gələr” - deyə buyurduğunu xatırladı. Pulları bazara aparıb hər bir dinarını yüz dinara satıb on min dinara sahib oldu. Bu arada çox sevdiyi arvadı da xəstələnmişdi. Həkimlər isə onu sağalda bilməmişdilər.

Dəbəl imamın köynəyindən ona yadigar qalan parçanı arvadının gözünə bağladı. Sabahısı gün parçanı açanda artıq arvadının gözləri sağalmışdı. Dəbəl cəsarətlə yazdığı məşhur qəsidə və şerlərinə görə həm var-dövlət, həm də hörmət sahibi oldu. Ondan sonra bütün şiələr ona ehtiram edərdi və özü də tarixdə cəsarətli və azad bir şair kimi tanındı.

Onun dəyərli şerlərindən olan bəzi misraların tərcüməsi belədir.

Peyğəmbər övladının yıxılmış evini görüncə ağladım,

Yiyələrinin qovulub münafiqlərin onların

yerində oturduğu evlər,

Quran təfsiri söylənib vəhyin nazil olduğu evlər

İndi cinayətkarların zülmləri ucbatından,

Quran səsindən məhrum qalıb.

Evin yiyələri Peyğəmbərin mirası

və ümmətin ən yaxşı adamları sayılırdılar.

Yoxsullara yardım edən kişilər.

Onların sərvətini zülmkarlar əlində

olduğunu, onların bərəktli əllərinin

boş qaldığını gördüm.

Kufə, Mədinə, Kərbəla və Fəxdə

yatan imamlıq səmasının ulduzlarına,

islam yolunda öz canından keçən

ulduzlara salam göndərirəm.

Bağdadda bir qəbir vardır,

orada pak və mübariz bir can yatıbdır.

O qəbir cənnətin otaqlarından biridir.

Dəbəl deyir: “Bura çatanda Həzrət Rza (ə) belə buyurdu: “Mən də sənin qəsidənə bir beyt əlavə edirəm ki, kamil olsun:

Tus şəhərində də bir qəbir vardır.

Bu qəbir böyük bir müsibətə sahibidir

və qiyamətə qədər ürəkləri yandırıb,

nalələri yüksəldər.

(İmamın özünün şəhid olacağını və Tusda dəfn olunacağını xəbər verməsi o Həzrətin böyük möcüzələrindən biri sayılır).


İMAMIN (ə) ŞƏHİD OLMASI

Şəhid olduğu gecə imam (ə) yuxuda babası Peyğəmbəri (s) görmüşdü ki, ona belə buyurdu: “Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır”.

Hərsəmə belə deyir: “Gecə yarısı imam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: “Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar”.

Nəhayət Məmun o Həzrəti Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərlədi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Əba Səltə belə buyurdu: “Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm”.

İmamın şəhid olmasından qabaq Məmun Həzrətin yanına gəldi. İmam (ə) gözlərini açıb ona belə dedi: “Oğlum imam Muhəmməd Təqi ilə yaxşı rəftar et. Çünki səninlə onun vəfatı bir-birinə yaxındır”.

İmamın pak bədənini qabaqca Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa tapşırdılar. Bu faciə 203-cü Hicri ilinin Səfər ayının son günündə, imam 55 yaşında ikən baş verdi.

İmamın şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi və Məmun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Məmun imamın qatilidir. Məmun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz icazə vermədi ki, imamın meyidini evdən çıxartsınlar. O, həmçinin xalqın arasına öz adamlarını göndərdi ki, imamın öz əcəli ilə öldüyü şayiəsini yayıb Məmunun bu işdə əli olmadığına inandırsınlar. Lakin bütün bu cəhdlərə baxmayaraq o, özünü günahsız göstərməyə müvəffəq olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.