Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
Tarix
İmam Musa Kazim (ə)

İMAMIN ŞƏXSİYYƏTİ

Adı : Musa

Ləqəbi : Kazim

Kunyəsi : Əbul-həsən

Atası : Həzrət imam Sadiq (ə)

Təvəllüdü : Hicri 128-ci il

İmamlıq müddəti : 35 il

Ömrü : 54 il

Şəhadəti : 182-ci Hicri-qəməri ilində Abbasi xəlifəsi

Harunun əmri ilə zəhərlənmişdir.

Məzarı : İraq, Kazimeyn şəhəri.

TƏVƏLLÜDÜ

İmam Musa Kazim (ə) 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Əbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən imamlığa çatdı.

Bu barədə Əbu Bəsir belə demişdir: “İmam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik. Əbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan imam bizə belə buyurdu: “Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir”.

Həzrət (ə) Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi. Yəqub Sərrac deyir: “Mədinədə imam Sadiqin (ə) yanına getdim. Onu oğlu imam Musa Kazimin (ə) beşiyinin yanında əyləşən gördüm. Həzrətə salam verdim. Gülərüzlə cavabımı verib buyurdu: “Məndən sonrakı imamın yanına gəl və ona da salam ver!”. Yaxınlaşıb salam verdim, uşaq səlis dillə cavabımı verib buyurdu: “Allah sənə bir qız verib, amma ona yaxşı ad qoymamısan, get onun adını dəyiş!”

O Həzrət atası imam Sadiqin (ə) sayəsində tərbiyə alaraq dini məsələləri o Həzrətdən dərindən öyrənmişdi. Belə ki, imam Sadiq (ə) qadınlara dini məsələləri ondan soruşmalarını əmr edərdi.

İmamın həyatını iki hissəyə ayırmaq olar:

1. İmamətdən qabaqkı, Həzrətin Mədinədə atasının xidmətində olduğu dövr (20 il).

2. Mübarizə, zindan və sürgünlə zəngin imamlıq dövrü.

İMAMIN (ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daimə piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlincə ərzaqı yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi.

İmamın dostlarından biri o Həzrətin səbr və dözümü barədə belə demişdir: “Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı”.

Mədinədə bir kişi var idi ki, hər vaxt imamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün imamın dostları “icazə ver onu tənbeh edək” - söylədikdə imam (ə) buyurdu: “Onunla işiniz olmasın və ona toxunmayın”. Artıq bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. İmam (ə) onun halını soruşduqda, dedilər: “Mədinə çölündəki tarlasına gedib”. Bunu eşitcək imam (ə) da həmin tarlaya getdi. Həmin kişi imamı görən kimi uzaqdan səslənib dedi: “Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram”. İmam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: - Bu tarlaya nə qədər xərcləmisən?

Kişi dedi: - Yüz dinar.

İmam soruşdu: - Nə qədər gəlirin olacağına ümid edirsən?

Kişi dedi: - İki yüz dinar.

Həzrət (ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: “Bu pulu al, tarlan da özünə qalsın”.

İllər boyu Həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb imamın əlindən öpdü və ondan üzr istədi. İmam (ə) Mədinəyə qayıtdıqdan sonra “Şəri özünüzdən belə uzaqlaşdırın” - deyə buyurdu. Elə buna görə də imama “Kazim” (qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən) ləqəbi verilmişdir.

O Həzrət (ə) bütün pislik və yamanlıqların qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. İmam (ə) öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: “Qohumların arasında nə qədər düşmənçilik olsa da, əgər bir-birləri ilə qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər”.

İMAMIN (ə) SƏXAVƏTİ

İmam Musa Kazim (ə) əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq onların borcunu ödəyirdi. İbn Şəhr Aşub belə nəql edir: “Bir gün Mənsur imam Musa Kazimi (ə) saraya çağırtdırıb əmr etdi ki, novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. İmam bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salam mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o Həzrətə təhvil verirdilər. Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi: “Ey Peyğəmbər övladı! Mənim dünya malından hədiyyə etmək üçün heç bir şeyim yoxdur. Amma baban Hüseynin (ə) müsibətinə dair bir şer yazıb sənə hədiyyə gətirmişəm”.

Qoca kişi yazdığı şeri oxudu, onun bu şeri imama çox təsir etdi. Həzrət (ə) Mənsurun məmuruna əmr etdi ki, get, Mənsurdan soruş, gör bu hədiyyələrlə nə edəcək? Məmur gedib qayıtdıqda imama dedi: “Əmir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz”. Həzrət (ə) yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: “Babam Hüseynin (ə) müsibətlərinə dair yazdığın şerə görə bu hədiyyələrin hamısını sənə bağışlayıram ki, yoxsulluqdan qurtulasan”.

İMAMIN (ə) SƏYİ

O Həzrət (ə) həmişə öz xüsusi tarlasında məişətini təmin etmək üçün çalışardı, bəzən də çox işləməkdən bütün bədənini tər basırdı. Bir gün əshabından olan Əli Bətaini onu görmək üçün Həzrətin tarlasına gəldi və imamın çox işləməkdən tərlədiyini və yorulduğunu gördükdə “qurbanın olum, niyə bu işi başqa adamlara gördürmürsən?” - deyə soruşdu.

İmam (ə) buyurdu: “Niyə başqalarına gördürüm? Halbuki məndən daha yaxşı adamlar həmişə belə işlərlə məşğul olublar”.

Bətaini soruşdu: - Kimlər?

İmam (ə) buyurdu: “Allahın Peyğəmbəri, Əmirəl-möminin və bütün ata-babalarım. İşləyib çalışmaq Allahın peyğəmbərləri ilə vəsilərinin üsuludur və Onun ləyaqətli bəndələri həmişə öz güzəranlarını təmin etmək üçün işləyiblər”.

İMAMIN (ə) TƏBLİ Ğ ÜSULU

Günlərin bir günündə imam (ə) bir küçədən keçəndə bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub əylənməklə məşğul idi. Birdən evin qapısı açılıb zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü imama sataşan kimi ona salam verdi. İmam ondan soruşdu: - Bu evin yiyəsi bəndədir, ya azad (yəni quldur, ya qeyri-qul).

Kəniz dedi: - Azad insandır.

İmam (ə) buyurdu: “Azad olduğu bəllidir. Əgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi”.

Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.

O kişi bir az duruxub imamın sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın imamın dalınca qaçdı. Özünü o Həzrətə yetirib salam verdi və imamın hüzurunda öz əməlindən peşman olduğunu söyləyib tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də Büşri-hafi (ayaqyalın Büşr) ləqəbi ilə məşhur oldu.

İMAMIN (ə) İBADƏTİ

İmam təqva və ibadət baxımından çox məşhur idi və hər yerdə onun haqqında danışılanda “o, ibadət və Allaha bəndəlik etməyin aşiqidir” - deyərdilər.

Şeyx Müfid onun haqqında belə yazıbdır: “O Həzrət öz zəmanəsinin ən ibadətkar şəxsiyyəti idi. Gecələr Allaha ibadət edərkən Allahın qarşısında səcdəyə düşüb, səcdəsini uzadar və o qədər ağlayardı ki, hətta saqqalı islanardı”.

Sünni alimlərindən olan Şəblənci o Həzrətin haqqında belə yazmışdır: “İmam Musa Kazim (ə) öz zəmanəsinin ən abid və ən arif şəxsiyyəti idi. Hamıdan daha bilikli və daha səxavətli idi. Daim yoxsulların vəziyyəti ilə maraqlanar, vaxtının çoxunu ibadət və dua etməklə keçirərdi. O, belə deyərdi: “Ey Allah! Ölümü mənim üçün asanlaşdır və hesab günündə məni bağışla”.

Allaha olan məhəbbəti hamını heyrətdə qoymuşdu. Zindanda Fəzl adlı keşikçini ağlatmışdı və Harunun xüsusi kənizini heyran etmişdi. Belə ki, o arvad ağlaya-ağlaya Harunun yanına qayıdaraq imamı zindana saldığına görə Haruna öz etirazını bildirmişdi.

FƏX HADİSƏSİ

Abbasi hökuməti tərəfindən Əli (ə) övladına olunan zülm və haqsızlıqlara görə imam Musa Kazimin (ə) əmri ilə Mədinə şiələrindən Hüseyn ibn Əli 300 nəfərlə birlikdə Abbasi xəlifəsi Hadinin əleyhinə qiyam etmişdi. Nəhayət Hadinin əsgərləri onları Fəx adlanan bir yerdə mühasirəyə alaraq çoxunu öldürdülər. Sonra başlarını kəsib əsirlərdən bir dəstə ilə Hadinin yanına göndərdilər. Hadi isə əmr etdi ki, bütün əsirləri öldürsünlər. Bu hadisə Fəx hadisəsi, Hüseyn ibn Əli də Fəx şəhidi adı ilə məşhur oldu.

İMAMIN (ə) BA Ğ DADA OLAN İLK HİCRƏTİ

Mənsur 158-ci Hicri-qəməri ilində öldükdən sonra səltənət və xəlifəlik oğlu Mehdiyə yetişdi ki, o da öz çirkin siyasətini həyata keçirirdi. Belə ki, xalqın qarşısında özünü dindar göstərir, gizlində isə müxtəlif günahlar törədirdi.

Xilafəti ələ aldıqdan sonra imamın şiələrindən ibarət siyasi məhbusları sərbəst buraxdı və müsadirə olunmuş malları öz yiyələrinə qaytardı. Lakin bütün bunlarla yanaşı Əli (ə) xanədanına yaramaz sözlər deyən şairlərə isə çoxlu bəxşiş verirdi. Necə ki, Büşar ibn Bürdə 70 min dirhəm, Mərvana isə 100 min dirhəm vermişdi.

Müsəlmanların beytül-malını öz istədiyi kimi xərcləyirdi. Necə ki, oğlu Harunun toyuna 50 milyon dirhəm pul xərcləmişdi.

Bir gün casusları ona imamın xalq arasında sevildiyini və xalqın o Həzrətə meyl etdiyini xəbər verdilər. Mehdi hirslənib əmr etdi ki, imamı Bağdada göndərərək zindana salsınlar.

Əbu Xalid belə demişdir: “Bir gün imamla birlikdə məmurlar Zübalədə mənim evimə gəldilər. İmam (ə) qısa bir fürsətdə, - məmurların gözündən iraq - mənə bir neçə gizli söz tapşırıb, bəzi şeyləri də onun üçün almağımı istədi. Mən çox narahat idim və ağlayırdım. İmam (ə) mənə belə buyurdu: “Mənim barəmdə heç nigaran olma. Çünki tezliklə qayıdacağam. Filan gün, filan yerdə məni gözlə”.

İmam buyurduğu kimi həmin gün oraya getdim və imamı karvanın qabağında irəliləyən gördüm. Sevinib qabağa getdim və əlini öpdüm. Həzrət (ə) buyurdu: “Ey Əbu Xalid, məni təzədən Bağdada aparacaqlar və o səfərdən daha qayıtmayacağam”.

İmamın azad buraxılmasının səbəbini soruşduqda mənə dedilər ki, imamı zindana saldıqları gecə Mehdi yuxusunda Həzrət Əlini (ə) görüb ki, qəzəblə onu qınayırmış. Sabahısı gün isə imamı azad buraxıb ehtiramla Mədinəyə göndərib.

İmam (ə) Mədinədə mövcud olan boğucu vəziyyətə baxmayaraq xalqı hidayət etməklə məşğul idi. Çox keçmədən Mehdi dünyadan getdi və oğlu Hadi onun yerinə keçdi. Hadi atasının əksinə olaraq açıq-aşkar Əli (ə) övladları və şiələrlə mübarizə aparmağa başladı. Onun ən qəddar işi isə qeyd etdiyimiz Fəx hadisəsi idi ki, Kərbəla hadisəsindən sonra tarixin ikinci faciəvi hadisəsi sayılır.

Hadi ləyaqətsiz və murdar bir kişi idi və əylənməsi üçün çoxlu pul xərcləyirdi, onun üçün şer və mahnı oxuyanlara isə böyük bəxşişlər verərdi. Hadi 170-ci Hicri-qəməri ilində öldü və Harun onun yerinə keçdi. Bu vaxt imam Musa Kazimin (ə) 42 yaşı var idi. Harunun xəlifəlik dövrü Abbasi hökumətinin ən qüdrətli və müvəffəqiyyətli dövrü hesab olunurdu.

Harun xalqdan beyət aldıqdan sonra iranlı Yəhya Bərməkini öz vəziri təyin elədi və ona tam səlahiyyət verdi. Özü də beytül-malı korlamağa başladı. O zamanlar beytül-malın gəliri çox idi, buna baxmayaraq Harun onun hamısını öz əyləncəsi üçün xərcləyirdi. Necə ki, bir dəfə yeyəcəyi xörək üçün dörd min dirhəm xərclənirdi.

HARUNUN ƏLİ ( ə ) XANƏDANINA QARŞI ETDİYİ ƏZİYYƏTLƏR

Harun, Əli (ə) övladlarının Abbasilərə qarşı mübarizə aparmasından çox əziyyət çəkirdi və hər nə cür olursa-olsun, xalqı Əli (ə) xanədanından ayırmağa çalışırdı. Şairlərə Əli (ə) övladı haqqında yaramaz sözlər demək və onları istehza etmək üçün çoxlu pul verirdi.

Şiə və Əli (ə) övladı olan seyidləri Bağdaddan Mədinəyə sürgün etdi və onlardan çoxunu öldürtdü. Harunun Xorasanda nümayəndəsi olan Həmid ibn Qəhtəbə, Abdullah Bəzzaz Nişaburiyə belə nəql etmişdir: “Harunun Tusda bir bağı var idi ki, hər il oraya gəlirdi. Yenə bir dəfə ora gəldikdə gecə yarısı məni çağırtdırıb belə dedi: - Mənə nə qədər vəfalısan?”

Dedim: - Canımı, malımı sizə fəda edərəm.

Dedi: - Daha nəyi?

Dedim: - Namusumu, arvad-uşağımı.

Dedi: - Daha nəyi?

Dedim: - Dinimi, məzhəbimi.

Harun başını qaldırıb uca səslə gülüb dedi: “İstədiyimi dedin. Onda bu qılıncı al, mənim qulumun sənə əmr etdiyinə itaət et”.

Harunun qulu məni Əli (ə) övladından altmış nəfərin həbs olunaraq saxlanıldığı bir evə apardı. Sonra həbsdə olanları bir-bir çıxardıb mənə çıxartdığı adamı öldürməyimi əmr etdi. Mən də dərhal əmri yerinə yetirirdim. Onların hamısını öldürdükdən sonra meyitləri qabaqcadan həyətdə hazırlanmış quyuya atdım. Ey dost! Hər vaxt bu hadisə yadıma düşəndə bütün bədənim titrəyir”.

Harun bütün bu elədikləri azmış kimi, hətta imam Hüseynin (ə) məzarı və ətrafındakı evlərin uçurdulmasını da əmr etdi. Bununla da istəyirdi ki, xalqın oraya ziyarətə getməyinin qarşısını alsın.

İMAMIN (ə) MÜXALİFƏTİ

Təbiidir ki, Həzrət imam Musa Kazim (ə) belə bir qəddar və cinayətkar hökumətlə saziş edə bilməzdi və elə bunun nəticəsi idi ki, o Həzrət bütün çirkin əməllərin qarşısında öz etiraz səsini yüksəldirdi. O Həzrət (ə) münasib bildiyi hər yerdə Harunun çirkin əməllərini sayıb onu xalq içində rüsvay edirdi. Öz dostlarına da əmr edirdi ki, Haruna heç bir kömək etməsinlər. O cümlədən dostlarından olan Səfvana belə buyurmuşdu: “Sən hər baxımdan yaxşı adamsan, təkcə dəvələrini Haruna kirayə vermək baxımından başqa”. Səfvan “mən öz dəvələrimi yalnız həcc müsafirəti üçün kirayə verirəm, özüm də getmirəm” - dedikdə Həzrət (ə) buyurdu: “Ey Səfvan! Dəvələrin qayıdanacan Harunun diri qalıb kirayə pulunu ondan almağını istəmirsənmi?”

Səfvan dedi: “Bəli”.

Həzrət (ə) buyurdu: “Hər kəs bir zülmkarın diri qalmasını arzu etsə, zalımlardan sayılar”.

Səfvan həccə getmək istəyən xəlifənin yükünü dəvələri ilə daşımaq üçün Harun ilə müqavilə bağlamasına baxmayaraq, imamın sözünü eşitdikdən sonra dəvələrini satdı. Harun onu çağırtdırıb qınadı və dəvələrini nəyə görə satdığının səbəbini israrla soruşdu, lakin Səfvan səbəbini demədi. Nəhayət Harun əhvalatı öyrənib ona dedi: “Əgər dost olmasaydıq, dərhal əmr edərdim ki, səni öldürsünlər. Mən yaxşı bilirəm ki, kimin əmri ilə bu işi görmüsən. Musa ibn Cəfər bu əmri sənə veribdir”.

İmamın (ə) Harunun qarşısında möhkəm dayandığına və heç kimə zərrə qədər Harunla əməkdaşlıq etməyə icazə verməməsinə baxmayaraq, bəzi ləyaqətli və imanlı şəxslərə əmr etmişdi ki, Harunun hökumət aparatına nüfuz edib dar gündə dostlarının köməyinə gəlsinlər və alınan qərarları öz dostlarına bildirsinlər. Necə ki, Əli ibn Yəqtinə, Harunun vəziri olub şiələrə və dostlara yardım etməsi üçün icazə vermişdi. Bir gün imam (ə) ona belə bir məktub yazdı: “Tək olanda bizim kimi dəstəmaz al, başqaları ilə olanda isə onlar kimi dəstəmaz al. Harunun sənə imtahan üçün verdiyi hədiyyələri qəbul et”.

HARUNUN İMAMA (ə) VERDİYİ SUALLAR VƏ ALDIĞI CAVABLAR

Harun çalışırdı ki, imama elə suallar versin ki, imam cavabını bilməyib nüfuzdan düşsün. Lakin hər dəfə imamın elm dənizinə yaxınlaşanda çarəsiz qalıb rüsvay olurdu. O cümlədən də bir dəfə Harun imamı Mədinədən Bağdada gətirib onunla mübahisə etməyə başladı:

Harun: - Uzun müddətdir düşünüb cavabını tapmadığım bir şeyi sizdən soruşmaq istəyirəm. Xahiş edirəm mənim cavabımı verin.

İmam: - Əgər danışmaqda sərbəst olsam, cavabını verərəm.

Harun: - Sərbəstsiniz, istədiyinizi buyurun. Nəyə görə siz belə düşünürsünüz ki, bizlərdən, yəni Abbas övladından üstünsünüz? Halbuki biz eyni ağacdanıq, yəni Haşimi övladıyıq.

İmam: - Biz Peyğəmbərə (s) sizdən daha yaxınıq.

Harun: - Necə?

İmam: - Belə ki, bizim atamız Əbu Talib ilə Peyğəmbərin s) atası Abdullah eyni ata-anadandırlar, lakin sizin atanız Abbas təkcə ata tərəfindən Peyğəmbərlə (s) qohumdur.

Harun: - Peyğəmbər (s) vəfat edəndə sizin atanız Əbu Talib dünyadan getmişdi, ancaq bizim atamız Abbas hələ sağ idi və məlumdur ki, əmi yaşayınca əmioğluna, yəni sizə irs çatmaz.

İmam: Övlad olunca da əmiyə irs çatmaz. Demək Fatimeyi Zəhra ola-ola sizin atanız Abbasa irs yetişə bilməzdi.

Harun: - Onda nəyə görə xalqa icazə verirsiniz ki, sizi Peyğəmbərin (s) övladı çağırsınlar. Halbuki siz Əlinin övladısınız. Çünki hər kəsi atası ilə tanıyarlar və Peyğəmbər də ana tərəfindən sizin babanızdır.

İmam: - Əgər Peyğəmbər (s) dirilib sizin qızınızın elçiliyinə gəlsə, qızınızı ona verərsiniz?

Harun: - Məmnuniyyətlə.

İmam: - Amma Peyğəmbər (s) heç vaxt mənim qızımın elçiliyinə gəlməz.

Harun: - Niyə?

İmam: - Çünki o, ana tərəfdən olsa belə yenə mənim atamdır. Lakin sənin isə atan deyildir. Buna görə də mən özümü Peyğəmbərin (s) övladı adlandıra bilərəm.

İmamın dişsındırıcı cavabları Harunu susdurdu və imamın ondan bir şey istəməsini xahiş etdi. İmam (ə) isə belə buyurdu: “Mən sizdən heç bir şey istəmirəm. Yalnız icazə verin sərbəst olaq və öz işimizi görək”.

İMAMIN (ə) QOHUMLARINDAN BİRİNİN XƏYANƏTİ

İmamın qardaşı İsmailin oğlu Əli, Harunun dostları tərəfindən Bağdada dəvət olunmuşdu ki, oraya gedib Harunu imam Musa ibn Cəfərin vəziyyətindən xəbərdar etsin. İmam (ə) əhvalatı öyrənib Əlini çağırdı və ona belə buyurdu:

- Hara getmək istəyirsən?

- Bağdada.

- Nə üçün?

- Borcluyam. Ona görə Bağdada gedirəm ki, bəlkə borclarımı ödəmək üçün pul tapım.

İmam buyurdu: “Mən sənin bütün borclarını ödəyib, ailənin xərclərini öz öhdəmə götürürəm”. Əli qəbul etməyib yenə də getmək istədiyini bildirdi. Nəhayət imama belə dedi: “Mən getmək qərarına gəlmişəm və sizdən mənə nəsihət verməyinizi istəyirəm”.

İmam (ə) belə buyurdu: “Sənə mənim qanımda şərik olmağını vəsiyyət edirəm. Çünki sonu yaxşı deyildir”. Əli ibn İsmail bir şey qanmayıb yenə nəsihət verməsini istədi. İmam yenə də o cümləni təkrar etdi. Lakin Əli bilmirdi ki, imam (ə) nələrin baş verəcəyindən xəbərdardır?!

Əli getmək istədikdə imam ona üç yüz dinar verib “bu da balaların üçün” - dedi. Əli pulu alıb getdi.

Sonra imam (ə) orada olanlara tərəf dönüb belə buyurdu: “Allaha and olsun ki, bu qardaşoğlum mənim qanıma şərik olub mənim uşaqlarımı yetim qoyacaq”. Dedilər: “Ey Peyğəmbərin övladı! Sən onun xəyanət edəcəyini bilə-bilə nə üçün ona kömək etdin?” Buyurdu: “Babam Həzrət Peyğəmbər (s) belə buyurubdur: “Hər kim qohumlarından birinin məhəbbət və yaxşılığı qarşısında ona pislik etsə, Allah ona əzab verəcək və o, öz hədəfinə çatmayacaq”.

İmamın buyurduğu kimi də oldu. Əli Bağdada gəlib Yəhya Bərməkinin evinə getdi və onunla birlikdə Harunun yanına gəlib ona dedi: “Ey Harun! Musa ibn Cəfər Mədinədə hökumət qurub və ətrafdan ona çoxlu pul yetişir və belə qərara gəlib ki, sizin əleyhinizə qiyam edib xilafətinizi devirsin. Bu sözləri eşidən Harun sevinib ona iki yüz dirhəm pul verdi. Əli pulları alıb sevinə-sevinə çıxdı ki, evinə qayıtsın, lakin bu zaman boğazından bir sancı tutdu ki, elə orada da həlak oldu.

Harun Mədinəyə gələrək imamı tutub zindana salmaq qərarına gəldi. Həmin ildə o yan bu yana məktub yazıb hamını bir yerə yığdı və Məkkə ilə Mədinəyə getdi. Qayıdanda isə Mədinə valisinə imamı tutub Bəsrəyə göndərmək əmrini verdi. İmam bir il Bəsrə valisi Yəhyanın zindanında qaldı. İmamın insani və ibadi əxlaqı Yəhyaya elə təsir qoymuşdu ki, o, Haruna belə yazdı: “Ey Harun! Mən bu müddət ərzində Həzrətdən yaxşılıq və paklıqdan başqa heç bir şey görməmişəm və bundan artıq onu zindanda saxlaya bilmərəm. Onu geri al, yoxsa azad edəcəyəm”.

Harunun əmri ilə o ilahi şəxsiyyəti Bağdada aparıb Fəzlin zindanında həbsə aldılar. O da Yəhya kimi, imamın əxlaqına heyran olub Harundan imamı ondan təhvil almağını tələb etdi. Nəhayət o Həzrəti pis və napak bir insan olan Sindi ibn Şahkin zindanına göndərdilər.

İMAMIN (ə) ZİNDANDAKI MÜQAVİMƏTİ

Harun hansı yolla olursa-olsun, imamın nəzərini özünə cəlb etmək istəyirdi və bir gün Yəhya ibni Xalisi zindana Musa ibn Cəfərin (ə) yanına göndərdi ki, imamı razı salıb ondan bağışlanmasını istəsin. Amma imam (ə) buna razı olmadı. Həzrət imam Musa Kazim (ə) Haruna belə yazdı: “Burada hər günüm mənə çətin keçsə də sən rifah içində olacaqsan. Cinayətkarların zərərə düşəcəyi günü gözlə ki, ikimiz də o günün şahidi olacağıq”.

İmam (ə) heç bir vəchlə Haruna təslim olmadı və zindanın ən ağır şəraitində belə sarsılmadan dayanıb müqavimət göstərdi.

ZİNDANLARIN ARDICIL OLARAQ DƏYİŞDİRİLMƏSİ

Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından imamı öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Nəhayət daşürəkli cəllad Sindi imamı zəhərlədi.

Harun yalançı şahid gətirməklə çalışdı ki, imamın zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də imamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da imamın meyidinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət imam (ə) xalqın matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin məzarı bu gün də şiələrin ziyarətgahıdır.

İMAMIN (ə) ƏSHABI

Həzrətin atası imam Sadiq (ə) vəfat edəndə onun tələbələri İmam Musa Kazimə (ə) tərəf gəlib 33 il ərzində o Həzrətin elm və bilik ümmanından yararlandılar. Həmin tələbələrdən bəzisi bunlardır:

1. İbn Əbi Üməyr: Bu şəxs üç imamın (imam Musa Kazim(ə), imam Rza(ə) və imam Cavadın(ə)) məhzərindən yararlanıb və öz zəmanəsinin tanınmış alimlərindən hesab olunurdu. Ondan çoxlu rəvayətlər yadigar qalıbdır.

O zamanın hökumətinə xəbər vermişdilər ki, ibni Üməyr İraq şiələrini tanıyır. Onu tutub tanıdığı adamların adlarını deməsini tələb etdikdə qəbul etmədiyindən soyundurulub xurma axacına bağlayaraq şallaqla yüz zərbə vursalar da lakin heç bir şey demədi.

Şeyx Müfidin verdiyi məlumata görə bu böyük səhabəni 17 il zindana salıb, var-dövlətini məhv etdilər, lakin bütün əzab-əziyyətlərə dözərək heç bir söz danışmadı.

2. Əli ibn Yəqtin: İmam Sadiqin (ə) dostlarından və əshabından idi. Mərvan onu təqib edərək tutdurmaq istəsə də, o qaçaraq arvad-uşağını Mədinəyə göndərdi. Əməvilər devrilib yerinə Abbasilər keçdikdən sonra Kufəyə qayıdıb Abbasilərlə yaxın əlaqə qurdu və dövlət məqamlarında yüksək vəzifələrə çataraq şiələrə böyük yardımlar etdi.

Harun onu öz vəziri təyin etmişdi. Amma o, əslində imamın səhabəsi idi və imamın əmrlərini yerinə yetirirdi.

O, dəfələrlə Abbasilərdən uzaqlaşmaq istəsə də, imam (ə) buna mane olmuşdu. O, imam (ə) zindanda ikən vəfat etdi. Ondan Əhli-beyt (ə) əsərləri olan bir çox kitablar yadigar qalmışdır.

3. Möminüt-taq: O, imam Sadiq (ə) və imam Musa Kazimin (ə) əshabından idi. İmam Sadiq (ə) onu əshabının böyüklərindən sayaraq ona çox əhəmiyyət verirdi. Mömin mübahisədə çox bacarıqlı idi. Belə ki, hər kimlə mübahisə etsəydi, qalib gələrdi.

İmam Sadiq (ə) onun barəsində belə buyurmuşdur: “Mömin, ovunun başına qonan qartal kimidir”.

4. Hişam ibn Həkəm: O, mübahisədə ustad idi və hər yerdə elmi bir məsələ qabağa gəldikdə imam Sadiq (ə) onu göndərərdi ki, həmin məsələni həll etsin.

İmamlıqla əlaqədar mövzularda dərin biliyə malik idi, hazır-cavab idi, tövhid və əqaidlə əlaqədar məsələlərdə ustad sayılırdı. O, çoxlu kitablar yazıb ayrı-ayrı alimlərlə mübahisə edib hamısını məhkum etmişdi.