Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHLİ BEYT
Əhli (ə)-in siyasi fəaliyyətləri

Әhli-beyt (ə)-ın məqamları və onların cəmiyyətə lazım olan ictimai-siyasi məsələlərdə fəaliyyət göstərməkləri müsəlmanlara az-çox mə᾽lum idi. Buna görə də Әhli-beyt (ə) islamın siyasi tarixində müntəzəm olaraq fəaliyyət göstərmiş və çox mühüm rol və tə᾽sirə malik olmuşlar. Әhli-beyt (ə) həmişə Peyğəmbəri-əkrəmdən (s) sonra meydana gələn xurafatlara qarşı islam hökmlərini icra etmək və ədalətin hakim olması üçün aparılan mübarizələrin ön cərgəsində olmuşlar.

Islamın siyasi tarixini tədqiq edənlərin nəzərində aşkardır ki, Peyğəmbərin (s) vəfatından qısa bir müddət sonra xilafət və islam ümmətinin idarəsi məxsus sülalələrin əlində olan səltənətlərə çevrildi. Bu səltənətlərdə islam hökmlərinin icrası dondurulub bir kənara qoyuldu və xilafət məqamı mal toplamaq və mənsəb əldə etmək vasitəsinə döndərildi. Bununla da xalqa hər cür zülm və haqsızlıq rəva görüldü.

Islam dininin bir oyuncağa çevrilməsi səbəb oldu ki, çox qiyamlar vücuda gələ və nahaq yerə qanlar tökülə və təfriqə, fitnə çoxala. Hətta, düşmənlər bu fürsətdən istifadə edərək, qeyri həqiqi fikirlər yaymaqla islamı bünövrədən yox etmək istəyirdilər. Məsələn, dindəki haramları halal e᾽lan edən, mal və qanuni nikahı inkar edən və vacibatı saya salmayan «Qəramətə», «Məzdəkiyə» və «Xürrəmdiniyə» kimi inamlar yarandı. Bə᾽ziləri də tamamilə hərc-mərcliyə və qan tökməyə də᾽vət edirdilər və özlərindən başqa hamını kafir bilirdilər. Bunlar tarixdə «xəvaric» adı ilə məşhurdurlar.

Bu zülmlərin və ilahi hökmlərin mahiyyətinin dəyişdirilməsinin müqabilində ümmətin rastlaşdığı dəyişiklik və fikri iztirab, çalışmalar və müharibələrin qarşısında islamın doğru yolunu, haqq məktəbini bütün şəraitlərdə açıq bir şəkildə işıqlandıran və saleh müsəlmanların rəhbərliyini öhdələrinə alan yalnız Әhli-beyt (ə) olmuşdur.

Bu bəhsimizdə müxtəsər bir şəkildə Әhli-beyt (ə)-ın siyasi sahədə tə᾽qib etdikləri hədəf və üslublardan söz açmağa çalışacağıq.

ӘHLİ-BEYT (Ә)-İN SİYASİ SӘHNӘLӘRDӘ MÖVQEYİ

Hər kim Әhli-beyt (ə)-ın təxminən iki əsr yarım (islamın yaranışından Imam Zaman (ə)-ın qeyb olmasına qədər keçən müddət) boyunca siyasi həyat və mübarizələrini mütaliə edərsə, görər ki, Әhli-beyt (ə)-ın siyasi səhnədəki fəaliyyət və davranışları bu prinsiplərə əsaslanır:

1. Ümməti zülm və zalıma qarşı barışmaz etmək, ədalət məfhumunun əhəmiyyətini bildirmək, imamət məntiqini aydınlaşdırmaq və islamda dövlət və onun idarə olunmasını, yə᾽ni islam siyasətinin əsaslarını açıqlamaq.

Bunlardan məqsəd islam ümmətində siyasi şüur və biliyi o dərəcəyə yetişdirmək idi ki, zalımlara düşmən kəsilmək və islamın istədiyi imamın rəhbərliyi ilə ədalət hökumətini bərqərar etməyə doğru hərəkət etsinlər. Әhli-beyt (ə)-dan bu barədə nəql olunan sözlər və onların tarixdə səbt olunan davranışları və Peyğəmbəri-Әkrəmdən (s) nəql etdikləri hədislər onların müsəlmanlarda siyasi hissi oyatmaq və onlara islami şüur və idrakı vermək yolunda atdıqları addımların əhəmiyyətini göstərir...

Burada Әhli-beyt (ə)-ın zülmün qarşısında dayanması və siyasi durğunluğu hərəkətə gətirərək ümmətdə islahatçılıq ruhunu yerləşdirmək barəsindəki fikirləri ilə tanış olmaq üçün onlardan gələn hədis və rəvayətlərdən bir qisminə qısa şəkildə işarə edəcəyik:

«Nəxə qəbiləsindən olan bir yaşlı şəxsdən belə nəql olunubdur: Mən imam Məhəmməd Baqir (ə)-a dedim ki, bir çox müddət Həccac tərəfindən Vali tə᾽yin olunmuşdum. Indi görəsən mənim tövbəm qəbul olar? Imam (ə) bir şey buyurmadı. Mən sualı təkrar etdim. Buyurdu:

«Hər haqq sahibinin haqqını özünə yetirməyənə qədər, yox!»

Әbu Həmzə Somali də imam Məhəmməd Baqir (ə)-dan nəql edibdir ki, babası imam Zeynül-abidin (ə)-ın vəfat zamanı yaxınlaşanda onu bağrına basıb belə deyibdir:

«Ey oğul, sənə babamın vəfat elədiyi vaxtda mənə elədiyi vəsiyyəti edirəm. O da budur: Ey oğul Allahdan başqa heç kimi olmayan bir şəxsə zülm etməkdən uzaq dur». [Üsuli kafi 2-ci cild, zülm qismi (Küleyni)]

Və imam Sadiq (ə)-dan da nəql olubdur ki, belə buyurubdur:

«Heç bir zülm Allahdan ayrı bir kəsi olmayan şəxsə edilən zülmdən daha çətin deyildir».

Və yenə imam Sadiq (ə) cəddi Rəsulullahın belə buyurduğunu nəql edibdir:

«Zülm etməkdən uzaq durun ki, (bu dünyada) zülm etmək qaranlığdır». Yə᾽ni, qiyamət günü qaranlıqlarda qalmağa səbəb olar).

Yenə imam Cə᾽fər Sadiq (ə)-dan nəql olunubdur ki, belə buyurdu:

«Izzət və cəlal sahibi olan Allah bir zalımın hökumət etdiyi məmləkətdə yaşayan, öz peyğəmbərlərindən birinə vəhy elədi ki, get o zalıma de ki, Allah belə buyurur: «Mən səni qan tökmək və xalqın malını əllərindən almaq üçün başa gətirmədim. Mən sənə hökm etdim ki, məzlumların fəryadının Mənə tərəf ucalmasına mane olasan. Həqiqətən Mən onların məzlumiyyət fəryadını yerdə qoymaram. Hətta o məzlumlar kafir də olsalar».[Zikr edilən qaynaq]

Həmçinin o Həzrətdən (ə) nəql olunubdur:

«Zülm edən, ona yardım edən və ona razı olanların üçü də zülmdə şərikdirlər». [Zikr edilən qaynaq]

Və yenə buyurubdur ki:

«Hər kim bir zalımı zülmündə üzürlü göstərməyə çalışsa, Allah ona zülm edən bir şəxsi müsəllət edər və əgər o, «Allah, bu zülmü məndən uzaq eylə» deyərək dua eyləsə də, Allah onun duasını qəbul etməz və məzlumluğuna görə də Allah yanında bir mükafatı (savabı) olmaz». [Zikr edilən qaynaq]

Imam Sadiq (ə)-ın səhabələrindən olan Әbu Bəsr nəql edibdir:

«Aralarında alver üstündə münaqişəsi olan iki nəfər imam Sadiq (ə)-ın hüzuruna gəldilər. Imam (ə) onların sözlərinə qulaq verdikdən sonra belə buyurdu:

«Heç bir şəxs zülm ilə ələ gətirdiyi şeydən bir xeyir tapmaz. Bilin ki, zalım bir şəxsin məzlumun malından aldığından çox, məzlum şəxs zalımın dinindən alar».

Sonra buyurdu:

«Insanlara pislik edən, özünə pislik olanda onu inkar etməz! Bilin ki, insan öz əkdiyini biçər və heç bir şəxs acı toxumdan şirin bir məhsul və nə də şirin toxumdan acı məhsul götürməz». (Imamın bu söhbətindən sonra o iki şəxs oradan qalxıb bir-birləri ilə razılaşdılar).[Zikr edilən qaynaq]

Әhli-beyt (ə) həzrət Peyğəmbərdən (s) nəql ediblər ki:

«Hər kim bir zalımın zülm etdiyini bildiyi halda ona yardım etmək üçün onun yanına getsə «islam»dan çıxıbdır». [Müşkatül ənvar, zülm fəsili səh.315 (Təbərsi)]

Həzrət Peyğəmbərdən (s) belə rəvayət olunubdur:

«Bir saat ədalət ilə hökm etmək, yetmiş il ibadətdən (gecələrini yatmayıb, ibadət ilə keçirib, gündüzləri də oruc tutmaqdan) daha xeyirlidir. Və bir saat ədalətsizliklə hökm etmək, Allah yanında altımış ilin günahlarından daha çətindir».[Zikr edilən qaynaq səh.316]

Və Cabir ibni Әbdullahi Әnsari Rəsulullahdan (s) belə rəvayət edibdir:

«Kim Allahın qəzəb edəcəyi bir yol ilə bir sultanı razı edərsə, Allahın dinindən çıxıbdır». [Zikr edilən qaynaq səh.318]

həmçinin Rəsulullahın belə buyurduğu da nəql olubdur:

«Hər kim on nəfərin başçılığını öhdəsinə ala və onlar arasında ədalət ilə davranmaya, qiyamət günü əli, ayağı və başı baltanın küpündəki kimi bir deşikdən keçmiş halda məhşərə gələcəkdir». [Zikr edilən qaynaq səh.316]

Әmirəl-mö᾽minin Әli ibni Әbi Talibdən (ə) isə belə nəql olubdur:

«Hər kim müsəlmanların işlərindən bir işin başında ola, amma qapısını onların üzünə bağlaya və pərdəsini çəkə, belə bir şəxs qapısını ehtiyac sahibinin və şikayəti olanın üzünə açmadıqca Allahın qəzəb və lə᾽nətinə giriftar qalar». [Zikr edilən qaynaq səh.316]

Göründüyü kimi Әhli-beyt (ə) öz səhabələrini və digər müsəlmanları zülmdən və zalımdan şiddətlə uzaq durmaq prinsipinə əsaslanaraq tərbiyə etmək istəmiş və bu yolla onları yaşadıqları cəmiyyəti islah etmək üçün hərəkətə gəlməyə və siyasi səhnəyə daxil olmağa lazımı yolla təşviq etmişdir.

2. Rabitə və əlaqəni kəsmək üsulu:

Zalım idarəçilər müqabilində Әhli-beyt (ə)-ın istifadə etdikləri mühüm üsullardan biri də əməldə onlarla əlaqəni kəsmək və onlardan uzaq durmaq idi.

Necə ki, əvvəldə nəql etdiyimiz rəvayətlərdən də bu mə᾽na anlaşılırdı. Məsələn, «Hər kim bir zalımın zalım olduğunu bildiyi halda ona yardım üçün onun yanına getsə, islamdan çıxıbdır» və «Zülmü edən, ona yardım və ona razı olan şəxslərin hər üçü zülmdə şərikdirlər» və sairə bu kimi hədislər.

Әhli-beyt (ə) zalımlardan uzaq durmağa və onlarla rabitəni kəsməyə və onlara yardım etməməyə açıq şəkildə əmr etmişdirlər. Bir hədisdə nəql olunubdur ki:

«Qiyamət günü olanda (bir münadi) nida edəcək ki, zalımlar və zalımlara yardım edənlər haradadır. (Hətta) o kəslər ki, onlara minik hazır ediblər, ya onların kisələrinin ağzını bağlayıblar və ya qələmlərini onlar üçün mürəkkəbə batırıblar. Onların hamısını birlikdə məhşur eləyin». [Biharul-ənvar 75-ci cild səh.372 (Әllamə Məclisi)].

Әhli-beyt (ə) Әməvi və Abbasi hakimləri müqabilində bu üsula yə᾽ni, zalımlarla rabitəni kəsmək, onlardan uzaq durmaq və onlara yardım etməmək üslubuna əhəmiyyət vermişlər. Yə᾽ni, imam Zeynül-abidin (ə), sonra imam Məhəmməd Baqir (ə), sonra imam Cə᾽fər Sadiq (ə), sonra imam Musa Kazim (ə), sonra imam Musər-Riza (ə), sonra imam Məhəmməd Cavad (ə) və daha sonra imam Hadi (ə) və sonra da imam Həsən Әsgəri (ə) öz zamanlarının Әməvi və Abbasi sülaləsindən olan zalım hakimlərinin müqabilində zalımlardan uzaq durmaq, onlarla rabitəni kəsmək və onlara heç bir surətdə yardım etməmək (prinsiplərinə) əməl etmişlər. Bu (məsələnin aydınlaşması üçün) daşürəkliyi və qan tökməsi ilə məşhur olan Abbasi xəlifəsi Mənsurun müqabilində imam Cə᾽fər Sadiq (ə)-ın tutduğu mövqeyə işarə edəcəyik.

Tarixçilər yazıblar ki, Mənsur, imam Sadiq (ə)-a bir məktub yazaraq imamdan istədi ki, onun yanına gedib onunla birlikdə olsun. O, öz xəyalında imamı da saray mühitinə gətirmək istəyirdi. Amma Imam (ə) şiddətlə onun bu istəyini rədd elədi. Әlbəttə zülm və zor hakim olan bir şəraitdə belə bir şeyi rədd etmək çox çətin bir iş hesab olurdu.

Mənsurun imam Cə᾽fər Sadiq (ə)-a yazdığı məktubda qeyd olunmuşdur:

«....Ayrılarının (xalqın) bizim ətrafımızı bürüdüyü halda, sən niyə bizim yanımızda olmursan?»

Imam Sadiq (ə) cavabında yazdı ki:

«Bizim nə səndən qorxmağımıza səbəb olacaq bir şeyimiz var (ki, onu əlimizdən almayasan deyə sənin yanına gələk) və nə də səndə axirətə aid olan bir fəzilət var ki, ona görə sənə bir ümidimiz ola... Və nə sən bir ne᾽mətdəsən ki, səni təbrik edək və nə də onu bir əzab görürük ki, sənə başsağlığı verək...»

Mənsur bu cavabı oxuduqdan sonra Imam (ə)-a yazdı ki:

«Məqsədim budur ki, bizimlə olasan və bizə nəsihət edəsən.»

Imam Sadiq (ə) cavabında yazdı:

«Hər kim dünyanı istəsə sənə nəsihət etməz, hər kim axirəti istəsə sənin yanında durmaz (səninlə həmsöhbət olmaz)». [Әl-imamüs-Sadiq, səh.139 (Məhmud Әbu-Zöhrə)]

Allahın hökmlərini icra etməyən zalım hakim və sultanlara qarşı Әhli-beyt (ə)-ın bu aşkar mövqe və davranışına bağlı qalan şiə fəqihləri zalımlara yardım etməyin və onlar tərəfindən bir işi qəbul etməyin haram olduğuna fətva vermişlər. Şiə müctehidlərinin «Məkasibi muhərrəmə» (haram kəsblər) fəslində bu barədə fətvaları şiə fiqhini bilənlərin nəzərində mə᾽lumdur.

Məsələn, Şəhid Әvvəl [Şiə alimlərinin böyüklərindəndir. 734-786 hicri illərində yaşamışdır] ləqəbi ilə məşhur olan Məhəmməd ibni Cəmal Məkki Amili (r.ə.) «Lüm᾽ə» adlı kitabında haram kəsbləri sayarkən «zalımlara zülmlərində yardım etməyi» də sayıbdır. Adı çəkilən kitabın şərhində mərhum Şəhid Sani izah üçün qeyd edibdir ki, «məsələn, zalımlar üçün bir yazı yazmaq və ya məzlumu onların yanına gətirmək kimi...» [«Әr-rövzətül-bəhiyyə fi şərhil-lümətüd-dəmeşqiyyə» 2-ci cild, səh.213 (Şəhid Sani)]

Həmçinin fəqihlər zalım tərəfindən bir iş və vəzifə qəbul etməyi haram bilmişlər, yalnız bir şəxs bu yolla islama xidmət etməyə və ayrılarını zülmə düçar olmaqdan qurtarmağa imkanı olsa, müstəsna xarakteri daşıyır.

3. Qiyam etmək və qiyam edənlərdən himayə etmək:

Zalımın müqabilində qiyam etmək və onun zülmünə boyun əyməmək bir əsasdır ki, islam onu «mə᾽rufa əmr etmək və münkərdən çəkindirmək» ünvanı ilə rəsmən tanıtmış və ona çox əhəmiyyət vermişdir.

Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunubdur:

«Şəhidlərin ağası bir «Həmzə»dir və bir də o şəxsdir ki, bir zalım sultanın müqabilində qiyam edə və ona əmr be mə᾽ruf və nəhy əz münkər edə və nəhayət (sultan onu) öldürə» [«Məqtəlül-Hüseyn» 1-ci cild səh.88 (Xarəzmi)]

Hər kim Әhli-beyt (ə)-ın həyatlarında apardıqları siyasi mübarizələrini tədqiq etsə görər ki, Әhli-beyt (ə) xüsusi bir mübarizə və qiyam xəttini vücuda gətirmişlər. Ayrı ifadə ilə desək, onlar qiyam və mübarizələrin rəhbərliyini öhdələrinə almışdılar.

Müaviyə islamın təməlini qazmaq məqsədiylə müsəlmanları idarə etmək üçün lazım olan şərtlərdən heç birini özündə daşımayan oğlunu özündən sonra müsəlmanların xəlifəsi e᾽lan etməsi müqabilində, imam Hüseyn ibni Әli (ə) sakit qalmayıb qiyam etdi. Mədinədən hərəkət edib Məkkəyə gəldi və orada dörd ay qalıb, xalqa Yəzidin iş başına gəlməsinin islam və müsəlmanlar üçün böyük təhlükə olduğunu bəyan etdikdən sonra, Iraqa doğru hərəkət etdi və Iraqda, Kərbəla çölündə, Yəzidin sayı çox olan ordusunun müqabilində təslim olmayıb, yetmiş iki nəfər ilə birlikdə şəhadətə çatdı və öz müqəddəs qanının tökülməsinə, övlad və səhabələrinin məzlumcasına şəhid olmalarına və uşaqlarının əsir düşməsinə razı oldu. Amma razı olmadı ki, zalımlar Peyğəmbərin (s) dinini paymal edələr, haqq və ədaləti ayaq altına salalar.

Bu pak qanlar islam ümmətinin yatan vicdanını oyatdı və onların zülm müqabilindəki süstlüyünü aradan apardı.

Bəli, bu qiyam zalım hakim və sultanlar müqabilində və onlara bey᾽ət edib boyun əymək qarşısında həyata keçirilən ilk inqilab idi. Bu inqilab təslim və sazişə çağıran, zülmü qanuni göstərən pula satılmış alimlərin islamdan və dindən uzaq olduqlarını göstərən ilk hərəkat idi.

O alimlər ki, Peyğəmbərin (s) aşkar sünnəsini qoyub, xalqı zalıma bey᾽ət etməyə və ya zalım nə iş görsə də bey᾽ətə vəfalı qalmağa də᾽vət edirdilər. Halbuki, Peyğəmbər (s) aşkar buyurmuşdur ki:

«Allahın əmrinə üsyan edən şəxsin and içməsi və söz verməsi qəbul olunmaz».

Və yenə buyurmuşdur ki:

«Xaliqə (yaradana) üsyan etmək işlərində məxluqa (yaradılana) itaət olunmaz».

Allah-taala Qur᾽ani-kərimdə buyurubdur:

«Və zülm etmiş şəxslərə ürək bağlamayın ki, atəş (cəhənnəm odu) sizi də yandırar».

Həzrət Peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə) qiyam edib, 61-ci hicri ilində Kərbəlada şəhid olaraq müsəlmanları düz yoldan uzaqlaşdıran və onları zülmün müqabilində təslim olmağa, ona razı olmağa çağıran fikirləri batil etdi və qiyam, şəhadət səsini dünyada satılıb zülmə boyun əymək çağırışından uca etdi.

Imam Hüseyn (ə) öz qiyam və inqilabının əsas amillərini bu hərəkatdakı hədəfini islam ümmətinə açıqca bəyan edərək buyurmuşdur:

«Mən təkəbbür, azğınlıq, fəsad və zalımlıq üçün qiyam etməmişəm. Mən qiyam etmişəm ki, cəddim Rəsulullahın (s) ümmətini islah etməyə çalışam və istəyirəm ki, «Mə᾽rufa» əmr və «münkərdən» nəhy edəm. Və öz cəddimin və atamın getdiyi yolla gedəm». [«Әl-irşad» səh.204 (Şeyx Müfid)].

Kufə əhlinə yazdığı məktubda da müsəlmanlara rəhbərlik edən şəxsin hansı sifətlərə malik olduğunun lazım olmasını bəyan edərək buyurmuşdur:

«And olsun canıma ki, ədalət və bərabərliyi əsas tutmayan, həqiqi dinə bağlı olmayan və Allah xatirinə öz nəfsinin qabağını ala bilməyən hakim imam ola bilməz».

Bəsrənin böyüklərinə yazdığı məktubda da bu cümlələri qeyd etmişdi:

«Və mən sizi Allahın kitabına və Peyğəmbərin sünnəsinə də᾽vət edirəm. Çünki, həqiqətən sünnə məhv edilib və bid᾽ət dirildilibdir. Әgər mənim sözümə qulaq versəniz və əmrimə itaət etsəniz sizi kamal və səadət yollarına hidayət edərəm». [«Məqtəlül-Hüseyn» səh.141-142 (Әbdür-Rəzzaq Möqrim)]

Beləcə imam Hüseyn (ə), zalım olan hakimin müqabilində qiyam etməyin caiz və qanuni olduğunu isbat etdi və xalqı bir müqəddəs iş olaraq zalımların müqabilində mübarizə aparmaq fikri ilə tanış etdi.

Әhli-beyt (ə)-ın siyasi fəaliyyətləri göstərir ki, onlar imam Hüseyn (ə)-ın qiyamından sonra islam məmləkətlərində iki yüz il boyunca Әləvilər (seyyidlər) tərəfindən vücuda gətirilən qiyamları himayə etmişlər.

Nümunə olaraq imam Zeynül-abidin (ə)-ın oğlu «Zeyd»in qiyamı ki, islam tarixində çox mühüm tə᾽sirləri olan bir qiyamdır. Bu qiyam imam Cə᾽fər Sadiq (ə)-ın zamanında baş vermişdir. Imam Sadiq (ə) onun hərəkatını təsdiq etmiş və «Zeyd»in şəhadəti imamı çox narahat etmişdir.

Füzeyli Rəssan nəql edir ki:

«Zeyd ibni Әlinin şəhadətindən sonra imam Cə᾽fər Sadiq (ə)-ın yanına gəldim. O Həzrət (ə) məni bir otaqdan ayrı bir otağa apardı. Sonra mənə dedi:

«Ey Füzeyl, əmim Zeyd şəhid olubdur?»

Dedim ki, sənə fəda olum, bəli.

Buyurdu: «Allah ona rəhmət eləsin! Bil ki, o, mö᾽min, arif, alim və doğru danışan idi. Bil ki, əgər o, zəfər çalsaydı, (əhdinə) vəfa edəcəkdi və imaməti öz sahiblərinə verəcəkdi. Həqiqətən, əgər o, dövləti və qüdrəti əlinə keçirsəydi, onu kimə təslim edəcəyini yaxşı bilirdi». [Biharul-ənvar, 47-ci cild səh.325 (Әllamə Məclisi)]

Göründüyü kimi Әhli-beyt (ə) qiyamlardan himayə edirdilər... Və imamlarla Әləvi qiyamçıları arasında qarşılıqlı əməkdaşlığı var idi.

Bu siyasi himayənin ən gözəl nümunələrindən biri də imam Musa Kazim (ə)-ın məşhur «Fəxx» qiyamının rəhbəri Hüseyn ibni Әlinin hərəkat və qiyamını himayə etməsidir. Bu qiyam 169-cu hicri ilinin Zil-qə᾽də ayına təsadüf edir.

Tarixin yazdığına görə, imam Musa Kazim (ə) bu hərəkatın lazımı zəminə və şəraiti olmadığına görə zəfərə yetişməyəcəyini bildiyi halda, yenə də qiyamçıların yanında mövqe seçir və onları himayə edirdi.

Buna görə də Imam (ə) qiyam rəhbərinə buyurmuşdu:

«Sən qətlə yetiriləcəksən, silahı iti saxla! Çünki, bu qövm fasiqdir və özlərini imanlı göstərirlər. Amma qəlblərində nifaq və şirki gizlədirlər. Bəs mən sizi Allahın öhdəsinə qoyuram». [Məqatilüt-talibin, səh.447 (Әbul Fərəc Isfəhani)]

Elə ki, Hüseyn Fəx qiyamının rəhbəri və əshabı şəhid oldular və onların başını zalım Abbasilərə gətirdilər, imam Musa Kazim (ə)-a dedilər: «Bu Hüseynin başıdır.»

Imam (ə) buyurdu: «Bəli!

«Allaha and olsun ki, o saleh müsəlman, oruc tutan, xeyir işlərə də᾽vət edən və pis işlərdən çəkindirən olduğu halda, dünyadan getdi və öz sülaləsində özü kimisi yox idi.» [Zikr edilən mənbə səh.455]

Hüseyn xalqı qiyam də᾽vət edəndə belə deyirdi:

«Mən sizi Ali Məhəmməddən (s) olan bəyənilmiş bir şəxsə tabe olmağa də᾽vət edirəm və içinizdə Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə əməl etməyə, xalqın arasında ədaləti hakim etməyə də᾽vət edirəm.»[Zikr edilən mənbə səh.450]

Göründüyü kimi «Fəxx» qiyamının rəhbəri Hüseynin də᾽vəti, Peyğəmbərin (s) sülaləsindən imamətə layiq olan, bəyənilmiş bir şəxsə tabe olmaqdır. Və ola bilər ki, onun məqsədi imam Musa Kazim (ə)-ın özü imiş... Necə ki, «Zeyd»in qiyamı da eyni hədəflər yolunda idi. Imam Sadiq (ə) da buna görə ona rəhmət göndərib, onun xilafəti öz yerinə qaytarması üçün qiyam etdiyini bildirmişdi.

Abbasi sultanları da Әhli-beyt (ə)-ın bu qiyamları müdafiə etdiyini bilirdilər. Әllamə Məclisi bu barədə nəql etmişdir ki, «Fəxx» qiyamından sonra Abbasi sultanı o qiyamda iştirak edənləri və onu himayə edənləri sayıb onların əleyhinə danışırdı ki, imam Musa Kazim (ə)-dan söz açıldı. O, imamın əleyhinə danışıb dedi: «And olsun Allaha ki, Hüseyn onun əmri ilə qiyam etmişdir. Çünki, Әhli-beyt arasında vəsiyyət sahibi odur. Mən əgər onu (Musa Kazim (ə)-ı) öz halına qoysam, Allah məni öldürsün.» [Biharul-ənvar, 48-ci cild, səh.151 (Әllamə Məclisi)]

Imam Məhəmməd Cəvad (ə) da bu qiyam haqqında öz mövqeyini belə bəyan etmişdi:

«Kərbəladan sonra «Fəxx»dən daha çətin bir qətlgahımız olmayıbdır.»[Zikr edilən mənbə səh.165]

Bu misallardan anlaşıldığı kimi qiyam etmək və qiyam edənləri himayə etmək Әhli-beyt (ə)-ın zalım dövlətlər və sultanlar müqabilində tutduqları mühüm şivələrdən biridir.

4. Siyasi müqavimət:

Islam ümmətinin siyasi həyatında Әhli-beyt (ə)-ın zalımlar müqabilində ayrı bir siyasi cəbhə vücuda gətirərək müqavimət etməklərinin mühüm bir yeri və rolu var.

Allah əhkamını icra etməyib, ədalətlə davranmamaqla qüdrəti əlinə alan hər hansı zalım sultan bu üç əsrə yaxın bir müddət ərzində Әhli-beyt (ə)-dan birini öz müqabilində görübdür. Hər bir Imam (ə) öz zamanındakı siyasi müqavimətin rəhbəri idi. Xalq imamlara mübarizələrinin mehvəri, doğruluq və qanunilik me᾽yarı kimi baxırdılar... Әhli-beyt (ə)-ın varlıqları bir məş᾽əl kimi müsəlmanların mübarizə yolunu işıqlandırırdı.

Әhli-beyt (ə)-ın bu mövqeyini, müsəlmanların oyanmasındakı rollarını və qəlblərdəki tə᾽sir və məhəbbətlərini düşmənlər də, yə᾽ni islam və ədalətdən uzaq olan zalım Bəni-Üməyyə və Bəni-Abbasi sultanları da bilirdilər.

Buna görə də Әhli-beyt (ə)-ın dostlarına qarşı rüşvət və məqam, ya öldürmək və tabe etmək kimi aldatmaq və ya qorxutmaq vəsilələrinə əl atıb müsəlmanları Әhli-beyt (ə)-dan ayrı salmağa və Әhli-beyt (ə)-ın cəmiyyətdəki tə᾽sirlərini azaltmağa çalışırdılar.

Bu cəhətdən də Müaviyə həzrət Әli (ə)-ın xilafətinə boyun əymədi və Həzrətlə müharibəyə girişdi və həzrət Әli (ə)-ın şəhadətindən sonra da imam Həsən (ə)-ın müqabilində durub, o Həzrət (ə) ilə də müharibə etməyə təşəbbüs etdi və çoxlu pak insanları məhz Әhli-beyt (ə)-ı sevdiklərinə görə şəhid etdi. Nəhayət imam Həsən (ə)-ı da zəhər ilə şəhid etdi.

Müaviyədən sonra oğlu Yəzid də (Allahın lə᾽nəti ona olsun) Әhli-beyt (ə)-ın siyasi mövqeyinə toxunmaq məqsədi ilə tarixdə misli görünməmiş bir cinayətə əl atdı və Peyəğəmbərin (s) sünnəsini diriltmək və zülmü aradan aparmaq üçün qiyam edən imam Hüseyn (ə)-ı Kərbəlada öz övladları və səhabələri ilə birlikdə şəhid edib arvad-uşaqlarını da əsir tutdular.

Imam Hüseyn (ə)-dan sonra müsəlmanlar imam Әli ibni Hüseyn Zeynül-abidin (ə)-ı Bəni-Ümməyənin zülmü müqabilində müqavimət nişanəsi olaraq görürdülər. Buna görə də qiyam edənlər, O həzrətdən icazə alırdılar. Imam Zeynül-abidin (ə)-ın zamanında imam Hüseyn (ə)-ın intiqamını almaq və Әhli-beyt (ə)-i müdafiə etmək üçün bir çox qiyamlar meydana gəldi. O cümlədən Mədinə qiyamı, Məkkə qiyamı, Muxtar qiyamı və Təvvabin qiyamı bunların ən mühümlərindən sayılır.

Imam Zeynül-abidin (ə)-ın özü aşkar şəkildə hərəkət etməməsinə baxmayaraq, müsəlmanların və qiyamçıların nəzərində o mübarizənin simvolu və başçısı sayılırdı.

Imam Zeynül-abidin (ə)-ın Yəzid ibni Müaviyə, Mərvan ibni Həkəm və Әbdüllah ibni Mərvan kimi o zamanda hakimiyyət başında olan zalım Әməvi sulatanları müqabilində mövqeyi aşkar olmayan həqiqi bir müqavimət idi... Bu cərəyan imam Hüseyn (ə)-ın qatillərindən intiqam alan Muxtarın qiyamına qədər davam etdi. Imam Zeynül-abidin (ə) çox dərin mə᾽naya malik olan dualar vasitəsi ilə də müsəlmanlara islamın həqiqi yolunu bəyan etmişdir. [Imam Zeynül-abidin (ə)-ın duaları «Səhifeyi Səccadiyyə» adlı bir müqəddəs kitabda toplanmışdır]

Imam Zeynül-abidin (ə)-dan sonra bu müqavimət və rəhbərlik oğlu imam Məhəmməd Baqir (ə)-ın öhdəsinə düşmüşdür. Imam Məhəmməd Baqir (ə)-ın Әməvi sultanları tərəfindən, xüsusi ilə Hişam ibni Әbdül-Məlikdən çəkdiyi əziyyət və zülmlər bunu açıqca isbat edir.

Imam Məhəmməd Baqir (ə)-ın zamanında qardaşı «Zeyd»in rəhbərliyi ilə «Әləvi» qiyamı meydana gəlmişdir.

Әməvi xəlifəsi Hişam yaxşı bilirdi ki, bu siyasi hərəkət və mübarizənin qaynağı imam Məhəmməd Baqir (ə) və oğlu imam Cə᾽fər Sadiq (ə)-dır. Buna görə də onların hər ikisini Mədinədən xilafətin paytaxtı olan Şama gətirdi. Imam Məhəmməd Baqir (ə) Әməvi sultanının məclisinə varid olan zaman əli ilə məclisdə oturanlara işarə edib onlara salam verdi. Amma Әməvi sultanı Hişam xəlifə ünvanı ilə salam vermədi və ondan icazə istəmədən əyləşdi. Bunu görən Hişam daha da narahat olaraq dedi:

«Ey Məhəmməd ibni Әli, həmişə sizlərdən biri çıxıb müsəlmanların birliyini, bərabərliyini aradan aparır, xalqı özünə tərəf də᾽vət edib avamlıq və biliksizliyindən özünü imam sayır». Hişam bu sözləri deməklə çalışırdı ki, imam Məhəmməd Baqir (ə)-ı ittihamlandırsın. Hişam sakit olduqdan sonra məclisdə olanlar onlara qabaqca verdiyi tə᾽lim və əmrə görə imam Məhəmməd Baqir (ə)-ı danlamaq istəyirdilər...

Imam (ə) vəziyyəti belə gördükdə ayağa qalxıb məclisin ortasında dayanaraq buyurdu:

«Ey camaat hara gedirsiniz? (Yə᾽ni, niyə yolunuzu itirmisiz?). Və sizi hara aparmaq istəyirlər? Allah bizim xatirimizə sizlərin əvvəlinizi (atalarınızı) hidayət etdi və bizə görə sizlərin axırınızı xətm edəcək. Әgər indi dünya sizin olubdursa; (Allah nəzərində) mə᾽lum olan vaxtda həyata keçəcək hakimiyyət bizimdir. Bizim səltənətimizdən sonra artıq ayrı bir səltənət olmayacaqdır; Çünki, bizlər «aqibət» əhliyik və Allah-taala buyurur ki: «Aqibət təqvalılar üçündür».

Bu sözlərdən sonra Hişam imam Məhəmməd Baqir (ə)-ın həbs edilməsinə əmr verdi və beləliklə imamı həbs etdilər... [«Әlmənaqib» 4-cü cild imam Məhəmməd Baqir (ə)-an Şama aparılması məsələsi (Ibni Şəhr Aşur)]

Amma imam Məhəmməd Baqir (ə) zindanda olmağından istifadə edərək, həbsdəkiləri islam məktəbinin həqiqəti ilə tanış edib onları siyasi cəhətdən oyatmağa çalışdı. Imamın (ə) müqəddəs vücudu zindanda o qədər tə᾽sir buraxdı ki, zindanın məs᾽ulu Hişamın yanına gələrək zindanda yaranan təhlükəli vəziyyəti və Imamın (ə) orada icad etdiyi tə᾽siri ona bildirdi. Hişam bu tə᾽sirdən qorxuya düşüb imamın zindandan azad olunmasına və səhabələri ilə birlikdə rəsmi şəkildə Mədinəyə qaytarılmasına əmr etdi». [Zikr edilən qaynaq]

Ibni Cərir Təbəri də yazır ki, imam Məhəmməd Baqir (ə) ilə xristianların (məsihilərin) rəhbəri arasında baş verən bir bəhs nəticəsində Imamın (ə) mə᾽nəvi və fikri üstünlüyü Şam əhalisi arasında yayılmağa başlamışdı. Bu vəziyyətdən qorxuya düşən Hişam, imamı Mədinyə qaytardı...» [«Dəlailül-immə», imam Məhəmməd Baqir (ə)-ın həyatı (Məhəmməd ibni Cərir Təbəri)].

Imam Məhəmməd Baqir (ə)-dan sonra oğlu imam Cə᾽fər Sadiq (ə)-ın mübarizə dövranı başlayır. Bu dövran acı və çətin hadisələrlə doludur. Ümumiyyətlə, islam ümməti məxsusən Peyğəmbərin (s) pak nəsli tarix boyu müxtəlif məşəqqətlərlə üz-üzə gəlmişdir...

Müxtəlif hadisələrlə dolu olan bu dövranda imam Cə᾽fər Sadiq (ə)-ın zalım Әməvi və Abbasi sultanlarının müqabilində aşkar bir qiyamı davam etdirməklə, islam adından aparılan həqiqi mübarizə və müqavimətin rəhbərliyini daşıyırdı.

Buna görə də qiyam edənlər imam Cə᾽fər Sadiq (ə)-dan onların mübarizələrini aşkar şəkildə himayə etməsini, hətta qiyamlarının rəhbərliyini öhdəsinə almasını istəyirdilər. Məsələn, Әbu Müslüm Xorasani imam Cə᾽fər Sadiq (ə)-ın yanına gəlib ona qiyamın rəhbəri kimi bey᾽ət etmək istədi. Amma imam Cə᾽fər Sadiq (ə) o zamanın şəraitini belə bir qiyama münasib olmadığını bildirərək bu təklifi rədd etdi.

Abbasi sultanlarının birincisi olan Әbül Abbas Səffah imam Cə᾽fər Sadiq (ə)-ın mövqeyini və müqavimətdəki rolunu bildiyi üçün Imam (ə)-dan qorxurdu. O, hətta Imamı (ə) öldürməyi təşəbbüs göstərdi. Amma, Allah-taala ona bu fürsəti vermədi... O, bir dəfə imam Cə᾽fər Sadiq (ə)-ı Mədinədən Hirəyə apardı və orada onu şiddətli nəzarət və təzyiqdə saxladı.

Әbu Cə᾽fər Mənsur da səltənətə yetişən zaman öz sələfi Səffah kimi Imamın (ə) mə᾽nəvi rəhbərliyindən və müqavimət simvolu olmasından qorxdu. Buna görə də bir neçə dəfə Imamı (ə) ittihamlandırmaq üçün Mədinədən Iraqa apardı...

Mənsur Imamı (ə)-ın güclü mə᾽nəvi və siyasi şəxsiyyəti müqabilində olan acizliyini e᾽tiraf edərək belə deyirdi:

«Bu şəxs (imam Cə᾽fər Sadiq (ə)) xəlifələrin boğazına ilişib qalan bir tikandır ki, onu nə sürgün etmək olur, nə də öldürmək. Әgər o, kökü təmiz, gövdə və meyvələri gözəl olan bir mübarək ağacdan (nəsildən) olmasaydı, hansı ki, səmavi kitablarda onun müqəddəs olduğu yazılıbdır, o da (imam Cə᾽fər Sadiq (ə)-da) aqibəti yaxşı olmayanlardan olardı. Çünki o, gələn xəbərlərə görə bizə çox zərbə vurur və bizim haqqımızda pis sözlər deyir... [«Әl-imamüs-sadiq səh. 138 (Məhmud Әbu Zöhrə)].

Beləliklə aydın olur ki, imam Cə᾽fər Sadiq (ə)-ın mövqeyi zalım sultanlar müqabilində müqavimət göstərmək, xalqı oyatmaq və bu yolda onlara rəhbərlik etməkdən ibarət idi.

Imam Cə᾽fər Sadiq (ə)-dan sonra oğlu imam Musa Kazim (ə)-ın müqavimət dövrü başlandı. Imam Musa Kazim (ə)-da öz zamanının islamdan yayınan və müsəlmanların məsləhətini öz şəxsi istəkləri yolunda tapdalayan Abbasi sultanları müqabilində xalqı oyatdı və onlara zalımlara qarşı mübarizə aparmaq yolunda rəhbərlik etdiyi üçün Abbasilər tərəfindən müxtəlif işkəncə, əziyyət və zindanlara mə᾽ruz qalmışdır.

Peyğəmbərin (s) nəslinə çox zülm edən, mallarını talan edib hətta onlardan bir qismini diri-diri daş yerinə divarlara hördürərək şəhid edən Abbasi sultanı Әbu Cə᾽fər Mənsur imam Musa Kazim (ə)-ı güclü nəzarət altına almışdı.

Mənsurdan sonra səltənətə yetişən Məhdi Abbasi imam Musa Kazim (ə)-ın ümmət arasındakı dərin nüfuz və mövqeyindən qorxuya düşərək mühakimə və təhqiq üçün Imamı (ə) Mədinədən Bağdada gətirib zindana saldı və orada Imamı (ə) cürbəcür işgəncələrə mə᾽ruz qoydu. Amma Abbasi sultanı bir gün yuxusunda həzrət Әli (ə)-ın ona xitab edərək bu ayəni oxuduğunu gördü:

«Hakimiyyətə çatdıqda yer üzündə fitnə-fəsad törədib, (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq istəyirsinizmi?»

Bu yuxudan qorxuya düşən Abbasi sultanı Məhdi, Imamın (ə) zindandan azad edilməsinə əmr verdi.

Məhdi Abbasidən sonra səltənətə yetişən Hadi Abbasinin zamanında həzrət Peyğəmbərin (s) nəslinə və imam Musa Kazım (ə)-a olan zülm və işgəncə daha da şiddətləndi. Hadi Abbasi, xüsusi ilə «Fəxx» qiyamından sonra zülmünü daha da artırıb, onların bə᾽zilərini sürgünə göndərmək və bə᾽zilərini öldürməklə bu nəsli tamamilə yox etməyə çalışırdı...

Imam Musa Kazım (ə)-a çox şiddətli zülm edən Hadi, hətta Imamı (ə) öldürməklə hədələdi və bu işə təşəbbüs də göstərdi. Amma tarixçilərin yazdığına görə o, qazi Әbu Yusifin vasitəçiliyi ilə bu qərarından əl çəkdi. Öldürülmək yerinə onun həbs olunmasına göstəriş verdi.

Amma Hadi Abbasinin tez çatan ölümü onun bu qərarının icra olunmasına mane oldu.

Sonra iş başına gələn Harun-ər-Rəşidin də imam Musa Kazim (ə)-a qarşı zülmü çox şiddətli idi.

O, Imamı (ə) Mədinədən Iraqa gətirib həbs etdi, ağır əziyyət və işgəncələrə mə᾽ruz qoydu. Hətta zindanda Imamın (ə) boynunu və ayaqlarını ağır zincirlərlə bağlatdırdı. Imamı (ə) bir zindandan o biri zindana aparıb neçə il zülm və işkəncə ilə dolu həbslərdə saxlatdıqdan sonra təhlükəsizlik mə᾽murlarının rəisi olan Sindi ibni Şahik adlı bir yəhudiyə, Imama (ə) zindanda zəhər verib öldürməsini əmr olundu. Beləliklə Imam (ə) 183-cü hicri ilinin Rəcəb ayının 25-də Harun-ər-Rəşidin əmri ilə verilən zəhərlə zindanda şəhid oldu.

Imam Musa Kazim (ə)-dan sonra oğlu imam Riza (ə)-ın dövrü başlayır. Bu dövrdə müsəlmanların oyanması, Әhli-beyt (ə)-a olan məhəbbətin yayılması ilə müqavimətin çox qüdrətli şəkil alması və imam Riza (ə)-ın ümmət arasındakı mə᾽nəvi nüfuzunun nəticəsində Abbasi sultanı Mə᾽mun, xalq arasında özünə hörmət qazanmaq və imamın mə᾽nəvi nüfuzunu azaltmaq üçün, nəyin bahasına olursa olsun, özünü Imama (ə) yaxın göstərməyə çalışırdı.

Buna görə də Mə᾽mun, Imamı (ə) özünə vəliəhd olmağa məcbur etdi.

Imam Riza (ə) da çarəsizlikdən dövlətin heç bir işinə dəxalət etməmək, hökuməti və heç bir mə᾽suliyyəti öhdəsinə almamaq şərti ilə Mə᾽muna vəliəhd olmağı qəbul etdi.

Amma Imamın (ə) varlığını hər bir şəraitdə özünə təhlükə görən Abbasi sutanı Mə᾽mun, bir müddət sonra Imama (ə) zəhər verib şəhid etdi.

Imam Riza (ə)-dan sonra imamət məqamı Allahın əmri ilə imam Məhəmməd Cavada (ə) yetişdi. Imam Cavad (ə)-ın imamətinin ilk çağları Mə᾽mun ilə bir dövrə təsadüf edirdi.

Mə᾽mun müsəlmanların məhəbbətini qazanmaq və Imamın (ə) rəhbərlik etdiyi mübarizləri özünə doğru çəkə bilmək üçün. Imam (ə) ilə zahirdə yaxşı rəftar edərək qızı Ümmi Fəzli Imama ərə verdi. Amma imam Cavad (ə)-ın mövqeyindən sui istifadə edə bilməyəcəyini görən Mə᾽mun imam Cavad (ə)-dan əl çəkdi. Beləliklə Imam (ə) Bağdadı tərk edib Mədinəyə qayıtdı...

Mə᾽mun öldükdən sonra oğlu Mö᾽təsəm səltənətə yetişdi. O, Imamın (ə) Mədinədə olmasını öz səltənəti üçün təhlükəli bilib onu Mədinədən Bağdada gətirtdi. Bununla o, bir tərəfdən Imamı elm mərkəzi olan Mədineyi-münəvvərdən uzaqlaşdırmaqla onun müsəlmanlar arasındakı fikri və elmi tə᾽sirini azaltmaq istəyir, digər tərəfdən də onun mübarizlərlə rabitəsini kəsməklə, bir başa mərkəzin nəzarəti altında yaşamasını düşünürdü.

Amma Imamın (ə) harada olmasından asılı olmayaraq nüfuz və tə᾽sirinin müsəlmanlar üzərində davam etdiyini görən Abbasilər, imam Məhəmməd Cavad (ə)-ı Mədinədən gətirdikləri ildə, yə᾽ni 225-ci hicri ilində zəhərləyib gənc çağında şəhid etdilər.

Imam Məhəmməd Cavad (ə)-dan sonra imamət məqamı Allah-taalanın əmri ilə oğlu imam Әliyyəl Hadi (ə)-a, yə᾽ni onuncu imama yetişdi... Və imam Hadi (ə) müsəlmanların zalımlar qarşısındakı müqavimətlərindəki rəhbərliyini öhdəsinə aldı.

Abbasi sultanlarından olan Mütəvəkkil bu dövrdə səltənətə yetişmişdi. O, Peyğəmbərin (s) övladlarına düşmənçiliyi və Әhli-beytin (ə) dostlarına ədavəti ilə tanınan, onları nahaq yerə öldürən, hüquqlarını tapdalayan və xalqı onlara yardım etməkdən məhrum edən bir şəxs idi...

Imam Hadi (ə)-ın Mədinədə olması və xalq arasında olan nüfuzu onu qorxuya salırdı. Buna görə də Imam Hadi (ə)-ı nəzarətdə saxlamaq üçün Mədinədən Iraqa gətirdi. Və hərbi məntəqə olan Samirrada qalmağa məcbur etdi. Bununla da kifayətlənməyib bir neçə dəfə Imam Hadi (ə)-ı öldürməyə və ya həbs etməyə təşəbbüs göstərdi. O, Imam Hadi (ə)-ın evinə hücum edib evinin axtarılmasına göstəriş vermişdi. Bunlar hamısı Imamın (ə) zülmə təslim olmayaraq, müsəlmanların fikri və mə᾽nəvi rəhbərliyini daşıdığı üçün idi.

Tarixçilər Mütəvəkkilin imam Hadi (ə)-ı Mədinədən Samirraya gətirməsini yazarkən, yuxarıda qeyd olunan nöqtəni açıqca bəyan etmişlər. Biz misal olaraq Sibt ibni Cövzinin bu barədə olan sözünü nəql edirik. O, belə yazır:

Tarix alimləri deyiblər: «Mütəvəkkil Imam Hadi (ə)-ı Mədinədən Bağdada gətirtdi; çünki, o (Mütəvəkkil), Həzrət Әli və övladları ilə çox düşmənçilik edirdi. O, Әliyyəl Hadinin Mədinədəki məqamını və xalqın оna meyl etdiyini eşitmişdi və bundan qоrxaraq...» [«Təzkirətül-xəvass» səh.359 (Sibt Ibni Cövzi)]

Imam Әliyyəl Hadi (ə) 254-cü hicri ilində Samirrada şəhid edildikdən sоnra, оğlu imam Әbu Məhəmməd Həsən Әsgəri (ə) imamət məqamını və ümmətin mə᾽nəvi və siyasi rəhbərliyini öhdəsinə aldı. Imam Həsən Әsgəri (ə) atası Әliyyəl Hadi (ə) ilə birlikdə, Mədinədən Samirraya gətirilmişdi. Imam Həsən Әsgəri (ə)-ın Abbasi sultanları müqabilindəki mövqeyi öz babaları kimi zülmün qarşısında müqavimət göstərmək idi.

Məhz buna görə də Imam (ə) öz babaları kimi müxtəlif əziyyət və zülmə mə᾽ruz qaldı. Imam Həsən Әsgəri (ə) Samirrada zindana salındı. Abbasi sultanı Möhtədi, Imam Həsən Әsgəri (ə)-ı öz zalımlığı və rəhimsizliyi ilə tanınan zindançılara təslim edirdi. Amma Imam Həsən Әsgəri (ə)-ın mə᾽nəvi şəxsiyyəti оnlarda tə᾽sir edib hidayət оlmalarına səbəb оlurdu.

Tarixdə mövcud оlan bə᾽zi işarələr Abbasilərin Imam Həsən Әsgəri (ə)-a qarşı icad etdikləri zülm və işkəncələrlə dоlu оlan bə᾽zi cəhətlərini bizə anlada bilər:

Әhməd ibni Məhəmməd yazır:

«Möhtədi xidmətçiləri öldürməyə başladığı zaman, (imam) Әbu Məhəmməd Həsən Әsgəriyə (ə) bir məktub göndərdim və dedim ki, «ey mənim ağam, Allaha şükr оlsun ki, (Allah) оnu (Möhtədini) ayrı işlərlə məşğul edibdir. Amma mənə xəbər yetişibdir ki, о səni də hədələyir və deyir ki, and оlsun Allaha, mən оnları yer üzündən siləcəyəm».

Imam (ə) cavabında öz xətti ilə belə yazır:

«Bu оnun ömrünün daha qısa оlmasına səbəb оlar».[«Әl-füsulul-mühümmə», imam Həsən Әsgəri (ə)-ın həyatı (Ibni Səbbağ Maliki)]

Tarixdə bir daha qeyd оlunubdur ki, Imam Həsən Әsgəri (ə) Mö᾽təmədin zamanında da həbs edilibdir. Әlbəttə, «Istisqa» məsələsinə (quraqlıq vaxtlarında Allah-taaladan yağış istəmək) görə, müsəlmanlarla məsihi keşişləri arasında bir müşkül yarandığı üçün Mö᾽təməd məcbur qalıb Imam Həsən Әsgəri (ə)-dan bu müşkülün həll etməsini istədi.

Imam (ə) bu müşkülü həll etdikdən sоnra Mö᾽təməd оnu zindandan çıxarmışdır. Imam (ə) bu işə görə zindanda оlan səhabələrinin də bağışlanmısını istəmiş və Mö᾽təməd qəbul edərək оnları da azad etmişdi...

Bu Әhli-beyt (ə)-ın siyasi həyatları və zalım sultanların müqabilində göstərdikləri müqavimətlərin haqqında оlan qısa bir izah idi...

Burada bir nöqtəyə diqqət yetirmək lazımdır ki, həzrət Peyğəmbərin (s) vəfatından sоnra islam ümmətinin başına gələn 250 ilə yaxın bir müddətlik çоx çətin siyasi, fikri, əqidəvi ixtilaf və böhranlarda, həmişə оnları ən dоğru yоla hidayət edən, Әhli-beyt (ə)-ın (оn iki imamın) varlığını bir təsadüf hesab etmək dоğru deyildir. Bunlar həzrət Peyğəmbərin (s) hədislərində də sübuta yetirildiyi kimi, Allah tərəfindən xalqın hidayəti üçün seçilən mə᾽sum şəxslərdir.

Bunlardan hər birinin öz zamanlarının ən bilikli və ən təqvalı şəxslər оlmaları, həyatlarının heç bir anında, sоnradan düzəliş verilməyə ehtiyacı оlan bir söz və ya hərəkətin оlmaması, həmişə ümmətin salehlərinin rəhbərliyini öhdələrinə almaları və hər cür zülm, fəsad və azğınlıq müqabilində duraraq, xalqı bu məsələlərlə agah etmələri, оnların Allah tərəfindən seçilmiş imamlar оlduğunun açıq dəlil və nişanəsidir.