Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHLİ BEYT
Əhli-beyt (ə) həzrət peyğəmbərin (s) hədislərini rəvayət edənlərdir

Әhli-beyt (ə) Peyğəmbərin (s) xanədanıdır və Səqəleyn hədisinə əsasən, Peyğəmbər (s) onlara tabe olmağı öz ümmətinə vacib etmişdir.

Elə buna görə də onlardan nəql olunan hər bir şey həqiqi «sünnə»dir. Onlardan hər biri öz atasından, o da öz atasından və nəhayət həzrət Peyğəmbərə (s) yetişənə qədər bir-birindən nəql etmişlər.

Bu barədə imam Sadiq (ə) belə buyurur:

«Mənim hədisim atamın hədisidir, atamın hədisi babamın hədisidir. Babamın hədisi isə atasının hədisidir. Onun hədisi də Әli ibni Әbi-Talib hədisidir. Әli (ə)-ın hədisi isə həzrət Peyğəmbərin (s) hədisidir və həzrət Peyğəmbərin (s) hədisi Allah-taalanın sözüdür. [«Ә᾽yanüş-şiə» 3-cü cild, səh.34 (Әllamə seyyid Möhsün Әmini (rə)].

Qutəybədən belə nəql olunubdur ki:

«Bir adam imam Cə᾽fər Sadiq (ə)-a bir məsələ haqqında sual verdi. Imam Sadiq (ə) onun cavabını verdi. O adam dedi: «Әgər məsələ başqa cür olarsa, sənin nəzərinə görə onun hökmü nə olar?» O Həzrət belə cavab verdi:

«Sakit ol! Mənim sənə verdiyim cavabların hamısı Allahın Peyğəmbərindəndir. Bizlər, «sənin nəzərinə görə necədir?» deyə biləcəyin adamlardan deyilik». (Yə᾽ni, bizlər güman üzrə və özümüzdən yox, Peyğəmbərin (s) öz nəzərindən agah olaraq cavab veririk.) [«Üsuli kafi» 1-ci cild, səh.58. Kitabın haşiyəsində də bu açıqlama yer almışdır ki, sual edən şəxsin məqsədi bu imiş ki, zənn və ictihad ilə yetişdiyin nəzəri de. Və imam (ə) bundan nəhy elədi və bəyan elədi ki, onlar hər şeyi yəqin ilə və Peyğəmbəri-Әkrəmdən (ə) yetişən hədislərlə bəyan edirlər.]

Bu barədə mərhum Şeyx Bəhai belə demişdir:

«Bizim bütün hədislərimiz, az bir hissəsini çıxmaq şərtilə, on iki imamımızdan birinin vasitəsi ilə bizə yetişmişdir. Onlar da bu hədisləri Peyğəmbərdən (s) rəvayət etmişlər. Çünki, onlar (imamlar) elmdə günəşdən (Peyğəmbərdən (s)) nurlanırlar». [Әl-vəcizə, səh.22 (Şeyx Bəhai)].

Beləliklə, Әhli-beyt (ə) doğru hədis və rəvayətlərin qaynağıdır və islam şəriətinin hökmlərinin olduğu kimi bəyan edən yol və eyni zamanda düzgün yol göstərən çıraqdırlar.

Onların mübarək həyatları bir-birinin ardınca gələn, bir-birinə sıx şəkildə bağlı və həzrət Peyğəmbərə (s) qədər uzanan zəncirvari silsilənin fasiləsiz halqalarını təşkil etdiyindən həzrət Peyğəmbəri (s) xatırladır. Bu silsilədə həmin halqaların arasında örtülü və təəccübləndirici bir məsələ yoxdur ki, Peyğəmbərə (s) bağlı olan bu möhkəm münasibəti pozsun. Onların həyatı islamın həqiqi mə᾽nada canlı bir nümunəsi və diri məktəbi olmuşdur. Bu da bu çeşmənin paklığının, ondan irəli gələn hədislərin sağlamlığının ayrı bir dəlilidir.

Deməli Әhli-beyt (ə)-ın hədis, təfsir, əqidə, tövhid və sairə elmlərdəki məktəbləri, Peyğəmbərə (s) nazil olanları əmanət kimi bizə çatdırmaqdan başqa bir şey deyil. Әhli-beyt (ə) məktəbi peyğəmbərlik ilə gələn maarif və elmlərin davamıdır.

Burada lazımdır ki, öz ümmətimizə Әhli-beyt (ə)-ın elmi və mə᾽nəvi məqamını bəyan edib Әhli-beyt (ə) məktəbini vücuda gətirən bu pak silsilənin halqalarını həzrət Peyğəmbərə (s) qədər qeyd edək:

1. Imam Әli ibni Әbi Talib (ə); «Ammül-fil» adlanan tarixdən 30 il sonra dünyaya gəlib, 40-cı Hicri ildə isə vəfat edibdir.

2. Həzrət Әlinin oğlu olan imam Həsən Muctəba (ə); Hicri 3-cü ildə dünyaya gəlib, hicri 50-ci ildə isə vəfat etmişdir.

3. Imam Həsənin qardaşı imam Hüseyn Seyyidüş-şühəda (ə); Hicri 4-cü ildə dünyaya gəlib, 61-ci ildə vəfat etmişdir.

Bu üç imam haqqında əvvəlki fəsillərdə danışıb onların Qur᾽ani-kərim və sünnədəki məqamlarını öyrəndik.

Keçən söhbətlərdən mə᾽lum oldu ki, bunların sözlərinə e᾽tibar etmək barədəki dəlillər misli olmayacaq dərəcədə aşkardır.

4. Imam Hüseynin (ə) oğlu imam Әli Zeynül-abidin (ə); Hicri 38-ci ildə anadan olub, 95-ci ildə isə dünyadan getmişdir.

Şeyx Müfid «Әl-irşad» adlı kitabında rəvayət edibdir ki, sünnilərin məhşur alim və şəxsiyyətlərindən sayılan Zohəri belə dedi:

«Mən, Peyğəmbərin (s) Әhli-beyti (ə) içərisində Әli ibni Hüseyndən (imam Zeynül-abidin) daha fəzilətli olan birini görmədim». [Әl-irşad, həzrət imam Zeynül-abidin (ə)-ın fəzilətləri babı (Şeyx Müfid)].

Səid ibni Müseyyibdən nəql olunubdur ki, imam Zeynül-abidin (ə) haqqında belə deyibdir:

«Ibni Әbi Talibin oğlu Hüseyn oğlu Әli, abidlərin ağası və böyüyüdür». [Adı keçən qaynaq].

Ibni Hacər «Әssəvaiqul-məhreqə» adlı kitabında imam Zeynül-abidini belə vəsf edir:

«Imam Zeynül-abidin bir kəsdir ki, elmdə, təqvada və ibadətdə atasının yerini tutmuşdur». [Әhli-beyt (ə) (Әbu Әləm)].

Әbi Hazim və Süfyan ibni Oyəynənin belə dedikləri nəql olunmuşdur:

«Haşimilərdən Әli ibni Hüseyndən daha fəzilətli və daha fəqih olan bir şəxsi görmədik». [Təzkirətül-xəvass, imam Zeynül-abidin (ə) bəhsi (Ibni Cövzi)].

Doğrudan da ümmətin imamlıq məqamında olan belə bir misilsiz şəxsiyyət, alimlər tərəfindən belə vəsf olunduqda hədis, fiqh, təfsir, əqidə və digər islami elmlərdə müsəlmanlar tərəfindən iqtida olunmağa layiqdir.

Imam Hüseyn (ə) imamətə aid olan nişanələri özündən sonra imam Zeynül-abidin (ə)-a verilməsini vəsiyyət etməyi, həqiqətdə onun belə üstün bir məqama sahib olduğuna və ondan gələn elm, maarif və hədislərə tabe olmağa layiq olduğuna ən aşkar dəlildir.

Imam Cə᾽fər Sadiqdən (ə) nəql olunmuşdur:

«Həzrət imam Hüseyn (ə) Iraqa tərəf hərəkət edəndə (imamət məqamına məxsus) kitabları və vəsiyyəti Ümmi Sələmənin yanında əmanət qoydu. Imam Zeynül-abidin (ə) qayıdandan sonra Ümmi Sələmə onları ona verdi». [Ә᾽lamül-vəra, imam Zeynül-abidin (ə)-ın imamətini bildirən dəlillər qismi, səh.252 və Mənaqibi Ali Әbi Talib 3-cü cild.]

5. Imam Zeynül-abidin (ə)-ın oğlu imam Məhəmməd Baqir (ə); Hicri 57-ci ildə dünyaya gəlib, 114-cü ildə isə vəfat etmişdir.

Imam Zeynül-abidin (ə)-ın oğlu imam Məhəmməd ibni Әli (ə) elm və maarifdəki üstünlük və dərinliyinə görə «Baqir» (yə᾽ni, elmləri yaran və açıqlayan) ləqəbini almışdır. O da atası kimi müsəlmanların haramdan uzaq durmaq, Allahdan uzaqlaşdıran dünya ne᾽mətlərinə göz yummaq, təqva, elm və bilikdə tanınmış və ən məşhur şəxsiyyət olmuşdur. Alimlər, mühəddislər və dahilər buna şəhadət veriblər. Hətta məşhur və məqamı yüksək səhabələrdən olan Cabir ibni Әbdullah Әnsari rəvayət edibdir ki, həzrət Peyğəmbər (s) ona Məhəmməd Baqir adlı bir övladının dünyaya gələcəyi vaxta qədər sağ qalacağı barədə xəbər vermiş və Ona salamını yetirməsini Cabirdən istəmişdir.

Cabir ibni Әbdullah Әnsarinin rəvayəti belədir:

«Həzrət Peyğəmbər (s) mənə dedi ki, sən gələcəkdə Hüseynin nəslindən olan mənim övladımdan birini görənə qədər sağ qalacaqsan. Onun adı Məhəmməddir. O, elmləri misli görünməmiş bir şəkildə yaracaq və açıqlayacaqdır. Onunla görüşən zaman mənim salamımı ona yetir». [Bu rəvayət bu kitablarda zikr olubdur: Әl-irşad (Şeyx Müfid). Әlfüsulul-mühümmə (Ibni-Səbbağ Maliki). Tarixi Yə᾽qubi. Nurül-əbsar (Şiblənci) Təzkirətül-xəvass (Ibni-Cövzi).]

Bu səhabə Peyğəmbərin (s) buyurduğu kimi imam Məhəmməd Baqiri (ə) uşaq vaxtında gördü və babası Peyğəmbərin (s) salamını ona yetirdi. Həzrət Məhəmmədin (s) bu şahidliyi, imam Baqirin (ə) məqamını tanımaq, o imamdan bizə gəlib çatan hədislərə e᾽tibar etmək üçün kifayətdir. Xüsusilə də bu imam və onun oğlu imam Cə᾽fər Sadiq (ə)-ın yaşadığı zaman islam tarixində hədis, rəvayət və islami elmlərin inkişaf etməsində ən zəngin mərhələni təşkil edir. Belə bir mərhələdə yaşayan alim, ravi və təfsirçilər elm, bilik və fəzilət baxımından imam Məhəmməd Baqir (ə)-ın varlığında misli görünməmiş ucalıq və yüksəklik gördülər. Bir ucalıq gördülər ki, hər ucadan daha da uca idi.

Ibnil Imad Hənbəli, imam Məhəmməd Baqir (ə)-ı belə vəsf etmişdir:

«Әbu Cə᾽fər Məhəmməd Baqir Mədinədəki fəqihlərdən idi. Ona Baqir (yaran) ləqəbini vermişdilər. Çünki, o, elmi yarıb, elmin əsasını bilib, elmi genişlətmişdir». [«Әl-imamüs-Sadiq vəl-məzhəbül-ərbəə» cild 2, Әsəd Heydərdən, o da bu mətləbi Şəzəratüz-zəhəb (cild 1, səh.149)dan nəql edibdir.]

Ibni Cövzi böyüklərdən olan «Әta»nın imam Məhəmməd Baqir (ə) haqqında belə dediyini nəql etmişdir:

«Mən alimləri heç kəsin yanında elmi cəhətdən imam Məhəmməd Baqirin elmi məclisində kiçildikləri qədər kiçik görməmişəm...» [Sirətül-əimmətül-isna əşər, cild 2, səh.198 (Hişam Mə᾽rufül-Hüseyni)].

6. Imam Məhəmməd Baqirin (ə) oğlu imam Cə᾽fər Sadiq (ə); Hicri 83-cü ildə anadan olub, 148-ci ildə isə dünyadan getmişdir.

Әhli-beyt (ə) məzhəbi, bu imamın adına nisbət verilərək «Cə᾽fəri məzhəbi» adlanır.

Imam Məhəmməd Baqir (ə)-ın oğlu imam Cə᾽fər Sadiq (ə)-ın məqamı haqqında alimlərin sözləri olduqca çoxdur. Biz həmin sözlərdən bə᾽zilərini eyni ifadələrlə nəql edəcəyik.

Әllamə seyyid Möhsün Әmin nəql edir ki, Hafiz ibni Әqdi öz «Rical» kitabında rəvayətləri e᾽tibarlı sayılan dörd min şəxsin adını çəkmişdir ki, hamısı imam Cə᾽fər Sadiq (ə)-dan rəvayət nəql etmişdirlər. Və müəllif eyni zamanda onların yazdığı əsərlərin də adını çəkmişdir. [Ә᾽yanüş-şiə, cild 3, səh.34 (Әllamə seyyid Möhsün Әmin)].

Ibni Şəhr Aşub «Mənaqibi ali Әbi-Talib» adlı kitabında Ibni Nəimin «Әl-hilliyyə» adlı kitabından belə nəql etmişdir:

«Cə᾽fər Sadiq (ə)-dan bu şəxsiyyətlər rəvayət nəql etmişlər: Malik ibni Әnəs, Şö᾽bə ibni Həccac, Süfyan Suri, Ibni Cərih, Abdullah ibni Ömər, Ruh ibni Qasim, Süfyan ibni Әyniyyə, Süleyman ibni Bilal, Ismail ibni Cə᾽fər, Hatəm ibni Ismail, Әbdül Әziz ibni Muxtar, Vəhəb ibni Xalid, Ibrahim ibni Təhan və başqaları».

Müslüm öz Səhihində o Imam (ə)-dan hədis nəql etmişdir və hədisi e᾽tibarlı saymışdır. Ayrıları da deyiblər ki, Malik Şafeyi, Həsən ibni Saleh, Әbu Әyyub Bəcistani, Ömər ibni Dinar və Әhməd ibni Hənbəl ondan hədis nəql etmişdir.

Әnəs ibni Malik demişdir:

«Fəzilət, elm, ibadət və haramlardan uzaq durmaqda Cə᾽fər Sadiqdən daha üstün olan bir şəxsi nə bir göz görmüş, nə bir qulaq belə bir şəxsin olduğunu eşitmiş və nə də bir bəşərin qəlbindən keçmişdir». [«Mənaqibi Ali Әbi Talib» 4-cü cild, səh.248 (Ibni Şəhr Aşub)].

Misirin «Әl-əzhər» universitetinin şeyxi ustad Məhmud Әbu Zohrə «Imam Sadiq» adlı kitabının müqəddiməsində belə yazmışdır:

«Bizim qəsdimiz budur ki, Allahın yardımı ilə imam Cə᾽fər Sadiq (ə) haqqında yazaq. Daha öncə yeddi ayrı imam haqqında yazmışdıq. Biz bu imam haqqında yazmağı, onun ayrılarından əskik olduğu üçün axıra saxlamadıq. Әksinə, onun çoxlarına nisbət öncə olmaq haqqı vardır. Onun böyük imamlara görə özünəməxsus bir fəziləti var. Әbu Hənifə ondan rəvayət edirdi və onun hər kəsdən çox məzhəbi ixtilafları bildiyini qeyd edirdi.

Malik (sünni məzhəblərinin birinin başçısı) ondan dərs almaq və rəvayət öyrənmək üçün hüzuruna gəlirdi. Onun Әbi Hənifə və Malikə ustadlıq etmək üstünlüyü var və bu üstünlük ona kifayətdir. Onu axıra saxlamaqda heç bir əskik cəhət yoxdur ki, bu cəhətdən başqalarından soruşula. Başqalarının da ona nisbət bir fəziləti yoxdur ki, ondan üstün tutula. O, öz dövründə Mədinə əhalisinin fəzilət, şərəf, din və elmdə ağası olan Әli Zeynül-abidin (ə)-ın nəvəsidir. Yə᾽ni, Ibni Şəhab Zohəri və tabeyindən çoxları onun babasının yanında dərs oxumuşdur.

O, elmi yaran, həqiqətə yetişən Məhəmməd Baqir (ə)-ın oğludur. Sözün qısası, Allah-taala Peyğəmbər (s) nəslindən olduğu üçün, şərafətin və kəramətin nəhayət dərəcəsini ona təqdim etmişdir. O, haşimilərdən idi və Peyğəmbərin (s) öz yaxınlarından və övladlarından olmaq məqamına birlikdə sahib idi». [Әl-imamüs-sadiq, səh.3 (Məhəmməd Әbu Zohrə)].

Ömər ibni Meqdam belə demişdir: «Cə᾽fər ibni Məhəmmədə baxan kimi başa düşürəm ki, o, Peyğəmbər (s) övladlarındandır». [Әl-imamüs-sadiq («Әt-tövhid» müəssisəsinin tə᾽lif hey᾽əti)].

Məşhur tarixçi Yə᾽qubi onu belə vəsf eləmişdir:

«O, (imam Cə᾽fər Sadiq (ə)) insanların ən fəzilətlisi və Allahın dinini ən yaxşı bilən idi. Ondan rəvayət eşidən alimlər ondan rəvayət nəql etmək istədikdə «alim bizə belə xəbər verdi» deyərək, nəql edərdilər». [«Tarixi Yə᾽qubi» 2-ci cild, səh.381 (Әhməd ibni Әbi Yə᾽qub)].

Yuxarıda qeyd etdiyimiz alim, ravi və hədisçilərin bu barədə yazdıqlarının az bir qismidir. Onların bu sözləri Әhli-beyt (ə)-ın məqamlarını, elm və imandakı misilsiz yerlərini göstərir.

7. Imam Cə᾽fər Sadiq (ə)-ın oğlu imam Musa-Kazim (ə); Hicri 128-ci ildə dünyaya gəlib, 183-cü ildə isə vəfat etmişdir.

Imam Musa ibni Cə᾽fər (ə) isə imam Cə᾽fər Sadiqin (ə) oğludur. O, atasının əli altında böyüdü; ondan tərbiyə aldı; elm və gözəl əxlaqları qazandı. Buna görə də atası onun məqamının ucalığına şəhadət vermişdir.

Imam Sadiq (ə)-dan oğlu haqqında bə᾽zi səhabələrinə belə buyurduğu nəql olunmuşdur:

«Mənim bu oğlumdan əgər mushəfin (Qur᾽anın hamısını əhatə edən kitab) içərisində olan hər hansı bir ayə haqqında soruşsan, sənə cavab verər». [«Biharul-ənvar» 48-ci cild, səh.24. O da bu mətləbi Mənaqibi Ibni Şəhr Aşubun mənaqib kitabından (3-cü cild, səh.411) nəql etmişdir.]

Rical və tarix alimləri də onun həqiqi elm, təqva, gözəl əxlaq və uca məqamla məşhur olan bir abid olduğunu yazmışlar.

Hafiz Razi «Rical» kitabında bu barədə belə deyibdir:

«(Әli ibni Әbi Talibin oğlu Hüseynin oğlu Әlinin oğlu Məhəmmədin oğlu Cə᾽fərin oğlu) Musa Kazim öz atasından hədis rəvayət etmişdir və oğlu Әləyyibni Musa və qardaşı Әliyyibni Cə᾽fər də ondan rəvayət nəql etmişlər. Mən atamdan eşitdim ki, Әbdür-Rəhman belə deyirdi:

«Atama onun haqqında sual verdilər, atam isə belə cavab verdi: «Siqədir (hədisinə mö᾽təbər olun) və doğru danışandır və müsəlmanların imamlarından biridir»». [Әl-cərhü vət-tə᾽dil (Hafiz Razh) 4-cü cild, cim babı.]

Məhəmməd ibni Әhməd Zəhəbi də bu barədə demişdir ki:

«Musa hikmət sahiblərinin ən yaxşılarından və Allahın təqvalı bəndələrindən idi». [Mizanül-e᾽tidal (Məhəmməd ibni Әhməd Zəhəbi)].

Kəmaləddin Məhəmməd ibni Təlhə Şafeyi də belə demişdir:

«O, məqamı böyük bir imamdır; ictihadında çox ciddiyyəti olan bir müctəhiddir; ibadəti ilə məşhurdur; itaətini qoruyandır; kəramətləri ilə məşhurdur; gecələri səcdə və qiyam halında ibadət ilə keçirər, gündüzlər isə sədəqə verib oruc tutar, çox güzəştli olduğu və haqqını tapdalayanları bağışladığı üçün ona Kazim (qəzəbini udan) ləqəbi veriblər». [«Mətalibüs-süal» (səh.18) (Kəmaləddin Məhəmməd ibni Təlhətüş Şafei). Bu mətləbi «Məhəmməd-dəxil»in (ərəb) adlı kitabından nəql edibdir.]

Mö᾽min Şiblənci də onun haqqında belə demişdir:

«Musa Kazim (Allah ondan razı olsun) öz zamanının ən çox ibadət edəni və ən çox elmli olanı idi». [«Nurül-əbsar» səh.218 (Mö᾽min Şiblənci)].

8. Imam Musa Kazimin (ə) oğlu imam Musər-Riza (ə); Hicri 148-ci ildə anadan olub, 203-cü ildə isə vəfat etmişdir.

Imam Musa Kazimin (ə) oğlu imam Әliyyibni Musər-Riza (ə) da elm, təqva vəgözəl əxlaq baxımından babaları kimi idi. Atasından sonra o, dini rəhbərlik, yə᾽ni imamlıq məqamını öhdəsinə aldı.

Onun məqamı və xalq içində nüfuzu elə bir yerə çatdı ki, abbasi xəlifəsi Mə᾽mun, özündən sonra onu vəliəhd (canişin) e᾽lan etməyə məcbur qaldı. Halbuki, abbasilərin Әhli-beyt (ə) ilə düşmənçiliklərini hamı bilirdi.

Elm və danışıq məclislərində imam Rza (ə) ilə qarşılaşan alim, fəqih və filosoflar Həzrətin (ə) qarşısında boyun əyməkləri tarixdə məşhurdur. Rical və tarix haqqında yazılmış kitablarda imam Rza (ə)-ın elmi məqamı və üstün səviyyəli təqvası haqqında sübutlar çoxdur. Biz bunlardan bə᾽zilərinə işarə edirik:

Vaqidi demişdir ki:

«O (imam Rza (ə)) siqə (hədisinə e᾽tibar olunan bir şəxs) idi. Iyirmi neçə yaşında idi ki, Peyğəmbərin (s) məclisində oturub fətva verərdi. O, Mədinə əhalisindən olan tabeinlərin (Peyğəmbəri (s) öz gözləri ilə görməyənlərə deyilir.) səkkizinci təbəqəsində idi». [Təzkirətül-xəvass, səh.198 (Ibni Cövzi)].

Bu mətləbi Hafiz Razi «Әl-cərhu vət-tə᾽dil» kitabında imam Rza (ə)-ın atası imam Musa Kazim (ə) barəsində yazdığı məqalədə qeyd etmişdir.

Imam Musa Kazim (ə)-ın özü də oğlu imam Rza (ə)-ın elmi məqamına şəhadət verib, o biri oğlanlarına xitab edərək belə buyurmuşdur:

«Bu qardaşınız Әli ibni Musa Ali-Məhəmmədin alimidir. Dininiz haqqında ondan soruşun və sizə dediyini qəbul edin». [Әl-irşad (Şeyx Müfid)].

9. Imam Musər-Riza (ə)-ın oğlu imam Məhəmməd Cavad (Təqi) (ə); Hicri 195-ci ildə dünyaya gəlib, 220 ci ildə isə dünyadan getmişdir.

Imam Məhəmməd Cavad (ə) da elm, təqva pərhizkarlıq və başqa gözəl xüsusiyyətlərdə öz pak babaları kimi idi.

Sibt ibni Cövzi belə demişdir:

«Məhəmməd Cavad, Әli ibni Әbi Talibin oğlu Hüseynin oğlu Әlinin oğlu Məhəmmədin oğlu Cə᾽fərin oğlu Musanın oğlu Әlinin oğludur. Kunyəsi Әbu Әbdullah və Әbu Cə᾽fər idi. Hicri 195 ci ildə dünyaya gəlmiş və 220 ci ildə isə vəfat etmişdir. O da elm, təqva, pərhizkarlıq və səxavətdə öz atasının yolunu tutmuşdur». [Təzkirətül-xəvass, səh.202 (Ibni Cövzi)].

Məhəmməd ibni Әmmar belə rəvayət edibdir:

«Mən, (imam) Məhəmməd Baqirin oğlu Cə᾽fər (Sadiqin) oğlu Әlinin yanında idim. [Әli ibni Cə᾽fər imam Cavadın (ə) babası imam Rzanın (ə) əmisidir. Və rəvayət və hədisçilərin yanında e᾽timad olunan rəvayətçilərdəndir.]

Mən iki il onun yanında qalıb qardaşı Musa Kazimdən eşitdiyi hədisləri yazırdım. (Mən Әli ibni Cə᾽fərin yanında oturduğum bir vaxtda) Әbu Cə᾽fər Məhəmməd ibni Әli (yə᾽ni, imam Məhəmməd Cavad (ə)) məscidə girdi. Әli ibni Cə᾽fər tez ayağa qalxdı, əbasını geyinmədən gəlib Məhəmməd Cavadın əlindən öpdü və onun qarşısında baş əydi.

Әbu Cə᾽fər (imam Cavad) dedi:

«Ey əmi, Allah mərhəmət eləsin, otur».

Amma Әli ibni Cə᾽fər dedi:

«Sən ayaq üstə durduğun halda mən necə oturum?»

Әli ibni Cə᾽fər öz məclisinə qayıdandan sonra səhabələri ona müraciət edərək dedilər:

«Sən onun atasının əmisisən, onunla niyə belə davranırsan?»

Әli ibni Cə᾽fər—«Sakit olun»—dedi, sonra əli ilə saqqalını tutub dedi:

«Әgər Allah-taala bu ağarmış saqqalı (imamlıq məqamına) layiq bilməyib, bu gənci layiq bilibsə və öz istədiyi şəxsə imamlıq məqamını ehsan edibsə, mən necə onun üstünlüyünü inkar eləyim... Mən onun bir quluyam». [Mədinətül-müaciz, səh.450]

Hənəfi məzhəbli Məhmud ibni Vəhib bağdadi də imam Məhəmməd Təqi (ə) barəsində belə deyibdir:

«Məhəmməd Cavadın (ə) künyəsi Әbu Cə᾽fərdir...O, elm və fəzilətdə öz atasının varisi idi və qardaşları arasında kamal cəhətdən hamıdan üstün idi». [Cəvahirul-kəlam, səh.147].

10. Imam Məhəmməd Cavadın (ə) oğlu imam Әliyyəl Hadi (Nəqi) (ə); Hicri 212 ci ildə dünyaya gəlib, 254 ci ildə isə vəfat etmişdir.

Imam Hadi (ə) isə imam Məhəmməd Cavadın (ə) oğludur. O həzrətin künyəsi Әbül Həsəndir. Elm, təqva fəzilət və uca məqamı cəhətindən pak atalarında olan vəsflər onda da mövcud idi.

Mö᾽min Şiblənci deyibdir ki, «Onun (imam Hadinin (ə)) münacatları çox idi». «Səvaiq» kitabının müəllifi də belə yazmışdır:

«Әbül Həsən Әsgəri (yə᾽ni, imam Hadi (ə)) elm və səxavətdə atalarının varisi idi». [Nurül-əbsar, səh.149]

Hənbəli məzhəbli Әbdu-həyy ibni Imad da belə deyibdir:

«Әləvi və Hüseyni olan (yə᾽ni, həzrət Әli və imam Hüseynin övladlarından olan), Hadi ləqəbi ilə tanınmış Cə᾽fər Sadiqin oğlu Musa Kazimin oğlu Әli Rzanın oğlu Məhəmmədin oğlu Әli Әbülhəsən çox ibadət eləyən bir fəqih və imam idi». [Şəzəratüz-zəhəb, 2-ci cild, səh.129].

Hafiz Imadəddin Әbül-fəda Ismail ibni Ömər ibni Kəsir də imam Hadi Әliyyən Nəqi (ə)-ın barəsində belə qeyd etmişdir:

«Və amma Әbül Həsən Әliyyəl Hadi (ə): O, Әli ibni Әbi Talibin oğlu Şəhid Hüseynin oğlu Zeynül-abidinin oğlu Məhəmməd Baqirin oğlu Cə᾽fər Sadiqin oğlu Musa Kazimin oğlu Musər Rzanın oğlu Məhəmməd Cavadın oğludur. O, on iki imamdan biridir və imam Həsən Әsgərinin atasıdır. Abid və zahid idi. Mütəvəkkil onu Samirrayya gətirdi. O Həzrət (ə) iyirmi ildən bir neçə ay çox orada sakin oldu və Hicri 254-cü ildə orada vəfat elədi».[Әl-bidayə vən-nihayə, 11-ci cild, səh.15].

Abbasi xəlifələrindən olan Mütəvəkkilin imam Hadini (ə) Mədinədən Samirra şəhərinə gətirmək üçün yolladığı Yəhya ibni Hərsəmədən də belə rəvayət olunubdur:

«Mən Mədinəyə getdim. Elə ki, Mədinə şəhərinə daxil oldum, oranın camaatı Әli Hadi (ə) üçün qorxduqlarından misli görünməmiş bir şəkildə ah-fəğan etməyə başladılar. Beləliklə, vəziyyət təhlükəli şəkil aldı, çünki O, onlara yaxşılıq edən, məsciddən ayrılmayan və dünyaya meyli olmayan bir şəxs idi. Mən onları sakitləşdirməyə məcbur qaldım və and içdim ki, mənə onun barəsində xoşagəlməyən bir iş görmək əmri verilməmişdir. Sonra evini axtardım. Lakin orada da müshəfdən (Qur᾽andan), dua və elmi kitablardan başqa bir şey tapmadım. Beləliklə, onun məqamı mənim gözümdə böyük oldu». [Təskirətül-xəvass, səh.202 (Ibni Cövzi)].

11. Imam Әliyyən Hadi (ə)-ın oğlu imam Həsən Әsgəri (ə); Hicri 232-ci ildə dünyaya gəldi, 260-cı ildə isə vəfat etmişdir.

Imam Həsən Әsgəri (ə) isə atası imam Hadi (ə) və pak babaları kimi idi və elm, bilik, təqva və cihadda onların varisi idi.

Alim və tarixçilər bu həqiqətə şahidlik edirdilər. Biz bunlardan bə᾽zisinə işarə edəcəyik. Şəmsəddin Әbül Müzəffər Yusif ibni Fərağlı, Sebt ibni Cövziyə belə deyibdir:

«O bir e᾽tibar olunan alim idi. Atası və babasından hədis nəql etmişdir». [Təzkirətül-xəvass, səh.203].

Әli ibni Səbbağ Maliki belə deyibdir:

«Ağamız Həsən Әsgərinin həyatı onun fəzilətinə və fəzilətli bir ağanın oğlu olduğuna sübutdur. Onun imamlığında heç kim şəkk-şübhə edə bilməz. Әgər kəramət və dəyərlər satılsa, dəyərləri satan ayrılarıdır. Amma O, daima dəyərlərə müştəridir. O, zəmanəsinin tayı olmayan yeganə şəxsiyyəti idi. Gözəl əxlaq baxımından misilsiz idi. O əsrdə yaşayanların ağası, o zamandakı xalqın həqiqi imamı idi. Sözləri sağlam və düzgün, əməlləri isə gözəl idi». [«Әl-füsulul-mühimmə fi əhvalin-əiimə» səh.290 (Ibni Səbbağ Maliki)].

12. Imam Həsən Әsgəri (ə)-ın oğlu imam Məhdi (ə) (ki, ləqəbi Məhdi və adı Həzrət Peyğəmbərin (s) adı ilə eynidir.); Hicri 255-ci ildə dünyaya gəlmişdir və Allahın iradəsi ilə islam dinini bütün yer üzünə hakim edəcəkdir, o Həzrət qeybdədir.

Әhli-beyt (ə)-a tabe olan müsəlmanların əqidəsinə görə 12-ci imam Həzrət Әli ibni Әbi Talibin oğlu, Seyyidüş-şühəda Həzrət imam Hüseynin oğlu Həzrət Zeynül-abidinin oğlu, Həzrət imam Məhəmməd Baqirin oğlu, Həzrət imam Cə᾽fər Sadiqin oğlu Həzrət Musa Kazimin oğlu, Həzrət imam Rzanın oğlu Həzrət Məhəmməd Təqinin oğlu Həzrət imam Әliyyən Nəqinin oğlu Həzrət imam Həsən Әsgərinin oğlu imam Məhdi (ə)-dır. Adı Həzrət Peyğəmbəri-əkrəmin (s) adı ilə eynidir. Hicri 255-ci ilin şaban ayının 15-də dünyaya gəlmişdir. O həzrət Allahın iradəsi və təqdiri ilə sağdır, amma qeybdədir. O, yer üzü zülm ilə dolduqdan sonra Allahın iradəsi ilə zühur edəcək və dünyanı bərabərlik və ədalət ilə dolduracaq. Həzrət Isa (ə) isə gəlib onun arxasında namaz qılacaq.

Həzrət Peyğəmbər (s) buyurmuşdur:

«Bir gün gələr Allah-taala mənim Әhli-beytimdən göndərər ki, onun adı mənim adım kimidir. O, yer üzünü zülm ilə dolduğu kimi ədalət və bərabərliklə doldurar». [«Sünnəni Әbu Davud» 4-cü cild, səh.104, 4282-ci hədis və «Әlfisulul-mühimmə» həzrət Məhdi (əc) haqqındakı babından.]

Həzrət Әli (ə)-da həzrət Peyğəmbərdən (s) belə nəql etmişdir:

«Әgər dünyanın ömründən bir gün qalsa da belə, Allah mənim Әhli-beytimdən olan bir nəfəri göndərəcək. O, yer üzünü zülm ilə dolduğu kimi ədalət ilə dolduracaqdır».

Bu hədisi Әbu Davud öz «Müsnəd»ində belə nəql edibdir. Yenə Әbu Davud və Termezi öz «Sünən» kitablarında Səid Xidiridən belə nəql ediblər:

«Mən həzrət Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu:

«Məhdi məndəndir, alnı (geniş və ) parlaqdır, burnunun üstünün orta qismi dikdir. O, yer üzünü zülm ilə dolduğu kimi bərabərlik və ədalət ilə doldurar».

Әbu Davud bu cümləni də əlavə edibdir ki, «yeddi il hökm sürəcək» və qeyd edibdir ki, bu hədis sabit və səhih bir hədisdir.

Bu Әhli-beyt (ə)-ın haqqında qısa bir izahat idi ki, onların kimliyi, məqam və dərəcələri haqda qısa şəkildə danışıldı.

Biz fiqh, hədis, təfsir, əqidə, şəriət və digər elmlərimizi bunlardan alırıq.