Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
YASİN SURƏSİNİN TƏFSİRİ
81 - 83 ayələr

Tərcümə :

Məgər göyləri yeri yaradan ( bir daha ) onlar kimisini yaratmağa qadir deyilmi ?! Əlbəttə qadirdir . ( Hər şeyi ) yaradan ( hər şeyi ) bilən Odur ! (81)

Bir şeyi ( yaratmaq ) istədiyi zaman Allahın buyuruğu ona ancaq : « Ol !» - deməkdir . O da dərhal olar .(82)

Hər şeyin hökmü , ixtiyarı əlində olan Allah pak müqəddəsdir . Siz ( qiyamət günü dirilib ) Onun hüzuruna qaytarılacaqsınız ! (83)

Təfsir :

Hər şeyin Maliki və Hakimi Odur.

Məad barədə sübutlar bu ayələrdə də davam edir. İndi isə «Quran» Allahın sonsuz qüdrəti ilə məsələ sübuta yetirilir.

İlk ayədə deyilir:

«Məgər göyləri və yeri yaradan Allah (bir daha) onlar kimisini yaratmağa (və ölüləri yeni həyata qaytarmağa) qadir deyilmi? Əlbəttə qadirdir! O, (hər şeyi) yaradan və (hər şeyi) biləndir!».

Mənfi sorğu ilə başlayan bu ayə oyaq vicdan və diqqətli əqlləri bu sualla üzləşdirib ki, bu qədər planet, ulduz və kəhkəşanlarla dolu olan asimana diqqət etmirsinizmi? Bu cür asiman yaradan Allah-ın ölüləri diriltməyə qüdrəti çatmırmı?

Qəlbən və ruhən bu sualın cavabına hazır olan insanlar bu suala cavab verməyə aciz qalmırlar. Dərhal cavab verirlər ki, «Əlbəttə qüdrəti çatar!» Bunun ardınca Allahın iki böyük sifətinə (Xaliq və Alim sifətinə) işarə olunmuşdur. Bu iki sifət həqiqətdə ötən söhbətə (Allahın ölüləri diriltməyinə) bir sübutdur. Yəni əgər sizin Onun məxluqata olan qüdrəti barədə şübhəniz varsa bunu bilin ki, O, hər şeyin Xaliqidir. Yox əgər fikrinizə gələr ki, bu sümüklər ovulub torpağa qarışıb və bütün dünyaya səpələnib, bunları bir yerə yığmaq üçün çox elm lazımdır. Yenə də bilin ki, O, hər şeyi biləndir.

«Misləhum» sözündəki «hum» (onlar) cəmdə olan şəxs əvəzliyinin kimə aid olması haqqında təfsirçilər bir neçə ehtimal irəli sürmüşlər. Ən məşhur ehtimal budur ki, bu şəxs əvəzliyi bütün insanlara aiddir. Ayənin mənası budur ki, yeri-göyü yaradan Allahın insanların mislini də yaratmağa qüdrəti var.

Burada bir sual irəli çıxır ki, nə üçün Allah ayədə «Onların (mislini yox) özünü yenidən yaratmağa qüdrəti var» deməmiş və «onların mislini yaratmağa qüdrəti var» demişdir?

Bu suala müxtəlif cavablar verilmişdir. Bu cavablardan biri isə diqqəti daha çox cəlb edir. O cavab belədir: -İnsanın bədəni torpağa çevrildikdən sonra öz şəklinin itirir. Qiyamət günün dirildikdə isə əvvəlki bədənin maddələri birinci şəklə oxşayr yeni bir şəklə düşür. Yəni, maddələr həmən əvvəlki maddələrdir, lakin şəkil və surət dəyişmişdir. Birinci, surət aradan gedir onun yerinə onun özünə bənzər başqa bir surət gəlir. Səbəbi də budur ki, birinci surətin qayıdışı deyil (Xüsusən zamanı nəzərə aldıqda). Bundan əlavə bilirik ki, qiyamətdə insan bütün keçmiş xüsusiyyətlərlə məşhur olmayacaqdır. Məsələn, qocalar cavanlaşacaq, əlil və xəstələr s ağlam şəkil də məhşur olacaqlar.

Başqa cür desək insan bədəni gildən hazırlanmış bir şəkil kimidir. Öldükdən sonra bu şəkil sökülüb dağılır. Qiyamət günü həmin palçığı (torpağı) əvvəlki kimi qəlibə salıb insan şəklinə salırlar. Bu təzə surət və şəkil bir cəhətdən elə keçmiş (əvvəlki) surətin özüdür, digər tərəfdən isə əvvəlki surətin mislidir və ona bənzəyir (Maddə həmin maddə, surət isə başqa surətdir).

Sonrakı ayədə yenə bu mətləbə təkid olunur və Allah-ın istədiyi hər bir işin Onun üçün asan olduğu bildirilir. Əzəmətli asimanları, yer kürəsini yaratmaqla kiçik bir həşəratı yaratmaq Onun üçün eynidir və heç bir fərq etmir. Bu ayədə deyilir:

«Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyruğu ona ancaq: «Ol!» - deməkdir. O da dərhal olar».

Hər şey onun işarəsinə bənddir. Belə bir qüdrətə malik olan Allah-ın ölüləri dirildəcəyinə şəkkinizmi var?

Məlumdur ki, Allahın əmr və fərmanı tələffüzlə deyil. «Kun» (ol) sözü Allahın tələffüz etdiyi söz deyil. Çünki, nə Onun tələffüzü var, nə də tələffüzə ehtiyacı var. Bu əmr və fərman Allah-ın istəyi ilə həyata keçəcək. Yəni Allah bir şeyi yaratmaq istəsə dərhal o şey yaranacaqdır. Ayədə işlənən «kun» (ol) kəliməsindən istifadə etməyin səbəbi budur ki, bu kəlmədən kiçik və mənalı məqsədi, arzunu çatdıran digər bir söz yoxdur. Bir şeyin xəlq olması Allahın istək və iradəsinə bənddir. Bir şeyin xəlq olmasını istəməklə dərhal o şey xəlq olacaq. Onun istəyi ilə həmin şeyin xəlq olmasında fasilə olmayacaq. Deməli, əmr, fərman və «ol» sözü Allahın xəlq etməsinə işarədir. Bunlar hamısı bir şeyin xəlq olmasının tez bir zamanda həyata keçəcəyinə işarədir. Allahın bu sözlərə heç bir ehtiyacı yoxdur. Onun istəyi bir şeyin yaranmasına kifayət edir.

Allahın işlərində iki mərhələ vardır. Birinci mərhələ istək və iradə, ikinci mərhələ isə icad və xəlq etmək mərhələsidir. İkinci mərhələ yuxarıdakı ayədə əmr, fərman və «ol» sözü ilə bəyan olunmuşdur.

Keçmiş və qədim təfsirçilərdən bir qrupu belə güman etmişlər ki, Allah bu işdə sözdən də (məsələn «ol» sözündən) istifadə etmişdir. Bu sözləri isə naməlum həqiqətlərdən hesab etmişlər.

Həqiqətdə isə bu təfsirçilər kəlmə və sözlərin içərisində ilişib qalmışlar və Allahın işlərini öz işləri ilə müqayisə etmişlər.

Həzrət Əli (ə) bu məsələni «Nəhcül-Bəlağə»nin xütbələrinin birində çox gözəl surətdə bəyan etmişdir:

«O, (Allah) istədiyi şeyə «ol» dedikdə dərhal həmin şey icad olacaq. Ancaq bu əmr və fəman nə dillə tələffüz olunan kəlmədir, nə də qulaqla eşidilən söz. Onun əmri elə Onun feli və işidir. Bundan qabaq o şey xəlq olmamışdır. Əgər xəlq osaydı bunun üçüçn ikinci Allah lazım olardı. (Bu isə Tövhidlə ziddir). (Nəhcül-Bəlağə. 186-cı xütbə).

Beləliklə, əgər tələffüzə ehtiyac varsa, onda iki irad və müşküllə üzləşərik.

1).Bu tələffüzün özü də bir məxluqdur və o kəlməni xəlq etmək üçün də yeni bir «ol» sözü lazımdır. Eləcə də sonrakı «ol» sözü üçün bu söz lazımır. Bu da sonsuzluğa gedib çıxır (Deməli, tələffüzdən istifadə olunmamışdır);

2).Hər ğir xitab üçün bir müxatab lazımdır. Heç bir şey xəlq olmamışdan qabaq necə ola bilər Allah «ol» kəlməsini xitab edə? Məgər vücudu olmayan şeyə xitab etmək mümkündürmü?

«Quran»ın digər ayələrində də bu ifadə («ol» ifadəsi) başqa şəkillərdə gəlmişdir. Məsələn, «Bəqərə» surəsinin 117-ci ayəsində gəlmişdir:

«Bir şeyin yaranmasını istədiyi zaman ona yalnız: «Ol!»- deyəcək, o da (dərhal) olacaq.»

«Nəzhl» surəsinin 40-cı ayəsində deyilir:

«Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: «Ol!»- deməkdir. O da dərhal olar.

«Yasin» surəsinin sonuncu ayəsində xilqət (yaranış) və məad haqqında ümumi bir nəticə olaraq bu məsləyə son qoyur. Bu ayədə deyilir:

«Hər şeyin hökmü, ixtiyarı əlində olan Allah pak və müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!»

«Mələkut» sözünün kökü «mülk»dür və mənası isə malikiyyət, hakimiyyət deməkdir. «Ut» cəm şəkilçisinin ona artırılması təkid və mübaliğəni yetirir. Bunları nəzərə alaraq ayənin mənası belə açıqlamaq olar: «Hər şey heç bir şərt olmadan Allahın malikiyyət və hakimiyyətindədir. Bu cür malikiyyəti olan Allah pak və müqəddəsdir. Belə bir halda ölüləri diriltmək və çürümüş sümüklərə həyat libası geydirmək Onun üçün çox asan bir işdir. Bunu da bilin ki, siz hamınız Onun hüzuruna qayıdacaqsınız və məad haqqdır».

İncəliklər :

1. Məada etiqad bəsləmək fitridir .

Əgər insan fəna və fanilik üçün yaradılmışdırsa onda gərək insan faniliyin aşiqi olsun və ölümdən qorxmasın. Əksinə gərək ölmək ona ləzzət versin. Ancaq görürük ki, ölümdən (aradan getmək və fani olmaq mənasında olan ölüm) insanların xoşu gəlmir, hətta bacardıqları qədər ölümdən qaçırlar. Ölünün bədənini mumlamaqla çürüməyə qoymamaq, (Misir piramidaları kimi) əbədi və həmişəlik qəbirlər düzəltmək, «Həyat suyu» ardınca getmək və bu kimi ömrü uzadan şeylər insanın «bəqa» ya(ölməməyə) əlaqəsi olmasına sübutdur.

Əgər biz fəna üçün yaradılmışıqsa (yəni, bir müddət ömür sürdükdən sonra ölüb puça gedək, heç bir hesab-kitab olmaya, günahkarlar öz cəzalarına və möminlər öz əməllərinin mükafatına çatmayalar) bəs nə üçün insanın bəqaya bu qədər əlaqəsi var? Əgər faniliyə gedəcəyiksə bu əlaqənin nə mənası var?

Biz məad bəhsinə Allahın varlığını qəbul etdikdən sonra qədəm qoyuruq. Bunu bilirik ki, Allah insanlarda nə yaratmışdırsa hamısı hikmət üzündəndir. Bu hikmət, sirr yaranış və xilqətdə olan uybunluq və bu aləmdən sonrakı aləmin vücududur. Məsələn, Allah insanların vücudunda susuzluq qoymuşdur. Deməli xaricdə «su» adlı bir şey vardır. Yaxud insanda cinsi qərizə və müxalif cinsə əlaqə vardır. Deməli kənarda müxalif bir cins vardır. Belə olmasa bu Allahın hikməti ilə uyğun gəlməz.

Bundan əlavə bəşəriyyətin lap qədim tarixinə nəzər saldıqda insanın ölümdən sonrakı həyata olan etiqada bir sübut və şahiddir. Xüsusən onların ölüləri dəfn etmə tərzi, qəbrlərin düzəliş forması və ölülərin yanında müxtəlif əşyalar dəfn etmək bu məsələyə açıq-aşkar bir sübutdur.

Tanınmış psixoloqlardan biri deyir: «Dəqiq axtarışlardan məlum olur ki, bəşəriyyətin keçmiş tayfalarının da özünəməxsus məzhəbləri olmuşdur. Çünki, onlar öz ölülərini məxsus şəkildə dəfn edir və onların (ölülərin) iş alətlərini onların yanında qoyurdular. Bununla da başqa bir dünyaya olan etiqadlarını sübuta yetirirdilər.»

Bunlardan məlum olur ki, keçmiş tayfalar da ölümdən sonrakı həyatı qəbul etmişlər. Baxmayaraq ki, o həyatı elə öz yaşadıqları həyata bənzədirdilər.

Qədim zamanlardan indiyədək davam edən (və bundan sonra da davam edəcək) bu etiqada adi yanaşmaq olmaz. Yaxud bu etiqadı təlqin, təqlid və fanatik surətdə olan bir etiqad güman etmək olmaz.

Başqa tərəfdən insanın batinində olan «vicdan» adlı məhkəmə də məadın fitri olmasına bir sübutdur.

Hər bir insan yaxşı bir iş gördükdə (məsələn bir yetim uşağa köməklik etdikdə) öz batinində rahatlıq və asayiş hiss edir. Bəzi vaxtlar bu asayişi qələm və deməklə bəyan etmək olmur. Eləcə də bir nəfər bir pis iş gördükdə, günah etdikdə öz daxilində narahatçılıq hiss edir. Hətta bəzi vaxtlar iş o yerə çatır ki, insan özünə qəsd etməklə narahatçılıqdan qurtarmaq istəyir (Əlbəttə özünə qəsd etməklə bu narahatçılıq zahirdə aradan getsə də batində aradan getmir və insanın ruhu daha çox əziyyət çəkir). Yaxud özünü məhkəməyə təslim edir. Bunun səbəbini də yalnız vicdanının rahat olması bilir.

Belə bir vəziyyətdə insandan soruşan lazımdır ki, insanın vücudu qədər kiçik olan bir aləmdə belə bir məhkəmə var, necə ola bilər ki, bu əzəmətli və nəhəng dünyada bu cür məhkəmə olmasın?

Bununla da məaddan və ölümdən sonrakı həyata etiqadın fitri olması müxtəlif yollarla bizim üçün məlum olur.

İnsanların bəqaya olan eşqi yolu.

Bəşəriyyətin tarix boyu bu etiqada iman bağlaması yolu ilə, bu cür məhkəmənin (məad kimi məhkəmənin) insanın vücudunda kiçik bir nümunəsi (vicdan məhkəməsi) olması yolu ilə məlum olur ki, məada etiqad fitri bir işdir.

2. Məadın insanların həyatındakı əsəri :

Ölümdən sonrakı həyata və əməllərin hesablanmasına və insan əməllərinin (istər xeyir, istərsə də şər) həmişəlik qalacağına etiqad bəsləmək insanların fikrində, hissiyatında böyük əsər qoyur və insanı yaxşı işlər görməyə və pis işlərlə mübarizə etməyə dəvət edir.

Ölümdən sonrakı həyata inanmağın pis insanların islah və tərbiyəsində və eləcə də yaxşı insanları həvəsləndirməkdə qoyduğu təsirlər dünya məhkəmələrinin qoyduğu təsirlərdən qat-qat üstündür. Səbəbi də budur ki, qiyamət məhkəməsinin xüsusiyyətləri bu dünyanın məhkəməsinin xüsusiyyətləri ilə çox fərqlidir. O məhkəmədə insan nə öz nəzər və rəyini dəyişə bilər, nə də pul, mal və güc ilə hakiminin nəzərini dəyişdirə bilər. Nə yalançı və düzəldilmiş sənəd rol oynaya bilər, nə də ki, bu məhkəmənin qurulmasının uzun bir zamana ehtiyacı var.

Quran bu məhkəmənin bəzi xüsusiyyətləri barədə belə buyurur:

«Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməyəcək. (Heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməyəcək) heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmayacaq, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmayacaq və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməyəcək» («Bəqərə»-48).

Başqa bir yerdə belə deyilir:

«Əgər zülm (günah) etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, (onu Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz) («Yunus»-54).

Digər bir ayədə isə belə oxuyuruq:

«Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! (Günahkarlar qandallanmış, zəncirlə bir-birinə bağlanmış olacaqlar. Köynəkləri qatrandan olacaq, üz-gözlərini atəş bürüyəcəkdir). Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir. (İbrahim-51)

bu haqq-hesab o qədər tez bir zamanda olacaq ki, bəzi rəvayətlərdə deyilmişdir:

«Allah-təala bir göz qırpımında bütün məxluqatın hesabını çəkəcəkdir. «Qurani-Kərim»də günahların bir çoxunun səbəbi olaraq məhz qiyamət gününün yaddan çıxarılması qeyd olunmuşdur. Məsələn «Səcdə» surəsinin 14-cü ayəsində oxuyuruq:

«(Kafirlər və günahkarlar Cəhənnəmə girdikdə Allah onlara belə buyurar) Bu günə yetişəcəyinizi unutduğunuza görə indi (əzabı) dadın!»

Bəzi ayələrdən belə məlum olur ki, hətta insan qiyaməti gümanına gətirsə, bu iş onu bəzi günahlardan çəkindirər. Necə ki, çəkidə və ölçüdə aldadanlar barədə deyilmişdir:

«Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?» («Mutəffifin»-4).

İslam mücahid və fədailərinin keçmişdə və indiki zamanda göstərdikləri qəhramanlıqların, bir çox insanların öz ölkələrindən (islami ölkələrindən) və məzlum insanlardan göstərdiyi müqavimət və müdafiələrin səbəbi yalnız ölümdən sonrakı həyata etiqad bəsləməkdir. Bu etiqad insanların müqəddəs hədəflərə doğru irəliləməsinə səbəb olur. Alimlərin mütaliəsi və müxtəlif təcrübələr göstərir ki, bu işdə ən böyük rolu insanlarda qiyamət və məada olan etiqad oynayır. Bundan başqa heç bir amil bu əsəri insanlarda qoya bilməz.

Şüarı «Qul həl tərəbbəsunə bina ihdəl husnəyəyni» (De ki, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? (Tövbə-52)) olan islam və müsəlman ordusu yəqin ki, məğlubedilməz bir ordudur. (Sağ qalmaq da onların xeyrinədir, ölmək də. Əgər sağ qalsalar, qələbə çalacaqlar, yox əgər ölsələr şəhadət şərbətini içərək «Əbədi Cənnət»ə gedəcəklər. Bundan böyük səadət olarmı?).

Ölüm səhnəsi insanların əxsəriyyəti üçün qorxulu, vəhşətli olsa da, (hətta ölümün adı gələndə belə qorxurlar) ancaq ölümdən sonrakı həyata əqidəsi olanlar üçün bu səhnə nə təkcə qorxulu deyil, əksinə onlar üçün böyük bir fürsətdir. Onlar üçün əbədi həyata açılmış bir pəncərədir.

Qəfəsləri sınaraq ruhları azadlığa doğru pərvaz edir. Bədənləri əsarətdən qurtararaq əbəli azadlığa qovuşur.

Ümumiyyətlə, ölümdən sonrakı məad məsələsi Allah yolunu gedənlərlə materialistlər arasında bir sərhəddir. Çünki, bu iki yol tamamilə bir-birindən fərqlənir.

Bu yolun biri ölümü fəna, nabud olmaba və puça getmək bilir. Bacardığı qədər ondan qaçırlar. Səbəbi də budur ki, ölümü hər şeyin sona yetməsi bilirlər (Materialistlər yolu).

Digər əqidə və yol isə ölümü, təzə və yeni bir təvəllüd, geniş və ucsuz-bucaqsız həyata qədəm qoymaq və sonsuz asimanlarda qanad çalmaq bilir (İslam yolu).

Təbiidir ki, ikinci yolun tərəfdarları ölüm və müqəddəs hədəf uğrunda şəhadətdən qorxmur, əksinə bu yolun lideri olan Həzrət Əlinin(ə) məktəbindən ilham alaraq şəhadətin pişvaz və istiqbalına gedir. Həzrət Əli(ə) özünün ölümə qarşı münasibətini belə izah edir:

«And olsun Allaha ki, Əbu Talibin oğlunun (Əlinin) ölümə olan məhəbbəti südəmər körpənin anasının döşünə olan məhəbbətindən çoxdur. (Nəhcül-Bəlağə, 5-ci xütbə).

Məhz bu səbəbdən dünyanın ən böyük cinayətkarı «Əbdürrəhman ibn Mülcəm» o Həzrətin mübarək başına qılınc zərbəsi endirərkən o Həzrət belə buyurur:

«Fuztu və Rəbbil Kəbə!» «And olsun Kəbənin Allahına ki, rəhat olub səadətə yetişdim!» (Məlumdur ki, ölümə o cür məhəbbəti olan insan zərbətlənən anda bu cür söz deyəcək.) bu cür liderləri olan bir məktəblə ölümü hər şeyin sonu bilən məktəbi (materialistlər məktəbi) bir səviyyədə tutmaq olarmı? Heç bunları bir-biri ilə müqaisə etmək düzgün deyil.

Qısa sözlə desək məada etiqad bəsləmək qorxaq, hədəfsiz bir insanı şücaətli, qəhrəman və müqəddəs hədəfə doğru addımlayan bir insana çevirir.

3- Məadın əqli dəlil sübutları :

Məad barədə gətirilən nəqli dəlil və sübutlar Quranda yüzlərlə ayəni təşkil edirlər. Bunlardan əlavə bu məsələ üçün əqli sübutlar da vardır. Biz onlardan bir qismini qısa şəkildə burada gətiririk.

a) Hikmət bürhanı (sübutu).

Bu dünyadakı həyatı bundan başqa bir həyat olmadan fərz etsək, insan həyatı puç və mənasız olar. Bu eynilə bu işə bənzəyir ki, bu dünya olmadan ana bətnində bir uşaq fərz edək. Əgər yaranışın qanunu belə olsaydı ki, bütün ana bətnində olan uşaqlar doğulan zaman boğulub ölməlidirlər, onda ana bətnində keçən uşaqlıq dövrü nə qədər mənasız olardı? Həmçinin bu dünyanı da başqa bir dünyasız təsəvvür etsək yenə həmin mənasızlıq irəli gələcək.

Belə bir təqdirdə nə mənası var ki, 70 il, bir az çox və yaxud az bu dünyada çətinliklərlə mübarizə aparaq? Əvvəl xam və təcrübəsiz olaq. Bir az təcrübə topladıqdan sonra təzəcə həyat süpməyə başlamaq istədikdə ömür sona yetir.

Nə mənası var ki, bir müddət təhsil, elm, savad ardınca gedək? Bir az savada yiyələndikdə qocalıq başımızın üstünü alır.

Ümumiyyətlə, biz nə üçün yaşayırıq? Bir miqdar yemək yeməyin, bir neçə dəst paltar geyməyin, yatmabın, durmağın və bu proqramı dəfələrlə təkrar etməyin nə mənası var?

Bu geniş asiman, yer, digər ləvazimat, müəllimlər, tərbiyəçilər... təkcə yeyib, içib, yatıb, durub maddi həyat sürmək üçündürmü?

Bura yetişdikdə məadı qəbul etməyənlər bu dünyanın puç olmasını etiraf etməyə məcbur qalırlar. Bir dəstə insanlar bu puç dünyadan azad olmaq fikri ilə intihara əl ataraq özlərinə qəsd edirlər.

Necə mümkündür bir nəfər Allahın hikmətini qəbul edə, lakin bu dünyanın yaşayışını əbədi bir həyat üçün müqəddimə olduğunu başa düşməyə?

Qurani-Məcid buyurur:

«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?» (Muminin-115).

Deməli, əgər Allahın hüzuruna qayıdış (məad) olmasaydı bu dünyanın yaşayışı əbəs və puç olardı.

Bu dünyanın yaşayışı o vaxt mənalı və Allahın hikməti ilə uyğun olar ki, bu dünyanı Axirət dünyası üçün əkin sahəsi və hazırlıq məktəbi hesab edək. Necə ki hədisdə deyilmişdir: «Əddunya məzrəətul axirət» «Dünya axirət üçün nə əkərsə qiyamətdə əkdiklərinin məhsul və bəhrəsini yığacaq.» başqa bir hədisdə isə deyilir: «Əddunya qintərətun» «Dünya axirət üçün hazırlıq məktəbidir.» Bu ibarət və ifadələr həzrət Əlinin (ə) mənalı sözlərində geniş surətdə açıqlnmışdır:

«Bu dünya onunla düzgün davrananlar üçün düzgünlük evi, onu başa düşənlər üçün afiyət (sağlamlıq) evi, ondan dar günü üçün zəxirə saxlayanlara ehtiyacsızlıq evi, ondan ibrət və nəsihət alanlar üçün nəsihət evidir. Allah dostlarının məscidi, mələklərin namazxanası, Allah vəhyinin nazil olduğu yer və Allah övliyalarının ticarətxanasıdır.»

Qısa sözlə desək bu dünyanın gedişatı barədə tədqiqatlar göstərir ki, bu dünyanın arxasında başqa bir aləm, axirət aləmi var.

Quran bu məsələni irəli sürüb insanlara tənə edərək belə buyurur:

«And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!» (Vaqiə-62).

b) Ədalət bürhanı (sübutu).

Xilqət nizamında olan nəzmə və onun qayda-qanununa diqqət yetirdikdə görürük ki, onun hər şeyi hesab-kitab üzündəndir. İnsanın bədən quruluşuna çox ədalətli bir proqram başçılıq edir. Bu proqramda bir balaca dəyişiklik və ya natarazlıq insanın ölümü, ən azı isə xəstələnməsi ilə nəticələnir. Qəlb döyüntüsü, qan dövranı, göz pərdələri, hətta çox kiçik olan və yalnız mikroskopla görünən hüceyrələrin hamısı bu proqramla hərəkət edirlər. Bu proqram bütün dünyada hökumət edir və bir zərrə belə ədalətdən kənar çıxmır. Necə ki, deyilmişdir:

«Yer və göylərin hamısı ədalətə əsasən bərpa edilmişdir. İnsan bu nizamın bir zərrəsi belə ola bilərmi?»

düzdür, Allah insanı öz istək və iradəsinə azad buraxmışdır. Səbəbi də budur ki, Allah onu azad buraxmağı ilə imtahana çəkir və bu yolla onun təkamülə yetişməsini istəyir. Ancaq insan bu azadlıqdan pis istifadə etdikdə necə olar? Əgər kafirlər, zalımlar, günahkarlar və azğınlar bu azadlıqdan mənfi istifadə edib öz yollarını davam etdirsələr, bu təqdirdə Allahın ədaləti nə hökm edir?

Düzdür zalım və azğın insanlardan bir dəstəsi bu dünyada öz cəzalarını çəkirlər. Lakin belə də deyil ki, bütün günahkarlar elə bu dünyada öz əməllərinin cəzasını çəkirlər. Eləcə də bütün möminlər və xeyirxahlıq edən insanlar öz işlərinin mükafatını bu dünyada ala bilmirlər. Heç olarmı ki, bu iki dəstə insanlar Allahın ədalət tərəzisində eyni səviyyədə dursunlar? Quranın məntiqi ilə desək:

«Məgər biz müsəlmanları kafirlərlə eynimi tutacağıq? Sizə nə olub, necə mühakimə yürüdürsünüz? (Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz? («Nun»-35, 36).

Başqa bir ayədə deyilir:

«Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?» («Sad»-28).

Bir sözlə insanlar Allahın əmrlərini yerinə yetirib yetirməməsində fərqlənirlər və bunda şübhə yeri yoxdur. Dünyada məhkəmələrin bərqərar olması cinayətkarların cəzalandırılmasına və tam ədalətin bərqərar olunmasına kifayət etmir(və çox cinayətlər törədilir ki, məhkəmə o cinayətlərin canisini yaxalaya bilmir). Buna görə də qəbul edək ki, məxluqata İlahi ədalət lazımdır. Bütün bəşəriyyətin işinə yetişən bir ədalət məhkəməsi lazımdır. Elə bir məhkəmə olsun ki, iynə ucu qədər pis və yaxşı iş də orada hesablansın. Buna görə də bilməliyik ki, Allahın ədalətini qəbul etməyin mənası məadı və qiyaməti qəbul etmək deməkdir. «Quran»da bu haqqda deyilir:

«Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq» («Ənbiya»-47).

Başqa bir yerdə isə deyilir:

«İnsanlar arasında qiyamət günü ədalətlə hökm olunar, onlara zülm edilməz.» («Yunus»-54).

v) Hədəf bürhanı (sübutu).

Materialistlərin düşüncə və əqidəsinin əksinə olaraq islami düşüncəyə əsasən insanlar bir hədəf və məqsəd əsasında xəlq olublar. Fəlsəfədə (islam fəlsəfəsində) bu hədəfi «təkamül» adlandırmışlar. «Quranın» dili ilə desək bu hədəf «insanların Allaha yaxınlaşması» və ya «ibadət və bəndəçilik» dir. «Zariyat» surəsinin 56-cı ayəsində oxuyuruq:

«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!» (Mənə ibadət etməyin sayəsində təkamül və kamala yetişsinlər.)

Əgər ölümü hər şeyin sona yetməsi bilsək bu böyük hədəf təmin olarmı? Şübhəsiz ki, bu suala mənfi və «xeyr» cavabı verəcəyik.

Mütləq bu dünyadan sonra başqa bir dünya olmalıdır ki, insan təkamül xəttini orada davam etdirsin, bu dünyada əkdiyi məhsulun orada bəhrəsini götürsün.

Qısa sözlə desək insanların yaranışında olan hədəfi məadı qəbul etmədən təmin edib həyata keçirmək mümkün deyil. Əgər bu dünyanın ölümdən sonrakı dünya ilə olan əlaqə və rabitəsini qırsaq (məadı inkar etsək) hər şey müəmma şəklinə düşəcək və «nə üçün» sualları cavabsız qalacaq.

q) İxtilafların olmaması bürhanı (sübutu).

Yəqin ki, bütün insanlar məktəblər, məzhəblər və əqidələr arasında olan ixtilaflardan əziyyət çəkir, narahat olurlar. Hamımız arzulayırıq bir gün gəlsin ki, bu ixtilaflar tamamilə aradan getsin. Müxtəlif dəlillərdən məlum olur ki, bu ixtilaflar tamamilə aradan getsin. Müxtəlif dəlillərdən məlum olur ki, bu ixtilaflar dünya təbiətinin batininə işləyib və ilk gündən ixtilaflar dünya təbiətinin batininə işləyib və ilk gündən ixtilaflar irəli gəlib. Bəzi rəvayət və sübutlardan istifadə olunur ki, həzrət Məhdinin (ə) zühurundan sonra bu ixtilafların bir çoxunun aradan qaldırılmasına baxmayaraq onlar tamamilə həll olunmayacaq. Quranın dediyinə əsasən Yəhud və Nəsaranın arasında olan ixtilaf qiyamət gününədək davam edəcək.

«Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq.» (maidə-14)

Lakin hər şeyi vəhdət və birliyə tərəf yönəldən Allah nəhayət bu ixtilaflara son qoymağın) qeyri-mümkün olması üçün hər şeyin aşkar olduğu başqa bir aləmdə bu iş həyata keçəcək. Həqiqətlər elə aşkar olacaq ki, daha ixtilaf etməyə yer qalmayacaq.

Quranın bir çox ayələrində bu məsələyə işarə olunmuşdur. Bir yerdə deyilir:

«Allah onların (xaçpərəstlərlə yəhudilərin) arasındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!» (Bəqərə-113).

Digər bir ayədə oxuyuruq:

«Onlar: «Allah ölən bir kimsəni diriltməyəcəkdir!»-deyə Allaha möhkəm and içdilər. Xeyr! Allah (qiyamət günü ölüləri qəbirlərindən çıxardıb dirildəcəyi haqda) doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz! (Allah, öləndən sonra hər bir mömin və kafiri dirildəcəkdir ki,) ixtilafda olduqları məsələləri onlara izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər...» (Nəhl-38, 39).

4- Quran məad məsələsi :

Peyğəmbər lərin dəvətinin ən əsas hissəsi olan tövhid məsələsinə aid olan ayələrdən sonra məad məsələsi və onun əsərləri Quranda birinci yeri tutur. Quranda tövhiddən sonra ən çox ayəni özünə ixtisas verən məsələ məad məsələsidir. Məada aid olan ayələrin bəzisi bu məsələni məntiqi sübut və istidlal əsasında gətirmiş, bəziləri isə bu məsələni fanatik surətdə bəyan etmişdir. Bu məsələ insana o qədər təsir edir ki, bəzi vaxtlar insan bu ayələri eşidəndə bədəninin tükləri biz-biz olur. Bu sübutlar o qədər cazibəlidir ki, insanın bədən və ruhuna nüfuz edir.

Bu ayələrin birinci dəstəsində (yəni məntiqi sübut və dəlil əsasında gətirilən ayələr) ən çox məadın baş verəcəyi mövzusuna işarə olunmuşdur. Səbəbi də budur ki, məadı inkar edənlərin əksəri onun baş verəcəyini mahal və imkandan kənar bir iş güman edirdilər. Onlar belə güman edirdilər ki, məad, xüsusən cismani məad həyata keçəcək bir iş deyildir. Çünki, cismani məad baş tutması üçün lazımdır ki, çürüyüb torpağa qatışmış bədənlər yenidən dirilsinlər. (bunu da qeyri əqli bir iş bilirdilər).

Bu ayələrin birinci dəstəsi müxtəlif yollarla bu məsələyə işarə edərək onun həyata keçəcəyini isbat etmişdir. Bu yolların müxtəlif olmasına baxmayaraq nəticələri eynidir. O da məadı isbat etməkdir. (Özü də əqli dəlillərlə).

Bir dəfə insanın ilk yaşayışını onun zehnində canlandıraraq qısa ifadə ilə bu məsələni açıqlayıb deyir: «Sizi (yoxdan) yaratdığı kimi, «Yenə də Onun hüzuruna qayıdacaqsınız» (Əraf-29).

Başqa bir yerdə bitkilərin (və təbiətin) ölüm və həyatını bizlərlə xatırladaraq həmən ayələrin sonunda insanların da ölüm və dirilməyinin bu cür baş verəcəyini bəyan edir: « Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və arpa, buğda və s. Kimi) biçilən taxıl dənələri yetişdirdik. Biz o su ilə ölü bir məmləkəti cana gətirdik. (Qəbrlərdən) dirilib-çıxmaq da belədir.» (Qaf-9, 11).

Biz insanlar, bitkilərin və təbiətin bu ölüb yenidən dirilməsini hər il müşahidə edirik.

Başqa bir ayədə belə deyilir:

«Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən. Biz o buludları quru (ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra torpağı dirildirik. Ölüləri diriltmək də belədir.» (Fatir-9).

Məad məsələsini bəzi vaxtlar Allahın qüdrətini bəyan etməklə irəli sürür:

«Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?» (Əhqaf-33).

Bəzi vaxtlar enerjilərin qiyamətini və göy ağacdan od əmələ gəlməsini Onun qüdrət və məad nişanələrindən qələmə vermişdir:

«O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi.» (Yasin-80).

Bəzi vaxtlar insanın ana bətnində keçirdiyi dövrü onun yadına salmaqla məad məsələsinə işarə edərək buyurur: «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən doqquz ay) saxlayır, sonra sizi (oradan) uşaq olaraq çıxardırıq...» (Həcc-5).

Bəzi ayələrdə qiyamətin əsər-əlamətini «Əshabi-Kəhf»in 309 il çəkən yuxusu kimi uzun-uzadı yuxularda (ölümə tay olan və bəzi vaxtlar ölümün özü olan yuxularda) insanlara göstərir. Əshabi-Kəhfin dastanını bəyan etdikdən sonra buyurur:

«İnsanları (Tərsusun əhalisinin) onların halı ilə beləcə tanış etdik ki, Allahın (öləndən sonra məxluqatın diriləcəyi haqqındakı) vədinin doğru olduğuna və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər». (Kəhf-21).

Bu altı yol «Quran»da məadın bunların vasitəsilə isbat olduğu yollardır.

Bunlardan əlavə «Quran»da məadın bunların vasitəsilə isbat olduğu yollardır.

Bunlardan əlavə «Quran»da digər dəlil və şahidlər vardır ki, hər biri məad üçün bir nümunədir. O cümlədən İbrahim(ə) Peyğəmbərin quşlarla macərası (Bəqərə-260), Üzeyr Peyğəmbərin (Bəqərə-73) sərgüzəştlərini misal gətirmək olar.

Qısa sözlə desək «Quran» məadı, onun əsərlərini, müqəddimə və nəticələrini o qədər gözəl bəyan edir ki, bu ayələr o qədər çoxdular ki, hər kəsdə bir zərrə vicdan olsa və bu ayələri nəzərdən keçirsə mütləq onda təsir edəcək.

Bəzilərinin dediyinə görə «Quran»da 1200-ə yaxın ayə məad barəsində bəhs edir. Əgər bu ayələri bir yerə toplayıb onları təfsir etsək böyük həcmli bir kitab əmələ gələr.

5- Cismani məadın mənası bu deyil ki , qiyamətdə təkcə insanın bədəni dirilib qayıdacaq bədən ruhdan ayrılacaq . Əksinə , bədən ruhla birgə qiyamətdə hazır olacaqlar . Başqa sözlə desək ruhun qayıtmasında şübhə yoxdur . Şübhə cism bədəninin qayıdacağındadır .

Qədim filosoflardan bir qrupu demişlər ki, məad təkcə ruha aiddir. Bədəni isə insanın (ruhunun) yalnız bu dünyada özü ilə gəzdirdiyi bir yük bilirlər. Öldükdən sonra insan bədəndən ayrılaraq ruhlar aləminə tələsir.

Lakin İslam alimlərinin fikrincə məad həm cismani, həm də ruhani olacaqdır. Düzdür bu alimlərdən bir dəstəsi belə deyir ki, o cisim bu dünyadakı cisim olmayacaq. Allah insana başqa bir cisim əta edəcək. İnsanın şəxsiyyəti və mənliyi onun ruhu ilə hesablandığına görə bu cisim də insanın cismi hesab olur.

Ancaq təhqiqçilərin təhqiqatı sayəsində məlum olur ki, qiyamətdə hazır olan cisim insanın bu dünyadakı cisminin özüdür. Çürüyüb torpağa dönmüş bədən Allahın əmri ilə dirilib yeni libası geyəcək. Bu məsələ Quran ayələrindən ələ gəlmiş bir məsələdir.

Cismani məad barədə «Quran»da o qədər ayələr vardır ki, yəqinliklə bu nəticəyə gəlmək olar: təkcə ruhani məada əqidə bəsləyənlər bu ayələri azacıq da olsun belə mütaliə etməmişlər. Əgər onlar bu ayələri oxusaydılar yəqin ki, belə əqidədə qalmazlar.

Elə «Yasin» surəsinin son ayələri də bu məsələni vurğulamışlar. Çünki, çürümüş sümüyü əlinə götürən kişi təəccüb edirdi ki, bunu yenidən kim dirildə bilər?

«Quran»da buna cavab olaraq açıq-aşkar deyilmişdir: «Qul yuhyiyhəlləzi ənşəəha əvvələ mərrətin». «(Ey Peyğəmbər!) De ki,-onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir».

Müşriklərin tamam təəccüb və müxalifəti elə bu məsələyə görə idi. Onlar deyirdilər ki: «Məgər biz torpağa qarışıb yox olduqdan sonra yenidən diriləcəyikmi?» (Və qalu əiza zələlna fil ərzi əinna ləfi xəlqin cədid? Səcdə-10).

Onlar deyirdilər ki: «O (Muhəmməd(ə)) sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirilib) çıxacabınızı vəd edirmi?» (Əyəidukum ənnəkum iza mittum və kuntum turabən və izamən ənnəkum muxrəcun? Muminun-35).

Onlar bu məsələyə o qədər təəccüblə yanaşırdılar ki, onu Allah rəsuluna dəlilik və ya yalançılıq kimi nisbət verirdilər: «Kafirlər (öz aralarında Peyğəmbərə istehza edərək bir-birinə dedilər: Sizə parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (diriləcəyinizi) xəbər verən bir adam göstərəki? Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?» (Qaləlləziynə kəfəru həl nədullukum əla rəcülin yunəbbikum iza muzziqtum kullə muməzzəqin ənnəkum ləfi xəlqin cədid? Əftəra ələllahi kəzibən əm bihi cinnətun? (Səba-7, 8).

Məhz bu səbəbdən «Quran»ın məadın baş tutacağı barədə gətirdiyi sübutların hamısı cismani məada aiddir. Ötən fəsildə (4-cü incəlikdə) gətirdiyimiz altı dəstə ayələrin hamısı bu iddiaya (məadın cismani və ruhani olacağına) bir sübut və dəlildir.

Bundan əlavə «Quran»nın bir çox ayələrində bəyan olunur ki, siz qəbirlərinizdən çıxarılacaqsınız («Yasin»-51, «Qəmər»-7 və s.). Qəbirdən qalxmaq da cismani məada aiddir. İbrahim (ə) peyğəmbərin başına gələn hadisə, Üzeyir (ə) peyğəmbərin ölüb-dirilməsi və Bəni-İsraildə qətlə yetirilmiş kişinin əhvalatlarında cismani məada işarə edir.

Mütərcimdən:

Bu üç əhvalat haqqında qısa məlumat.

Bir gün İbrahim (ə) peyğəmbər Allaha xitab edərək buyurdu: «Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər.» Allah ona belə cavab verdi: «Məgər (ölüləri diriltməyimə) inanmırsan?» İbrahim (ə) buyurdu: «Niyə, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün istəyirəm.» Allah ona buyurdu: «Dörd quş tut, onların başını kəsib bir dağa qoy. Sonra bir yerdə dayanıb onları səslə. Dərhal dirilib sənə tərəf uçub gələcəklər.»

İbrahim (ə) Allahın buyurduğu kimi dörd quş (hədisdə bu quşlar ördək, tovuz, xoruz və kəklik, ya da qarğa qeyd olunmuşdur) tutub başlarını üzdü. Onları bir dağa qoyub bir yerdə dayanaraq quşları özünə tərəf çağırdı. Allahın izni və əmri ilə quşlar dərhal dirilib İbrahimə (ə) tərəf uçub gəldilər (Bu dastan «Bəqərə» surəsinin 260-cı ayəsində bəyan olunmuşdur).

Bir gün Üzeyir (ə) Peyğəmbər damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçib gedərkən dedi: «Əcəba, Allah bu kəndi ölümündən sonra necə diriləcək?» Bu vaxt Allah onun qəlbini xatircəm etmək üçün onu yüz il yuxuya apardı (öldürdü). Peyğəmbər oyandıqdan sonra Allah ondan soruşdu: «Nə qədər yatmısan?» Üzeyir (ə) cavab verdi: «Bir gün, bəlkə bir gündən də az.» Allah ona dedi: «Sən yüz ildir ki, yatmısan. Yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bir bax! (Onun uzunqulağı da var idi).

O, uzunqulağa baxanda onun yalnız sümüklərini gördü. Allah sözünə əlavə edib buyurdu: «İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə necə birləşdirib, sonra da necə onların üzərini ətlə necə örtürük? (Gör onu dirildirik?)». Bu vaxt uzunqulaq cana gələrək ayağa qalxdı (Bu dastan «Bəqərə» surəsinin 259-cu ayəsində bəyan olunmuşdur).

Bəni İsraildə gözəl bir qız var idi. Bu qız tanınmış bir ailədə böyüdüyü üçün onun adı, sorağı hər tərəfə yayılmışdı. Bu qız üçün çoxlu elçilər gəlmişdi. Qızın üç əmisi oğlu var idi. Onlar da bu qıza elçi göndərmişdilər. Qız-oğlanlardan birinin elm sahibi olduğu üçün ona ərə getməyə razılıq vermiş. O biri əmisi oğlanları qardaşlarına həsəd apararaq onu qətlə yetirib gecə vaxtı Bəni İsrailin küçələrinin birinə atırlar. Səhər açılan kimi qatillər həmin küçəyə gəldilər. Əmisi oğlunun meyitini görcək şivən vurub ağlamağa başladılar. Onlar Musanın(ə) yanına gəlib əhvalatı ona danışdılar. Musa(ə) nə qədər axtardısa qatili tapa bilmədi. O, Allahın dərgahına pənah aparıb bu işin sirrini öyrənmək istədi. Allah Musaya vəhy etdi ki, Bəni İsrailə de bir öküz kəsib onun ətindən (ya qanından) meyitə sürtsünlər. Ölü dərhal dirilib öz qatilini təyin edəcək. Qatillər bunu eşitdikdə tez bəhanələrə əl atdılar (və inəyin kəsilməsinə mane oldular). Allah onların bütün bəhanələrinin cavabını verdi. Nəhayət, çox bəhanələrdən sonra inəyi kəsməyə məcbur oldular. İnəyi kəsib onun ətindən meyitə sürtdükdə o dirildi və dilə gələrək öz qatilinin kim olduğunu bildirdi (Bu mövzuya «Bəqərə» surəsinin 67-ci ayəsindən 73-cü ayəsinə qədər olan hissədə müraciət edə bilərsiniz).

Bu dastanların hamısı cismani məada bir şahid, sübut və nümunələrdir (Mütərcimdən).

«Quran»da Cənnətin maddi nemətlərinin (Hurinin, yeyib-içməyin, dincəlməyin və s.) sadalamasından da məadın həm ruhani, həm də cismani olması başa düşülür. Əgər belə deyilsə onda maddi nemətləri mənəvi nemətlərlə birgə qeyd etməyin mənası olmaz.

Hər kim «Quran» ayələrini bir az mütaliə edərsə, o şəxsin cismani məadı inkar etməsi mümükün deyil. Başqa sözlə desək, cismani məadı inkar etmək məadın özünü inkar etmək deməkdir (İstər ruhani, istərsə də cismani).

Yazdıqlarımızdan əlavə cismani məad haqqında çox hədis və rəvayətlər mövcuddur. Həmin hədisləri digər kitablardan əldə edib oxuya bilərsiniz.

6. Cənnət Cəhənnəm .

Bir çoxları belə güman edirlər ki, ölümdən sonrakı həyat elə bu dünya kimidir. Ancaq daha kamil, daha gözəl bir şəkildə.

Lakin əlimizdə olan əsaslardan belə məlum olur ki, o dünya ilə bu dünyanın çox fərqləri vardır. Bu iki dünya arasındakı fərq bu dünya ilə uşaqlıq dünyası (ana bətni) arasında olan fərqdən də çoxdur. Əgər axirət aləmi ilə bu dünyanın fərqini ana bətni ilə bu dünya arasında olan fərqlə müqayisə etsək, müqayis yenə də səhih və düz olmayacaq.

Bəzi rəvayətlərin dediyinə görə o dünyada elə şeylər var ki, onları nə bir göz görmüş, nə də bir qulaq eşitmişdir. Hətta insanın fikrinə belə gəlməyib. «Quran»da bu barədə buyurur: «Fəla tələmu nəfsun ma uxfiyə ləhum min qurrəti əyunin».

«Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün gözoxşayan (onları sevindirəcək) nə cür nemətlər gilənib saxlandığını heç kəs bilməz» (Səcdə-17).

O dünyanın hökuməti, şəhadəti də bu dünyada hökumətçilik edən qayda-qanunlarla fərqlənir. Bu dünyada məhkəmədə (islami məhkəmədə) iki nəfər ədalətli kişi şahid durmalıdır. O dünyada isə insanın öz əli, ayağı və hətta dərisi gördükləri əməllərə şəhadət verəcəkdir. «Yasin» surəsinin 65-ci ayəsi bu məsələyə sübutdur: «Əlyəvmə nəxtimu əla əfvahihim və tukəllimuna əydiyhim və təşhədu ərculuhum bima kanu yəksibun.» «Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.»

«Fussilət» surəsinin 21-ci ayəsi də bu məsələni vurğulayır: «Və qalu liculudihim limə şəhidtum ələyna qalu əntəqənəllahulləziy əntəqə kullə şəyin». «Onlar öz dərilərinə: «Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz?» deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı.»

Ümumiyyətlə axirət aləmi barədə nə qədər sözlər deyilirsə, bizim zehnimizdə təsəvvür olunan bunlardır. Uzaqdan görünən qaraltıya bənzəyir. Bununla da axirət aləmi barədə verilən sualların bir çoxuna cavab verilir.

Bu qədər bilirik ki, Cənnət Allah nemətlərinin cəm olduğu yerdir. İstər maddi nemət olsun, istərsə də mənəvi nemət. Cəhənnəm də onun əksinə. Yəni ən çətin əzablar orada mövguddur.

Cənnət və Cəhənnəmin xırdalıq və cüziyyatı barədə «Quran»da yalnız bəzi şeylər deyilmişdir (Qısa şəkildə). Biz də bunları qəbul edirik. Lakin bunlar barədə geniş məlumatı görmədən kimsə deyə bilməz.

Pərvərdigara! O qorxulu, dəhşətli gündə ədalətli məhkəmədə bizləri öz pənahında saxla. Bizlərə rahatlıq əta et.

Pərvərdigara! Əgər məhkəmə əməllər əsasında qurulsa onda bizim əlimizdə heç bir şey olmayacaq. Öz kərəm və fəzilətinlə bizim ləyaqətsiz əməllərimizi qəbul et. Öz rəhmət və mərhəmətinlə bizim günahlarımıza pərdə çək.

Pərvərdigara! Bizim aqibətimizi elə et ki, həm Sən bizdən razı qalasan, həm də biz Sənin hüzurunda başıuca olaq.

Amin ya Rəbbəl aləmin . Son.