Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3










Dini terminlər lüğəti

A

Allah - bütün varlıq aləmini yaratmış və idarə edən fövqəltəbii qüvvə. Lüğəti mə"nada "ibadət edilən, mə"bud" deməkdir. Bə"ziləri səhv olaraq, İslamdakı Allah anlayışının digər dinlərdəki tanrı anlayışından fərqli olduğunu düşünürlər ki, bu da bə"zən dinlərarasıanlaşılmazlığa gətirib çıxarır. Məsələn, "Lə ilahə illəllah" ifadəsini rus dilində çox vaxt "net Boqa krome Allaha" kimi tərcümə edirlər. Bu, səhvdir. Belə ki, rus dilində "Boq" sözünün verdiyi mə"na ərəb dilində "Allah" sözünün mə"nası ilə üst-üstə düşür. Bu baxımdan "Net Bojestva krome Boga" və ya "Netu Bojestva krome Allaha" tərcüməsi daha düzgündür. Lakin qeyd etməliyik ki, İslam dinində Allah təkdir və dinimiz digər tanrıların mövcüdluğunu inkar edir.

ABİD - lüğəti mənada "ibadət edən" deməkdir. İslam tarixində öz gözəl əxlaqı, çoxlu ibadətləri ilə məşhur olan şəxslərə "abid" demişlər. Həmin şəxslər həqiqətən ibadətdən zövq almış, günün əksər vaxtlarında Allaha ibadət etməyi özlrinə borc bilmişlər. Belə abidlərdən çoxlu fövqəladə hərəkətlər - kəramətlər müşahidə edilmişdir.

Abdəst - "dəstəmaz" sözünün sinonimidir. Müsəlmanları ibadətdən, xüsusilə namazdan əvvəl paklıq niyyəti ilə yuyunmasıdır.

Azan - namazdan əvvəl müsəlmanlar tərəfindən deyilən cümlələr. Azanın mətnində Allahın böyüklüyü, təkliyi, Həzrət Məhəmmədin (s) peyğəmbərliyi xatırlanır və namaza çağırış səslənir. Azanı obrazlı ifadə ilə "İslamın şüarı" adlandırırlar. Ayə - lüğəti mə"nada nişanə və rəmz deməkdir. Lakin bir termin kimi Qur"ani-kərimin hər cümləsinə "ayə" deyilir.

Ayətullah - İslam aləmində ən yüksək dini rütbələrdən biridir. İslam elmlərinin incəliklərinə bələd olan alimlərə "ayətullah" deyilir. Lüğəti mə"nası "Allahın yer üzərində nişanəsi" deməkdir.

Amin - bütün duaların sonunda işlənən söz. Təqribi mə"nası "Dua qəbul olsun!" deməkdir.

Axirət - İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis adamlar isə çəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnə və cəhənnəmdə) davam edəcək.. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.

Aşura - lüğəti mə"nası "onuncu gün" deməkdir. Termin olaraq üçüncü İmam Hüseynin (ə) Kərbəla səhrasında faciəvi ölüm günü - yəni hicri-qəməri təqvimlə məhərrəm ayının 10-u "aşura" adlanır.

Axund - İslam aləmində ali dini rütbə. Lüğəti baxımdan bu sözün "oxumuş (təhsilli) adam" mə"nasını ifadə edən "ağaye-xundə" sözündən qaynaqlandığı ehtımal olunur.

B

Bey"ət - bir kəsin hakimiyyətini tanımaq bə ona tabeçiliyi e"tiraf etmək. Qədimlərdə hökmdarlar, şəhər valiləri və b. hakimiyyətə keçdikdə, tabeçilikdə olanlar bir-bir onların əlini sıxıb, itaət etdiklərini bildirirdilər; buna bey"ət deyilirdi,

BÜRHAN - "dəlil, sübüt" deməkdir. Hər bir elm sahəsində olduğu kimi, İslami fəlsəfə və kəlam elmlərində də bütün əsas prinsiplər dəlillər vasitəsilə sübüta yetirilir. Məsələn, Allahın varlığı, vahidliyi, ədaləti, peyğəmbərlərin və imamların zərurəti, onların məsumluğunun vacibliyi və s. məsələlərin hər biri çoxlu sayda bürhanlar vasitəsilə isbat olunur.

Batil – Bir əməlin pozulması. Məs. dəstəmazın batil olması (pozulması).

C

Cari su – yerdən qaynayan və axan su (bulaq kimi)

Cihad - döyüş, mübarizə deməkdir. İslamda cihadın iki növü vardır. İslam dişmənləri ilə, habelə Vətənin azadlığı uğrunda aparılan müharibə "cihadi-əsğər" (kiçik cihad), insanın öz nəfsi və tamahı ilə apardığı mibarizə isə "cihadi-əkbər"(böyük cihad) adlanır.

Ç

Çavuş - qədimlərdə Həcc, Kərbəla və Məşhəd ziyarətinə gedənləri karvana toplayan şəxslərə "çavuş" dəyirdilər. Çavuşlar şəhərin içində məhəllə-məhəllə gəzib, uca səslə qəsidə oxuyar və camaatı hazırlaşmağa çağırardılar. Klassik şairlər çavuşların oxuması üçün "çavuşi" adlı xüsusi şə"rlər yazmışlar.

D

Dəstəmaz - paklanmanın bir növüdür. Qüsldən fərqli olaraq, dəstamaz alan şəxs bədəninin yalnız bə"zi üzvlərini yuyur, yaxud onlara məsh çəkir (yə"ni yaş əlini həmin bədən üzvlərinin üzərinə sürtür). Namaz qılmaq, Qur"an yazısına, peyğəmbər və imamların adına toxunmaq üçün mütləq dəstəmazlı olmaq lazımdır.

Diyə - şəriət terminlərindəndir. İslam qanunlarına əsasən, qəsdən cinayət törətmiş hər bir şəxs etdiyi əmələ müvafiq cəza çəkməlidir. Ancaq bəzi əməllər nəticəsində başqalarına zərər yetirən şəxs zərərçəkənə cərimə ödəməlidir. Bu cəriməyə “diyə” deyilir. Diyənin miqdarı törədilən cinayətin ağırlığından asılıdır. Məsələn, xüsusilə ağır olan qətl cinayətinə görə, cani ya öldürülməli, ya da zərərçəkən tərəfə diyə ödəməlidir. Bəzən əks tərəf diyəni qəbul etməklə razılaşır və beləliklə cani ölümdən xilas olur. Diyənin hökmləri mürəkkəbdir, bu barədə ətraflı məlumat almaq üçün mütləq şəriət kitablarına müraciət olunmalıdır.

V

Vəsiyy - İslam qanunlarına və milli adət - ən"ənərə əsasən, hər kəs, vəsiyyətlərini yerinə yetirmək üçün, ölümündən əvvəl bir nəfəri özünə canişin seçir. Bu adama "vəsiyy" deyilir. Mərhumun dəfnini təşkşl etmək, mirasını bölüşdürmək, vəsiyyətinin icrasına nəzarət etmək və s. məsələlər vəsiyyin öhdəsindədir.

E

ECAZ - hər hansı hərəkətin təkraredilməzliyini, başqalarının bu işi təkrar etməyə aciz olduqlarını bildirən ifadədir. Dini ədəbiyyatda "ecaz" kəlməsi adətən, Quranla bagl? islədilir. Allah?n ən boyuk mocuzələrindən sayılan Qurani-Kərim heç bir insan tərəfindən təkrar olunmayacaq dərəcədə dəqiq söz və məna gözəlliyinə malikdir. Quranda işlənmiş hərf və sözlərin təkrarı, kəlmələrin məna rəngarəngliyi, xüsusi ahəngdarlıqla növbələşməsi bu kitabın ecazını göstərən xüsusiyyətlərdəndir. Böyük İslam ədibləri, filoloq və təfsirçilər Qurani-Kərimin ecazı barədə xeyli dəyərli əsərlər yazmışlar.

Ehram - həcc zamanı hacıların geyindiyi xüsusi libas. Ehram iki ədəd tikişsiz, ağ parçadan ibarətdir. Hacılar bu parçaların birini çiyinlərinə salır, o birini isə bellərinə bağlayırlar.

Ehtiyat-lazim - ehtiyat-vacib

Ehtiyat-müstəhəb - ehtiyat olunması yaxşı, lakin vacib olmayan əməl

Ehtiyat-vacib - ehtiyat olunmasi vacib əməl. Harda bu söz gələrsə təqlid edən şəxs başqa Müctəhidin təqlidinə keçə bilər.(Ayətullah Zəncaninin müqəllidlərindən başqa)


Ə

Əcr - "savab" sözünün sinonimidir. Dini inanclara görə, insanın etdiyi hər bir xeyir əməl müqabilində Allah-təala ona əcr (savab) verir.

ƏZLAM - İslamdan əvvəlki cahilliyə dövrü ərəblərin məxsusi atributlarından biri. Bütpərəst ərəblər hər hansı bir işi görmək istəyərkən əvvəlcə oxlarla fala baxırdılar. "Əzlam" adlı bu fal oxlarının sayı adətən üç ədəd olurdu. Oxların birinin üstünə "Tanrı əmr edir", o birinin üstünə "Tanrı qadağan edir" yazırdılar. Üçüncü oxu isə yazısız buraxırdılar. Həmin oxlar mötəbər sayılan bütlərin qarşısına qoyulurdu. Fal üçün müraciət edən şəxsin özü, yaxud kahin oxları qarışdırıb arasından birini götürürdü. Əgər birinci ox çıxırdısa, nəzərdə tutulan işi yerinə yetirirdilər. Qadağan oxu çıxsaydı, həmin əməldən çəkinirdilər. Yazısız ox çıxdığı təqdirdə proses təzədən təkrar olunurdu. Qurani-Kərimdə cahiliyyə dövrünün bəzi ənənələri sırasında fal oxları da qadağan edilmişdir: "Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal oxları (əzlam) şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!" ("Maidə" surəsi, 90-cı ayə).

Əcanib - qeyriler, yadlar

Əcir - bir iş müqabilində mənfəət alan şəxs

Ə’dəl – daha ədalətli

Ədl - Gerçəkliyi xəlq edən Allah adildir. Bütün insanların haqqını özünə verir və heç kimin haqqını tapdamır. Səbəbsiz olaraq bəndələri arasında fərq qoymur. Ümumilikdə obyektiv gerçəkliyə müsavat (bərabərlik) deyil, ədalət hakimdir. Ədalətin icrasında insanların layiq olduqları yeri tutmaları şərtdir. Məsələn, sinifdə olan şagirdlərə bilik və ləyaqətlərinə uyğun şəkildə qiymət vermək ədalətli hesab olunur. Bunun əksi isə ədalətsizlikdir. Başqa sözlə desək, ədalətsizlik hər hansı bir insanı hüquqlarından məhrum etməkdir. Digər varlıqların Allah üzərində heç bir haqqı olmadığı üçün heç bir zülmdən söhbət gedə biməz. Prinsipcə, “zülm” acizlik, cahillik, vəzifəpərəstlik kimi hallardan qaynaqlanır. Allahın müqəddəs zatı (substansiyası) isə hər növ nöqsan və qüsurdan uzaqdır. O, alim və müdrikdir. Heç bir işi məsləhətsiz olaraq görmür. Varlıq aləminə verdiyi və ya aldığı hər şey bu və ya digər məsləhətin tələbilə olmuşdur. Bəzi şeylər bizə faydasız görünürsə, demək, bu bizim biliyimizin məhdudluğundan irəli gəlir. Bildiyimiz kimi, həkimin verdiyi resept, onun ehtiva etdiyi dərmanların hansı pereparatlardan və necə hazırlandığını, bizə hansı təsiri göstərəcəyini bilməməyimizə baxmayaraq, sağlamlığımızı təmin edir.
Əhkami-xəmsə – vacib, haram, müstəhəb, məkruh ve mübah əməllərin ümumi adı

Əhvət - ehtiyat

Ə’ləm - daha elmli

Əmvalul-möhtərəm - icazəsiz istifadə olunmayan əşyalar

Əqva - daha güclü

Əzhər – daha zahir

Əvr’ə - yalnız günahdan deyil, hətta şübhələrdən belə çəkinən insane

Əmr-be-məruf (əmr bil-məruf) - yaxşı işlərə dəvət
Ətqa - ən təqvalı

H

H ə dis - Həzrət Məhəmməd Peyğəmbərin (s) dilindən söylənilən kəlam. Cə"fəri məzhəbinə görə, on iki imamın dilindən rəvayət edilən hədislər də peyğəmbərin hədisləri qədər əhəmiyyətli sayılır. İslam tarixi boyunca on minlərlə hədisi əhatə edən iri hədis məcmuələri tərtib olunmuştdur.

H ə disi - q ü dsi - İlahi Peyğəmbərlər və ya canişinlərin Allah-Taaladan nəql etdikləri sözlərə deyilir. Hədisi-qüdsi ilə Quran arasında bir sıra fərqlər vardır. Məsələn, Qurandan fərqli olaraq Hədisi-qüdsi təhrifdən amanda deyil, onu namazda oxumaq olmaz, o, Cəbrayıl (ə) vasitəsilə nazil olmayıb, o, yalnız vəhylə nazil olmur və s. Hədisi-qüdsinin sayı barədə vahid nəzər yoxdur. İndiyədək həm Əhli-beyt (ə), həm də Əhli-sünnə məzhəblərinin alimləri Hədisi-qüdsi barədə ayrıca kitablar yazıblar. Onlar arasında aşağıdakıları qeyd etmək olar: “Əl- İttihafatus-səniyyə fil-əhadisil-qüdsiyyə” (Şeyx Əbdür- Rauf əl-Munadi), “Əl-Bəlağul-mubin fil-əhadisil-qüdsiyyə” (Seyyid Xələf əl-Hüveyzi), “Əl-Cəvahirus-səniyyə fil-əhadisil-qüdsiyyə” (Şeyx Hürr əl-Amili). Hədisi-qüdsinin misalı olaraq bu hədisi qeyd etmək olar: Peyğəmbər (s) deyib: “Allah-Taala buyurub:”Oruc Mənim üçündür və Mən özüm onun savabını verəcəyəm”.


Hidayət - lüğəti mənası “doğru yola yönəltmə”, “doğru yol göstərmədir. «Hidayət» kəlməsinə Qurani-Kərimin müxtəlif surələrində tez-tez rast gəlmək olar. Bu söz əsasən iki mənada işlənmişdir: təkvini və təşrii hidayət. Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olduğu nizam nəzərdə tutulur. Allah-Taala bütün yaradılışı müəyyən qanunlara uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti təkvini hidayətin misalıdır. Təşrii hidayət ilahi elçilər, səmavi kitablar vasitəsi ilə gerçəkləşir və insanların mənəvi təkamülünə səbəb olur. Bu halda, Allahın insanı hidayət etməsi üçün mütləq insanın özünün iradəsi olmalıdır.

Q

Qüsl - İslam ehkamına görə, paklanmanın bir növüdür. Müsəlman şəxs cinsi əlaqədən sonra, habelə qadınlar heyz və nifas hallarından sonra mütləq qüsl almalıdırlar. Boynuna qüsl gəlmiş şəxs əvvəlcə başını və boynunu, sonra bədəninin sağ tərəfini, axırda isə sol tərəfini su ilə yumalıdır.

QƏSIDƏ - klassik ədəbiyyatda şer formalar?ndan biri. Adətən, əruz vəznində yazılır. Quruluş etibarı ilə qəzəli xatırladan qəsidə həcminin böyüklüyü, dini-irfani məzmunu ilə bundan fərqlənir. Qəsidənin ilk beytinin misraları bir-biri ilə qafiyələnir. Sonrakı beytlərin ilk misralarının qafiyələri sərbəst buraxılır, ikinci misra isə ilk beytlə həmqafiyə şəklində yazılır. Qəsidələrdə adətən, Allah-təala, peyğəmbərlər, imamlar mədh olunur. Azərbaycan ədəbiyyatında Nəsimi, Füzuli, Xətai, S. Ə. Şirvani və başqalarının dərin məzmunlu qəsidələri çox məşhurdur.

Qəlil su – kür sudan az və yerdən qaynamayan su

İ

İ ctihad - İslam dininin əsas mənbələrini, yə"ni Qur"an, hədis və s.-yə müraciət edərək, onların əsasında şəriət hökmü vermək "ictihad" adlanır. İctihad etmək üçün mütləq bir sıra dini elmləri mükəmməl bilmək lazımdır.

İ CT İ NAB - "çəkinmək, uzaq qaçmaq" deməkdir. İslam əxlaqında adətən günahlardan çəkinməyə "ictinab" deyilir. Günah və haram işlərdən ictinab etmək insanın əxlaqını kamilləşdirir, onu dünya və axirət xoşbəxtliyinə yetirir.

İbnis-səbil - yol xərci qurtaran ya yol xərcini itirən müsafir, hətta öz vətənində imkanlı olsa belə

İcarə - mənfəət müqabilində başqasının mülkünə çevirilən qərardad, müqavilə
İctihad və təqlid – müsəlman öz dini vəzifələri barədə qərara gəlmək istədiyi yerlərdə kifayət qədər məlumatlı olmalı, kifayət qədər məlumatı olmadığı hallarda qərar qəbul edə bilmədiyindən yerinə yetirmək istədiyi işlərdə ya özü mütəxəssis olmalı, ya da mütəxəssislərdən soruşmalı və onların göstərişinə əsasən əməl etməlidir. Aydındır ki, bütün dini maariflərin kitabdan və sünnədən əldə edilib çıxarılması hər kəs üçün deyil, yalnız azsaylı bir dəstə üçün müyəssər ola bilər. Beləliklə, dini hökmləri dini mənbələrə istinadən əldə edənlərə müctəhid, onların əməlinə ictihad, müctəhidə müraciət edən şəxsə müqəllid, onun müraciət etmə işinə isə təqlid deyilir. Qeyd olunmalıdır ki, təqlid yalnız füru ud-dində (əməli İslamda) mümkündür. Əqidə məsələlərində təqlid etmək olmaz, bu cür məsələləri insan öz ağlı ilə dərk etməlidir.

İftar - orucu açmaq ya sındırmaq

İhdas – təsis etmek

İhraz - əldə etmək, qazanmaq

İhtilam - yuxuda cünub olan, qüsla düşən şəxs

ixfa – gizlətmək

İxfat - yavaş oxumaq

İ’lan - aşkar etmək

İmam – rəhbər

İmam-camaat - namazda iqtida olunan şəxs

İmrar maaş – ömrü keçirmək

imsak – cekinmek

İnas və zukur - oğlan və qızlar, kişi və qadınlar

İnqilab - dəyişmə, çönmə (fiqhi terminologiyada). Məsələn, şərabın sirkəyə çönməsi.

İntiqal - nəcis bir şeyin pak bir şeyə qarışmasıdır. Məsələn, insan qanının ağcaqanada keçməsi.

İnzal - məni xaric etmek (fiqhi terminologiyada)
İsar – “fədakarlıq, haqq uğrunda özündən keçmək” deməkdir. İnsan yaşadığı mühitdən, yönəldiyi əqidədən asılı olmayaraq fitrəti ilə başa düşür ki, müqəddəs hesab etdiyi şeylərin yolunda ölüm belə səadətdir. Baxmayaraq ki, din məntiqində bu məsələ başqa hər bir məntiqdən daha aydın, təsəvvür və xurafatdan uzaqdır. Çünki dinin göstərişi ilə öz dini cəmiyyətini müdafiə edərək canını fəda edən bir şəxs bilir ki, heç bir məhrumiyyətə düçar olmamış, özünün Allah yolunda fəda etdiyi bir neçə günlük həyatı vasitəsilə daha şirin, daha dəyərli və daha əbədi olan bir həyatı əldə etmişdir. Doğrudan da onun xoşbəxtliyi heç vaxt aradan getməz.İslamda şəhadət və Allah yolunda şəhid olmaq kimi müqəddəs bir iş və onun əzəməti heç bir saleh əməl vasitəsilə əldə oluna bilməz.
İstibra – özunu nəcasətdən təmiz saxlamaq (növləri və qaydaları haqda risalələrdə şərh verilib)

İstihazə – qadınlarda olan aylıq xəstəliklərdən biridir

İstihalə - nəcisin başqa bir şeydə həll olub getməsidir. Məsələn nəcis bir ağacın yanıb külə dönməsi.

İstirbah – mənfəət istəmək

İstilam - soruşmaq

İstifta - müctəhidin özündən soruşmaq

İstitaət - yol, fiziki durum və maliyyə baxımından Həcci yerinə yetirməyə imkanı olan şəxs

İstizhar - heyz olub-olmamasında şəkk edən qadın

İstimna - məninin xaric olmasına səbəb olan bir iş

İstiyla - qələbə

İşkallı - yerinə yetirilməsinə icazə verilməyən

İrtimas - qüsl üçün suya batmaq və ya dəstəmaz üçün üz və əlləri suya batırmaq

İyqa - bir tərəfli qerardada deyilir. Çəsələn, vəsiyyət və ya talağ

İztirar - çarəsizlik, məcburiyyət

K

Kəlmeyi-şəhadət - insanın müsəlmanlığını sübuta yetirən iki cümlə. "Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Mühammədən rəsulüllah" (Tərc: "Təsdiq edirəm ki, Allahdan başqa mə"bud yoxdur. Təsdiq edirəm ki, Məhəmməd (s) Allahın elçisidir, yə"ni peyğəmbərdir") cümlələrini deyən hər bir şəxs müsəlman sayılır və müsəlman icmasının bərabərhüquqlu üzvü hesab edilir. Qeyd: Cə"fəri məzhəbinə görə, kəlmeyi-şəhadətə aşağıdakı cümləni də əlavə etməyin çoxlu savabı vardır: "Əşhədu ənnə əliyyən vəliyullah" (Tərc: "Təsdiq edirəm ki, Əli (ə) Allahın dostudur"). Bir daha qeyd edilməlidir ki, bu cümləni demək vacib deyil, müstəhəbdir.

KƏRAMƏT - gözəl əxlaqı, elmi və ibadəti ilə seçilən müqəddəs həyata keçirə bildikləri fövqəladə əməllərə deyilir. Məsum şəxslərin (peyğəmbər və imamların) qeyri-adi hərəkətləri "möcüzə" adlandığı halda, qeyri-məsum şəxslərin belə hərəkətləri "kəramət" adlanır. İslam tarixində böyük ariflər, alimlər, seyyidlər Allah yanında uca məqama malik olduqlarına görə, xalqın ehtiyaclarını yerinə yetirmək üçün Allaha dua etmiş, Allah da onlara kəramət göstərmək qüdrəti vermişdir.

Kitab əhli, (Əhli-Kitab) - Qurandan qeyri kitab sahibi olan peyğəmbərlərin davamçıları, yəhudi ve masihi kimi

Kutubul-ərbəə - tərcümədə “dörd kitab” deməkdir. Dini termin olaraq dörd əsas hədis kitablarının toplumuna deyirlər. Buraya daxildir: “Əl-kafi” (16121 hədis, müəllifi Şeyx Məhəmməd ibn Yəqub Kuleyni), “Mən la yəhzuruhul-fəqih” (5920 hədis, müəllifi Şeyx Səduq), “Təhzibul-əhkam” (13590 hədis, müəllifi Şeyx Məhəmməd Tusi) və “Əl-istibsar fi muxtələfə minəl əxbar” (5511 hədis, müəllifi Şeyx Məhəmməd Tusi). Qeyd edək ki, bu topluma həmçinin “Əl-cəvamiul-əvvəliyyə”(“ilkin hədis topluları”) da deyilir.
Kür su - o sudur ki, bir qabın içinde olsun və onun çəkisi 377 - 480 kq dir(alimlərin nəzərlərindən asılı olaraq)

L

Laməkan - ərəb dilindən tərcüməsi "məkansız" denəkdir. İslam mənbələrində "laməkan" sözü - Allahın məşhur adlarından biri kimi xatırlanır. Allah-təala cism olmadığı və formadan məhrum olduğu üçün, məkan çərçivəsinə sığışmır bə buna görə də "laməkan" adlandırılır.

Ləhv alətləri – günah işlərdə və haram əyləncələrdə istifadə olunan musiqi alətləri

M

Münacat - Allaha müraciət şəklində deyilən şe"r və nəsr nümunəsi. Münacatın əsas məzmunu Allaha həmd, şükr və duadan ibarətdir. Duaların mətnində, habelə müsəlman ədəbiyyatında, o cümlədən Azərbaycan klassik ədəbiyyatında xeyli gözəl münacat nümunələri vardır.

MİNARƏ - müsəlman memarlıq elementlərindən biri, məscid kompleksinə aiddir. Məsciddə azan verən şəxs səsinin daha böyük ərazilərə yayılması üçün minarəyə qalxır və oradan azan verir. Minarələrin daxilində vintvari pilləkən və müəyyən yüksəklikdə minarəni dövrələyən eyvan (azançının dayanması üçün) qurulur. Milli ənənələrdən və memarlıq üslublarından asılı olaraq, müsəlman ölkələrində dairəvi, kvadrat, səkkizbucaqlı və s. formalı en kəsiyinə malik minarələr tikilir. Məkkə, Mədinə, Qahirə, Dəməşq, Bağdad, Kərbəla və İstambul kimi qədim şəhərlərindəki məscidlərin minarələri öz orijinallığı, ornamentlərin rəngarəngliyi, gözə yatımlı forması ilə diqqəti cəlb edir.

Mehrab – Məsciddə qiblənin tərəfində olan və imam camaatın namaz qılarkən durduğu yer

Minbər- Axund və imam camaatın xütbə edərkən durduğu pilləli kürsü

Məad – hərfi mənası “qayıdış” deməkdir. İslam dininin əsas sütunlarından biridir. Demək olar ki, bütün din və məzhəblərin insanları başlanğıc nöqtəyə (hər şeyin ilkin səbəbi olan Tanrıya doğru) dəvət etməsi daim məadla yanaşı olmuş və peyğəmbərlər bu dünyanın əbəs yerə yaranmadığını, ölümdən sonrakı həyatda gördüyü bütün işlər üçün insanın mühakimə olunacağını xatırlatmışlar. Qurani-Kərim bu haqda buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?" (Muminun, 115). Məad məsələsi təkcə nəqli (ənənəvi - Quran, hədis və s.) dəlillərlə deyil, həm də elmi, fəlsəfi - rasional yollarla isbat edilir. Bu mövzu ilə bağlı etiqadi kitablarda geniş müzakirələr aparılmışdır.
Muzaf su – bir şeydən alınma və ya qarışıq suya deyilir. Camaat arasında ona “su” deyilmir. Məsələn meyvə suyu,şərbət, gülab və s.

Məkruh – Haram olmayan, lakin əməl olunması dini baxımdan bəyənilməyən əməl

Müstəhəb - Ərəb sözüdür. Lüğəti mənası sevilən, bə- yənilən deməkdir. İslam şəriəti terminologiyasında vacib olmayıb, lakin görülməsi savab olan işlərə, əməllərə deyilir. Ümumiyyətlə İslam fiqhində bütün əməllər ehkam baxımından beş hissəyə bölünür. Bunlar vacib, haram, müstəhəb, məkruh və mübah əməllərdir. Vacib görülməsi zəruri olan əməllərə deyilir. Haram əməllərin isə, əksinə, görülməsi qadağandır. Məkruh əməllərin görülməsi isə qadağan olmasa da, bəyənilən deyil. Bu dörd kateqoriyanın heç birinə daxil olmayan və görülüb-görülməməsinin ehkam baxımından fərqi olmayan əməllərə mübah əməllər deyilir.

Mütləq su – heç nədən alınmamış və heç nə ilə qarışmamış sudur. Qrışmış olsa belə camaat arasında ona “su” deyilsə, mütləq su sayılır.

R

Rük"ət - şərti olaraq namazın bölündüyü hissələrə deyilir. Hər rük"ətdə mütləq qiraət (Qur"an surələrinin oxunuşu), rüku və iki səcdə olur. Sübh namazı iki rük"ət, məğrib namazı üç rük"ət, zöhr, əsr, və işa namazları isə dörd rük"ətdən ibarətdir.

N

Nübuvvət – “peyğəmbərlik” deməkdir. İslam mənbələrində (ayələr, rəvayətlər) insanın yaradılışının müxtəlif məqsədləri göstərilmişdir. Bütün bu məqsədləri özündə əks etdirən başlıca amal insanın İslamın göstərdiyi təlim-tərbiyə konsepsiyasına müvafiq olaraq təkmilləşməsidir. Yaddan çıxartmaq lazım deyil ki, Allahın sınaqları, onun nəticədən xəbərsizliyi deyil, əksinə, insan təbiətində mövcud olan (aktual) keyfiyyətləri bu yolla üzə çıxartmaqdır (potensiala çevirməkdir). Belə ki, sınaq insanın yaxşı və pis əməllər qarşılığında mühakimə ediləcəyindən xəbərdar olması üçün bir vasitə rolunu oynayır və onu bu “Vicdan məhkəməsi” qarşısındakı sınaq imtahanında qazandıqlarına təslim edir. Nəticə olaraq qeyd etməliyik ki, insan idrak və əməl vasitəsilə nail olduğu təkamül yoluna qədəm qoymuş və bu yolda davamlı olaraq irəliləməsi üçün doğru yol göstərən birisinə ehtiyaclıdır. Bu da ilahi peyğəmbərdir.

Nə"t - ədəbiyyatda Həzrət Məhəmməd Peyğəmbər (s) haqqında deyilmiş şe"r nümunələrinə "nə"t" deyilir. Nizami, Füzuli, S.ə.Şirvani kimi Azərbaycan şairlərinin dəyərli nə"tləri məşhurdur.

Ö

Övliya - "vəli" (yə"ni Allah dostu) sözünün cəmidir. Dini kitablarda yüksək əxlaqi məqama, "kəramət" adlanan xariqul-adə və qeyri-adi işlər görmək bacarığına malik olan şəxslər "övliya" adlandırılmışlar.

P

Peyğəmbər - fars dilindən tərcümədə “xəbər gətirən” deməkdir. Allahla bəndələr arasında rabitə yaratmaq, İlahi qanunları insanlara çatdırmaq vəzifəsi peyğəmbərlərin üzərinə düşür. Rəvayətlərə əsasən, Allah bəşəriyyətə 124 min nəfər günahsız peyğəmbər gön- dərmişdir ki, bunların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Məhəmməddir (s). İlahi peyğəmbərlərə iman gətirmək İslam dininin üçüncü sütunudur (nübuvvət). Peyğəmbərlər iki cür olurlar: bəziləri yeni şəriət gətirir (rəsul), bəziləri isə başqa peyğəmbərin şəriətini təbliğ edirlər (nəbi). Məsələn, Musa peyğəmbər (ə) rəsul olub, onun qardaşı və yardımçısı Harun peyğəmbər (ə) isə nəbi.

S

Səhabə - lüğətdə “dost” və “rəfiq” mənalarına malikdir. “Əshab” isə onun cəm formasıdır. Dini terminologi- yada isə müsəlman olan halda İslam Peyğəmbərini (s) görən və o həzrət (s) ilə birgə olan və habelə müsəlman halda vəfat edən şəxsə səhabə deyilir. Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) bir çox səhabəsi olmuş, amma onların hamısı eyni məqam və dərəcədə olmamışlar.

Sünnə və hədis - “Sünnə” ərəb sözü olub, lüğətdə “ənənə” və ya “bəyənilmiş yol” mənalarını daşıyır. Dini terminologiya baxımından isə «Sünnə» sözündən məqsəd, Həzrət Muhəmmədin (s) və onun məsum Əhli-Beytinin (ə) sözü və rəftarından, onlar tərəfindən təsdiq olunmuş əməllərdən ibarətdir. “Hədis” ərəb lüğəti baxımıdan “qədim bir şeyi əks etdirən söz, iş və hadisə”yə deyilir. Dini terminologiyada İslam Peyğəmbəri (s) və onun məsum Əhli-Beytinin (ə) sözü, rəftarı, onlar tərəfindən təsdiq olunmuş əməllər barədə nəql olunmuş kəlamlara deyilir. Bu termin bir cox vaxtlar səhabələrin də sözünə aid edilir. Hansı əməllərin Sünnə olub-olmaması hədislərdən məlum olur.

SIYRə - müsəlman tarixçiliyi janrlarından biri. İslam müqəddəslərinin həyatı, fəaliyyəti və davranışları haqqında məlumatlara, habelə bu mövzuda yazılmış kitablara "siyrə" deyilir. Daha dar mənada Həzrət Məhəmməd peyğəmbərin (s) həyatı haqqındakı kitablar "siyrə" adlanır. İbn İshaq, İbn Hişam, Hələbi və s. müəlliflər tərəfindən qələmə alınmış siyrə kitabları xüsusilə məşhurdur.

T

Tabein - İslam Peyğəmbərini (s) görməyən, lakin o həzrətin səhabələrini müsəlman olan halda görən və müsəlman halda da vəfat edən şəxslərə deyilir.

Təfsir – hərfi mənası “üstdən örtük götürmək”dir. Termin olaraq “təfsir” Quran ayələrinin şərhinə deyilir. Allah Təalanın Öz bəndələrinə lütf və mərhəməti olan Quran-i Kərimdə insanın Haqqa hidayəti üçün lazım olan hər bir şey var. Məlumdur ki, bütün bəşəriyyət üçün əbədi hidayət mənbəyi sayılan Quranda müxtəlif mühüm mətləblərə ümumi şəkildə yanaşılır. Digər tərəfdən hər bir insan İlahi Kitabı öz mənəvi və elmi səviyyəsinə uyğun başa düşür. Bütün bunlar isə insanlar arasında çaşqınlıqlara səbəb ola bilər. Quranın dini elmləri dərindən mənimsəmiş alimlər tərəfindən xüsusi izahına, yəni təfsirinə ehtiyac buradan doğur.

Tohid – Allahın təkliyi deməkdir. Dinimizin ilk və ən vacib sütunudur. Allahın təkliyinə etiqad İslamda sadəcə olaraq mühüm yer tutmur, Allahın təkliyinə etiqad İslamın özüdür. İstər nəzəri, istərsə də əməli İslam yalnız və yalnız vahid məbuda iman üzərində qurulub. Müsəlman hər əməlini yalnız vahid Allahın rizayəti üçün etməlidir. Eyni zamanda bütün ibadətlər Allahı tanımaq üçün vasitədir. Tohidin əksi olan şirkdir, yəni Allaha şərik qoşmaq. Şirk dinimizdə ən böyük və bağışlanmasına ümid olmayan yeganə günah sayılır.

TÜRBƏT - lüğəti mənada "torpaq" deməkdir. Adətən, İslam müqəddəslərinin məzarı üzərindən götürülmüş torpağa "türbət" deyilir. Dahi İmam Hüseynin (ə) dəfn olunduğu Kərbəla torpağı "turbət" adlanır. Türbətdən təbərrük məqsədilə istifadə edilir. Şiə məzhəbində namaz zamanı Kərbəla türbətindən düzəldilmiş möhürə səcdə etmək böyük savaba malikdir. Şəriət hökmlərinə görə, vəfat etmiş müsəlmanı dəfn edərkən yanağının altına və sinəsinə azacıq türbət tökmək savabdır. Türbətin bəzi şəfaverici xüsusiyyətləri də vardır. Tarixdə ağır xəstəliyə düçar olmuş şəxslərin türbət vasitəsilə sağalmaları haqqında çoxlu faktlar vardır.

U

Ulul-əzm - ərəbcə lüğəti mənası əzəmətli, əzəmət sahibi deməkdir. Ulul-əzm peyğəmbərlər dedikdə, İslam terminalogiyasında beş əsas peyğəmbər – Nuh, İbrahim, Musa, İsa və yaradılışın əşrəfi olan Muhəmməd (s) nəzərdə tutulur. Bu peyğəmbərlərdən hər biri özünəməxsus xüsusiyyətlərə görə digər peyğəmbərlərdən fərqlənir. Onları birləşdirən ümumi cəhətlər isə hər birinin ümumbəşəri dinlərin baniləri olması, insanlara yeni kitab və ilahi qanunlar gətirmələridir.

Umuri-hisbiyyə –yerinə yetirilməsinə şəriət sahibinin razı olduğu işlər. Məsələn, yetimlərə köməklik

Ü

Ücrətül-misl - oxşar icarə, biri müəyyənləşməmiş məbləğə iş görübsə, ona başqasının bu işi gördüyü məbləğ miqdarında əmək haqqı vermək.

Üsul ud-din – dinin kökləri deməkdir. Üsul ud-din İslamın beş təməl prinsipinin toplusudur. Bura Tohid (Allahın təkliyi), ədl (Allahın ədaləti), nübuvvət (peyğəmbərlərə iman), imamət (12 imamın vilayəti) və məad (Axirətə iman) daxildir. İslam alimlərinin fikrincə, Tohid, nübuvvət və məada etiqadı olan hər kəs müsəlman sayılır və əksinə, bu üç bənddən birini qəbul etməyən şəxs müsəlman deyil.

Üsuli-məzhəb - məzhəbin əsası ( imamət və ədl)

ÜCB - İslam əxlaqı terminlərindən biri, təvazönün ziddidir. Bir kəsin özünü hamıdan üstün tutmasına, başqalarını özündən əskik bilməsinə, özünün bütün nöqsanlarına göz yumub öz şəxsiyyətinə pərəstiş etməsinə "ucb" deyilir. İslam əxlaqının əsas mənbələri olan Quran ayələri və hədislər ücbü qətiyyətlə rədd edir. Ücb və təkəbbür insanı təkamül yolundan saxlayır, onu əxlaqi gözəlliklərdən məhrum edir, dünyagörüşünü məhdudlaşdırır, ətrafdakılarla münasibətini pisləşdirir, insanı dar və qapalı bir çərçivəyə salır.

Ümrə - Məkkə ziyarətinin bir növüdür. Həccdən fərqli olaraq, ümrə ziyarətini ilin müəyyən günlərində yerinə yerirmək vacib deyildir. İstənilən vaxt Məkkəyə getmiş şəxsin ziyarəti ümrə sayılır.

S

Salavat - dua növüdür. Həzrət Məhəmməd Peyğəmbərin (s) adı çəkildikdən sonra onun ruhuna həmişə salavat demək lazımdır. Salavatın mətni belədir: "Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd" (Tərc: "İlahi, Məhəmməd Peyğəmbərin (s) və onun nəslindən olanların ruhuna salam olsun!") Peyğəmbərin adı çəkilmədən salavat çevirməyin böyük səvabı vardır.
Təsbih (yaxud təsbeh) - lüğəti mə"nada tərcüməsi "müqəddəsləşdirmək, həmd etmək"dir. Allahı gözəl adlarla öymək, onun müqəddəs sifətlərini tə"rifləmək "təsbih" sayılır. Lakin termin kimi ""təsbih"" adı altında, sapa düzülmüş 33 yaxud 100 dənədən ibarət əşya nəzərdə tutulur. Təsbihin dənələri su ilə yoğrulub qurudulmuş torpaqdan (bu, adətən müqəddəs yerlərin torpağı olur), şüşədən, bə"zən isə qiymətli daşlardan ibarət olur. Təsbih çevirərkən adətən "zikr" adlı dualar oxunur. Elə təsbih çevirməyin məqsədi də 33 dəfə təkrarlanan zikrlərin sayını yadda saxlamaqdır.

Ş

Şəhid - cihadda həlak olmui şəxslərə deyilir. Qur"anda, habelə Peyğəmbərin və imamların hədislərində şəhidlərin yüksək məqamı, axirətdə onlara veriləcək mükafat haqqında çoxlu mə"lumat vardır.

G

Gülab - gül yağı ilə suyun qarışığı. Milli adət-ən"ənəyə əsasən, dini məclislərdə (xüsusilə yas yərlərində) gülab paylayırlar (məclisə gələnlərin ovcuna azacıq gülab tükürlər). Gülab alan şəxs isə ovcundakı gülabı üzünə sürtüb salavat çevirir.

F

Fitrə zəkatı - zəkatın bir növü olub, hər il ramazanın sonunda ödənilir. Hər bir müsəlman özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı olaraq adambaşına təqribən 3 kq. buğda (buğda əvəzinə arpa, xurma, kişmiş də ola bilər), yaxud bunun pulunu verməlidir. Fitrə zəkatı yeməyə ehtiyacı olan kasıb adamlara verilir.

FÜRQAN - tərcüməsi "fərq qoyan, bir-birindən ayıran" deməkdir. Qurani-Kərimin adlarından biri də "Fürqan"dır. Quran ayələrinin özündə Allah-təala bu səmavi kitabı həmin adla adlandırır. Qurani-Kərim haqla batili, yaxşı ilə pisi ayıran əsas meyar olduğu üçün ona bu ad verilmişdir. Çünki Quranın hökmlərinə əməl edən şəxs hər iki dünyada səadət əldə edir, bu hökmləri pozan adam isə ilahi əzaba düçar olur. Quranda buyurulur: "Aləmləri qorxutmaq üçün Fürqanı (yəni haqla batili ayıran kitabı) öz bəndəsinə endirən Allah nə qədər uca və uludur!" ("Furqan" surəsi, 1-ci ayədən).

Y

Yəzdan - zərdüşt dünündə "tanrı" deməkdir. Lakin fars dilində qəlqmə alınmış bə"zi İslam mənbələrində "yəzdan" sözü "Allah" mə"nasında işlənmişdir. Klassik Azərbaycan ədəbiyyatı nümunələrində (xüsusilə, Nəsimi və b.-nın yaradıcılığında) bu sözə tez-tez rast gəlinir.

X

Xatəmul-ənbiya - ərəb dilindən tərcümədə "peyğəmbərlərin möhrü" deməkdir. Peyğəmbərlərin sonuncusu olan Həzrət Məhəmməd (s) bu ləqəblə tanınır. Qədim dövrlərdə (s) yazıların lap sonuna möhür vurulardı. Buna görə də Həzrət Məhəmmədi (s) peyğəmbərlər siyahısının sonunda tamamlayıcı möhrə bənzədərək, ona bu ləqəbi vermişlər.

Z

ZƏRİH - müqəddəs şəxslərin qəbrini ətraf mühitdən ayıran maneəyə deyilir. Müsəlman aləminin müxtəlif nöqtələrində dəfn edilmiş şəxsiyyətlərin məzarı üstündə divarları taxta, dəmir, gümüş və yaxud qızıldan olan üstübağlı xırda otaq şəklində zərihlər qurulur. Mədinədə Həzrət Məhəmməd peyğəmbərin (s), Nəcəfdə İmam Əlinin (ə), Kərbəlada İmam Hüseynin (ə), Məşhəddə İmam Rzanın (ə) məzarları uzərində qurulmuş məhəccər şəkilli qızıl zərihlər müsəlman incəsənətinin şah əsərlərindən sayılır.

Ziyarət - Müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bə"zən dini şəxslərin görüşünə getmək də "ziyarət" adlanır.